Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-04-2024 , 10:57

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

İlqar Məmmədov: “Əldə etdiyimiz uğurlar kollektiv fəaliyyətimizin nəticəsidir”


Bələdiyyələri xəbərdar etmədən ziyarətə davam edirəm. Əlavə edim ki, son üç ay ərzində fəaliyyətləriylə  yaxından tanış olmaq üçün paytaxtın 32 bələdiyyəsində olub, müxtəlif səpgili görüşlər keçirmişəm. Onu da etiraf edim ki, fəaliyyəti məni qane edən bələdiyyələr barəsində fikirlərimi genişməzmunlu yazı materialı hazırlayaraq paylaşmışam. Bəzi görüşlər barəsində informasiya xarakterli məlumatlar paylaşsamda, fəaliyyəti qane etməyən, ziyarət zamanı qarşılaşdığım fors-major hallarının üstünlük təşkil etdiyi ziyarətlər barəsində hər hansı məlumatı belə paylaşmağa, qısası, əlim gəlmədi.

Ziyarətlər zamanı diqqətimdən yayınmayan bir çox mətləblərin şahidi oldum. Bəzi məqamlara şahidlik etməyimə sadəcə təəssüflənirəm. Yəqin ki, zamanı gələndə şahid olduğum məqamları qələmə alacağam. Nə isə. Mətləbdən uzaqlaşmayım.

***

Növbəti görüşüm Görədil Bələdiyyəsində oldu. Göradil Bələdiyyəsi son illərdəki  fəaliyyətiylə seçilənlər sırasında olub. Yəni, Abşeron rayonunda formalaşan 15 bələdiyyədən yalnız Xırdalan, Fatmayı, Mehdiabad və haqqında danışdığım Göradil bələdiyyəsi fəaliyyətiylə daim seçilib. Seçilənlərdən ilk olaraq bu bələdiyyəni seçməyim isə təsadüf idi. Həm də qeyd edim ki, Göradil Bələdiyyəsində sonuncu dəfə bir il əvvəl olmuşdum.  O vaxt sədr bələdiyyənin ciddi layihələr üzərində işlədiklərini demişdi. Həm kəndin işıqlandırılması, həm küçələrə asfalt vurulmasını, həm də digər layihələrin dövlət proqramına salındığını əlavə etmişdi. Bu proseslərə bələdiyyə də maliyyə imkanları çərçivəsində öz dəstəyini göstərəcəyini bildirmişdi.

Bu gün  isə bələdiyyənin inzibati binasında və ətraf ərazilərdə aparılan təmir işləri həqiqətən göz oxşayırdı. Bələdiyyə binasında isə hər kəs iş başında idi. Sədr İlqar Məmmədovu soruşuram. Ərazidə olduğunu dedilər. Həyətə çıxıb, inzibati binanı seyr edirəm, hətta ətrafa yaxın ərazidən keçən məhəllədaxili yoldakı təmizlik də diqqətimi çəkir. Çünki həmin ərazi ötən illərdə elə bir vəziyyətdə idi ki, sədrlə sonuncu  söhbətdə inzibati binanın yerinı dəyişmək fikrində  olduğunu demişdi. Bu gün həm binanın həyəti, həm də ətraf ərazi təmizliyi ilə diqqətimi çəkmişdi. Sədr gəlişiyilə məni sanki düşüncələrimdən ayırdı. Və söhbətə elə bu mövzudan başlayıram...

***

Söhbətimin maraqlı məqamlarını oxucularımla bölüşürəm:

Sədr qeyd edir ki, Abşeron rayonunda bələdiyyələr yarandığı gündən daxili yolların abadlaşdırılması, kommunikasiya xəttlərinin yenidən qurulması, yeni uşaq bağçası, məktəb, səhiyyə müəssisələrinin tikilməsi, köhnələrinin əsaslı təmir olunması, yeni istehsal sahələrinin yaradılması, iş yerlərinin açılması, ağac və bəzək kollarının əkilməsi, şəhid əlil və aztəminatlı ailələrə maddi yardım verilməsi sahəsində ciddi layihələr həyata keçirmişlər.

Ən maraqlı məqam   Göradil Bələdiyyəsinin büdcə gəlirləriylə bağlı oldu. Belə ki, bələdiyyənin ötən 2023-cü ildə gəlirləri 92.265 manat, xərcləri isə 90565,06 manat təşkil edib. Gəlirlərdən torpaq vergisi 10.992 manat, əmlak vergisi 29.374 manat, torpağın özgəninkiləşdirilməsindən daxil olan gəlir 49.929 manat, dövlət büdcəsindən ayrılmış dotasiya 1.970 manat olub.

Ötən illərlə müqayisə etdikdə  büdcə gəlirlərində əhəmiyyətli dərəcədə artım olduğunu görmək olar. Belə ki, 2019-cu ildə bələdiyyənin gəlirləri 19.953 manat təşkil etdiyi halda 2023-cü ildə bu rəqəm 92.265 manat olub. Bu isə ümumilikdə beş dəfəyədək artım deməkdir.

Görüşdə sədr həmçinin bələdiyyənin həyata keçirdiyi sosial layihələrə də toxundu. Sədr qeyd edib ki, Görədil kəndində həm I Qarabağ, həm də II Qarabağ müharibəsi zamanı  imkansız, aztəminatlı, qaziləri, müharibədə könüllü iştirak etmiş şəxsləri və şəhid  ailələrini daim diqqət mərkəzində saxlanılır.  2023-cü  ildə  Ramazan , Qurban və Novruz bayramında  şəhid, qazi, aztəminatlı ailəyə 65 nəfərə ərzaq yardımı verilib.  Ramazan ayında həssas qrupa aid ailələr üçün iftar süfrəsi təşkil edilib.

Əldə edilən maliyyə vəsaitiylə həmçinin kənd ərazisində məhəllədaxili yollarda bir sıra cari təmir işləri aparılıb. Kəndin Ağaəli Məşədioğlu küçəsi daxili imkanlar və kənd sakinlərinin köməkliyi sayəsində abadlaşdırılıb. Belə ki, həmin küçəyə 1220 kv.m asfalt örtüyü vurulub.

Bir neçə məhəllə daxili küçələrdə müəyyən cari təmir işləri aparılıb. Şəhid Cəbrayıl Dövlətzadənin adını daşıdığı küçəyə 1.000 kv.m daş qırıntısı tökülərək yayılıb. Bundan əlavə kəndin Heydər Əliyev küçəsində magistral yolun dağılmış hissələri bərpa edilib. Bundan əlavə kəndin İ.Yusifov küçəsində də cari asfalt təmiri işləri aparılmışdır. Kəndin Ş.Qurbanov və Ə.Əzimzadə küçələrinə 1800 kv.m hissəyə asfalt qırıntısı, F.X.Xoyski küçəsinə isə 700 kv.m karbonat tökülərək yayılıb. Kəndin Qabil küçəsində 300 kv.m asfalt işləri aparılıb.

***

Beləliklə, daha bir bələdiyyə sədriylə görüşum yekunlaşır. Sakinlərin vergilərin ödənilməsinə maraqlı olmamaları sədri narahat etdiyinin şahid oluruq. Bəzən vergi müfəttişləri dəfələrlə bir mənzilə gedir, hər dəfə ciddi söhbətlər aparır. Və çox çətinliklə vergilərin ödənişinə nail oluruq.

Hər halda kollektiv üzvləri ruhdan düşmürlər. Əldə etdiyimiz uğurlar kollektiv fəaliyyətimizin nəticəsi kimi qəbul edilə bilər.

Hər halda bələdiyyədə formalaşmış abu-hava Göradil Bələdiyyəsinin yaxın gələcəkdə daha böyük uğurlara imza atacağından xəbər verir. Bu isdə bizə bələdiyyə sədrinə və kollektivinə yalnız uğurlar arzulamaq qalır.

Vüqar Tofiqli

Belediyye.info