Təmraz Tağıyev: “Şəhid və qazi ailələrinə diqqət və qayğı daim prioritet olub”
Nərimanov Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon sakini, Vətən müharibəsi qazisi Orxan Əsgərov Türkiyənin Konya şəhərində yerləşən tanınmış klinikalardan birinə növbəti əməliyyat üçün göndərilir. Bu barədə Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev məlumat verib.
Sədr bildirib ki, Vətən müharibəsi qazisi Orxan Əsgərovun
aldığı qəlpə yarası nəticəsində üz-çənə nahiyəsində əməliyyatların aparılmasına
ehtiyac yaranıb.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə qazi Orxan Əsgərov qısa
müddət ərzində 25 dəfə üz-çənə əməliyyatı keçirib və səhhətində xeyli irəliləyiş
əldə olunub. Lakin onun tam sağalması üçün növbəti əməliyyata ehtiyac var.
Bu prosesdə Heydər Əliyev Fondunun dəstəyini daim hiss
etdiklərini vurğulayan Təmraz Tağıyev bildirib ki, sonuncu əməliyyatdan sonra
qazinin sərbəst danışması və qida qəbulu ilə bağlı yaşadığı problemlər aradan
qaldırılıb.
Növbəti əməliyyata ehtiyac yarandığı üçün Orxan Əsgərov
yenidən Türkiyəyə göndərilir. Təmraz Tağıyev qeyd edib ki, qazinin Türkiyədə
olduğu müddətdə onun və ailəsinin sosial-məişət qayğıları bələdiyyənin diqqət mərkəzində
olub və bundan sonra da belə olacaq.
Sədr qazinin tezliklə tam sağalaraq normal həyat fəaliyyətini
davam etdirəcəyinə inandığını bildirib.
Təmraz Tağıyev qazinin növbəti əməliyyatının həyata keçirilməsində
Konya Böyükşəhər Bələdiyyəsinin sədri Uğur İbrahim Altayın xüsusi dəstəyini də
qeyd edib. Qazinin əvvəlki əməliyyatı da məhz Konya şəhərində həyata keçirilib.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Nərimanov bələdiyyəsinin
şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına
minnətdarlığını bildirən sədr qeyd edib ki, Vətən müharibəsində qazanılan Qələbə
Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi,
xalqımızın igid oğullarının qəhrəmanlığı nəticəsində əldə olunub.
Təmraz Tağıyev bildirib ki, bu günədək beş şəhid ailəsinin
üzvü Nərimanov bələdiyyəsində işlə təmin edilib, 31 şəhid və qazi ailəsinə
aylıq maddi dəstək göstərilir. Bununla yanaşı, yeddi şəhid ailəsinin övladına
aylıq təqaüd verilir.
Nərimanov bələdiyyəsi rayon sakini olan şəhid və qazi ailələrinin
sosial-məişət qayğılarını daim diqqət mərkəzində saxlayır. Məhz şəhid və qazi
ailələrinin təklifləri əsasında rayonun İ. Abisov, F. X. Xoyski, Z. Bünyadov,
Ş. Mustafayev və A. Nemətulla küçələrində cari təmir işləri həyata keçirilib.
Sədr qeyd edib ki, şəhid və qazi ailələrinə diqqət və qayğı göstərilməsi həm Nərimanov Rayon İcra Hakimiyyətinin, həm də Nərimanov bələdiyyəsinin fəaliyyətində hər zaman prioritet olub və bundan sonra da belə olacaq.
Rəylər
0 Rəy