Anar İsmayılov: “Görülən tədbirlər vətəndaşların bələdiyyəyə olan etimadının artırılmasına xidmət edir”
“Mingəçevir bələdiyyəsində əmlak vergisinin yığılması istiqamətində həyata keçirilən tədbirlər və aparılan işlər nəticəsində son illərin müvafiq dövrləri ilə müqayisədə əhəmiyyətli artım əldə olunub”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Anar İsmayılov deyib.
Sədr qeyd
edib ki, 2024-cü ilin ilk 8 ayında Mingəçevir bələdiyyəsi üzrə 12.965 manat,
2025-ci ilin ilk 8 ayında 23.012 manat, 2026-cı ilin ilk 8 ayında isə 82.098
manat əmlak vergisi yığılıb.
Müvafiq
göstəricilərin müqayisəsi yığım dinamikasında nəzərə çarpacaq artımın olduğunu
göstərir. 2025-ci ilin ilk 8 ayında əmlak vergisi üzrə yığım 2024-cü ilin eyni
dövrü ilə müqayisədə 10.046 manat və ya 77,46 faiz artıb. 2026-cı ilin ilk 8
ayında isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə yığım 59.086 manat və ya
256,77 faiz artaraq 3,57 dəfə yüksəlib.
Beləliklə,
2026-cı ilin ilk 8 ayında əmlak vergisi üzrə yığım 2024-cü ilin eyni dövrü ilə
müqayisədə 69.132 manat və ya 533,38 faiz artaraq 6,33 dəfə çox olub.
Sədr deyib
ki, Mingəçevir bələdiyyəsi tərəfindən əmlak vergisi üzrə yığımın artırılması ilə
yanaşı, əsas diqqət vətəndaşların vergi öhdəliklərini könüllü və vaxtında yerinə
yetirməsinin təmin olunmasına yönəldilir. Bu baxımdan əmlak vergisinin mahiyyəti,
əhəmiyyəti və vaxtında ödənilməsinin vacibliyi barədə əhali arasında maarifləndirmə
işlərinin gücləndirilməsi mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilib.
Bu gün vətəndaşlara
yalnız vergi bildirişlərinin göndərilməsi kifayət deyil. Əmlak vergisi ödənişlərinin
bələdiyyənin fəaliyyətinin maliyyələşdirilməsindəki rolu, ödənişlərin vaxtında
həyata keçirilməsinin əhəmiyyəti barədə mütəmadi məlumatlandırma işlərinin
aparılması vətəndaşların vergi intizamının gücləndirilməsinə mühüm töhfə verə
bilər.
Əmlak
vergisi üzrə inzibati proseslərin daha səmərəli təşkili məqsədilə məlumat
bazalarının dəqiqliyinin və aktuallığının təmin edilməsi də diqqətdə
saxlanılır. Xüsusilə Dövlət Sosial Müdafiə Fondundan əldə olunan məlumatların bələdiyyənin
informasiya sistemi ilə daha səmərəli inteqrasiyasına ehtiyac olduğu
bildirilir.
Mövcud vəziyyətdə
bəzi hallarda vətəndaşlar pensiyaçı olduqlarını təsdiq edən müvafiq arayışı təqdim
edir, bəzi hallarda isə bu məlumatın bələdiyyədə artıq mövcud olduğunu düşünərək
sənəd təqdim etmirlər. Bu kimi hallar borcun icra və probasiya mərhələsinə yönəldilməsindən
sonra əlavə məsələlərin yaranmasına və xidmət prosesinin ləngiməsinə səbəb ola
bilir.
Bələdiyyə
tərəfindən qarşıya qoyulan əsas məqsədlərdən biri məcburi icra mexanizmlərinə
müraciətlərin artırılması deyil, vətəndaşlarda əmlak vergisini öz təşəbbüsləri
ilə və vaxtında ödəmək vərdişinin formalaşdırılmasıdır.
Bu istiqamətdə
digər mühüm təklif daşınmaz əmlakın alqı-satqısı zamanı əmlak vergisi üzrə
mövcud borcların nəzərə alınması ilə bağlı qanunvericilik mexanizminin təkmilləşdirilməsidir.
Hazırda
daşınmaz əmlakın alqı-satqısı zamanı kommunal ödənişlər üzrə borcların həlli ilə
bağlı mexanizmlərin mövcudluğu nəzərə alınaraq, əmlak vergisi üzrə borcların da
bu prosesə inteqrasiya edilməsi yığımın artırılmasına və borcların vaxtında ödənilməsinə
mühüm töhfə verə bilər.
Bu məqsədlə
“ASAN xidmət” mərkəzlərində bələdiyyə əmlak vergisi üzrə ayrıca xidmət pəncərəsinin
yaradılması və ya notariat, “ASAN xidmət” və bələdiyyənin informasiya sistemləri
arasında elektron inteqrasiyanın təmin edilməsi təklif edirik.
Belə bir
mexanizmin qanunvericiliklə müəyyən edilməsi daşınmaz əmlakın alqı-satqısı
zamanı mövcud əmlak vergisi borcunun operativ şəkildə müəyyənləşdirilməsinə və
ödənilməsinə imkan yarada bilər.
Anar İsmayılov
hesab edir ki, məlumat bazalarının təkmilləşdirilməsi,
aidiyyəti qurumlar arasında elektron məlumat mübadiləsinin genişləndirilməsi, əhali
arasında maarifləndirmə tədbirlərinin gücləndirilməsi və qanunvericilik
mexanizmlərinin təkmilləşdirilməsi əmlak vergisi üzrə yığımın daha da
artırılmasına şərait yarada bilər.
Görülən tədbirlər nəticə etibarilə vergi intizamının gücləndirilməsinə, borcların vaxtında ödənilməsinə, xidmət proseslərinin sürətləndirilməsinə və vətəndaşların bələdiyyəyə olan etimadının artırılmasına xidmət edir.
Belediyye.info
Rəylər
0 Rəy