Qanun qarşısında hamı bərabərdir! SƏDRDƏN SƏRT XƏBƏRDARLIQ
Ağcabədi Bələdiyyəsi olaraq bəyan edirik ki, yerli büdcə gəlirlərinin toplanması, vergi və rüsumların qanunauyğun şəkildə ödənilməsi hər bir sahibkarın və vətəndaşın dövlət qarşısında borcudur.
Lakin təəssüf hissi ilə bildiririk ki, bələdiyyəmiz tərəfindən
həyata keçirilən vergi yığımları prosesində bəzi iri sahibkarlar tərəfindən bələdiyyə
əməkdaşlarına və rəhbərliyinə qarşı qeyri-qanuni təzyiq göstərilməsi halları
müşahidə olunur.
Xüsusilə qeyd etmək istəyirik:
2019-cu ildən bu günədək heç bir maliyyə hesabatı təqdim
etməyən və vergi öhdəliklərindən yayınan subyektlərdən qanun çərçivəsində
hesabat tələb etmək bələdiyyənin vəzifə borcudur.
Sahibkarı "incitmək" bəhanəsi altında dövlət
büdcəsinə və yerli özünüidarəetmə orqanına ziyan vurmaq, hesabatlılıqdan
yayınmaq qəbulolunmazdır.
Şəxsi maraqlarını qorumaq üçün dövlət məmurlarına
qarşı şər və böhtan xarakterli kampaniyalara əl atan, hüquq-mühafizə orqanları
adından istifadə etməklə hədə gəlmək vasitəsilə bələdiyyəyə təzyiq göstərməyə
çalışan şəxslər bilməlidirlər ki, Azərbaycan Respublikasında qanunun aliliyi təmin
olunur.
Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, şəffaflıq
və intizam hər kəs üçün mütləqdir. Biz bələdiyyə olaraq heç bir qanunsuz
müdaxilədən və şantajdan çəkinmədən, dövlətimizin büdcəsini və bələdiyyəmizin
maraqlarını qorumağa davam edəcəyik.
Sakinlərimizin diqqətinə çatdırırıq ki, yığılan hər
bir manat vergi məhz Ağcabədinin abadlığı və sosial rifahı üçün xərclənir.
Qanundan yayınan deyil, qanuna tabe olan sahibkarlıq inkişaf etməlidir!
Hörmətlə,
İsmayıl Rəsulov.
Ağcabədi Bələdiyyəsinin sədri
Rəylər
0 Rəy