Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-11-2026 , 20:28

161

Son xəbərlər

Bütün xəbərlər

Zəfərin əbədi varisləri

Elmi-Praktik Məsələlər
07-11-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bu rayonda bələdiyyə gəlirlərinin artımına Türkan və Şüvəlan liderlik edir

Xəzər rayonunun bələdiyyələri cari ilin ilk on ayında maliyyə göstəricilərinə görə fərqli nəticələrlə yadda qalıb. Bir sıra bələdiyyələr gəlirlərini əhəmiyyətli dərəcədə artırdığı halda, bəzilərində artım daha mülayim olub, bir bələdiyyədə isə azalma qeydə alınıb. Ümumi mənzərə isə rayon üzrə yerli gəlirlərin artım istiqamətində olduğunu göstərir.

Hesabat dövrünün ən diqqətçəkən nəticəsi Türkan bələdiyyəsinə məxsusdur. Belə ki, ötən ilin ilk on ayında 50.706 manat maliyyə vəsaiti toplayan Türkan bələdiyyəsi cari ilin eyni dövründə bu məbləği 92.473 manata çatdırıb. Nəticədə gəlirlər 82 faiz artıb. Artım tempinə görə rayonun digər bələdiyyələrini geridə qoyan Türkan bələdiyyəsi hesabat dövrünün əsas müsbət göstəricisinə imza atıb.

Şüvəlan bələdiyyəsinin nəticəsi də xüsusi qeyd olunmalıdır. Ötən ilin müvafiq dövründə 138 116 manat təşkil edən gəlirlər bu il 234.171 manata yüksəlib. Beləliklə, bələdiyyə 70 faizlik artım əldə edib. Bu göstərici Şüvəlanı həm gəlirlərin artım sürətinə, həm də ümumi yığım həcminə görə rayonun qabaqcıl bələdiyyələrindən birinə çevirib.

Zirə bələdiyyəsi də müsbət dinamika nümayiş etdirib. Cari ilin on ayında 120.153 manat gəlir əldə edən bələdiyyənin göstəricisi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21 faiz yüksəlib. Mərdəkan və Binə bələdiyyələrində isə artım eyni səviyyədə – 10 faiz olub. Mərdəkan bələdiyyəsi 350 848 manat, Binə bələdiyyəsi isə 139 196 manat maliyyə vəsaiti toplayıb. Qala bələdiyyəsinin gəlirləri 106 433 manat təşkil etməklə əvvəlki ilin göstəricisini 2 faiz üstələyib.

Rayonun diqqətçəkən digər göstəricisi Buzovna bələdiyyəsi ilə bağlıdır. Belə ki, ötən ilin ilk on ayında 304.001 manat gəlir əldə edən bələdiyyənin cari ilin eyni dövründəki daxilolmaları 271.851 manat olub. Nəticədə 10 faizlik azalma baş verib. Bununla belə, Buzovna bələdiyyəsi gəlirlərin ümumi həcminə görə rayon üzrə ikinci mövqeyini qoruyub.

Ümumilikdə, 2026-cı ilin yanvar-oktyabr aylarında Xəzər rayonunun yeddi bələdiyyəsi 1 milyon 315 min 125 manat maliyyə vəsaiti əldə edib. 2025-ci ilin eyni dövründə isə bu məbləğ 1 milyon 140 min 856 manat olub. Deməli, bir il ərzində rayon bələdiyyələrinin ümumi gəlirləri 174 min 269 manat və ya 15,3 faiz artıb.

Maraqlı məqam ondan ibarətdir ki, gəlirlərin ümumi həcminə görə Mərdəkan bələdiyyəsi birinci yerdə olsa da, artım sürətinə görə Türkan və Şüvəlan bələdiyyələri xeyli irəlidədir. Bu isə bələdiyyələrin maliyyə göstəricilərini qiymətləndirərkən yalnız toplanmış vəsaitin məbləğinə deyil, əvvəlki dövrlə müqayisədə əldə olunan nəticələrə də diqqət yetirməyin vacibliyini göstərir.

Xəzər rayonunun bələdiyyələri üzrə formalaşan ümumi maliyyə mənzərəsi müsbət qiymətləndirilə bilər. Yeddi bələdiyyədən altısının gəlirlərini artırması, ümumi daxilolmaların isə 15 faizdən çox yüksəlməsi yerli büdcələrin gəlir bazasının genişləndiyini göstərir. Bununla yanaşı, Buzovna bələdiyyəsində qeydə alınan azalma da diqqətdən kənarda qalmamalıdır. Çünki ümumi artımın davamlılığı üçün bütün bələdiyyələr üzrə vergi yığımının sabitliyinin təmin edilməsi vacibdir.

İlin sonuna doğru əsas maraq doğuran məsələlərdən biri Türkan və Şüvəlan bələdiyyələrinin yüksək artım tempini qoruyub saxlaya bilməsi, digər tərəfdən isə Mərdəkan bələdiyyəsinin gəlirlərin həcminə görə liderliyini davam etdirməsidir. İlin yekunları Xəzər rayonunda bələdiyyələrin maliyyə imkanlarının hansı istiqamətdə dəyişdiyini daha aydın nümayiş etdirəcək.

P.S. Maliyyə rəqəmləri  ABMA-nın Bələdiyyələrin Rəqəmsallaşma və İnnovasiya Mərkəzi tərəfindən təqdim edilib

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Mətanət Nəsibovaya ağır itki


Bakı
15-09-2026
921