Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-11-2026 , 11:24

792

Son xəbərlər

Bütün xəbərlər

Zəfərin əbədi varisləri

Elmi-Praktik Məsələlər
07-11-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Anar Hüseynli: “Bir çox sahibkar və digər vergi ödəyiciləri yerli vergiləri vaxtında ödəməklə yaşadıqları ərazinin inkişafına öz töhfələrini verirlər”

Xəzər rayonu Zirə bələdiyyəsində bələdiyyə sədri Anar Hüseynlinin, vergi xidmətinin rəhbəri Nuranə Hüseynovanın və “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqlinin iştirakı ilə görüş keçirilib.

Görüşdə bələdiyyənin cari fəaliyyəti, qarşıya çıxan çətinliklər, mövcud problemlərin həlli yolları və gələcək fəaliyyətin daha səmərəli təşkili məsələləri müzakirə olunub. Xüsusilə vergi-uçot sisteminin təkmilləşdirilməsi, yerli büdcə gəlirlərinin artırılması, vergi ödəyiciləri ilə işin sistemli qurulması və vergi borclarının yığılması istiqamətində görüləcək tədbirlərə diqqət yetirilib.

Bildirilib ki, bələdiyyənin maliyyə imkanlarının genişləndirilməsi sosial və infrastruktur layihələrinin həyata keçirilməsi, ərazidə abadlıq işlərinin aparılması, eləcə də sakinlərin müraciətlərinin operativ həlli baxımından mühüm əhəmiyyət daşıyır.

Görüşdə çıxış edən Zirə bələdiyyəsinin sədri Anar Hüseynli həyata keçirilən layihələrə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən göstərilən dəstəyi müsbət qiymətləndirib. Qeyd edib ki, bu əməkdaşlıq yerli əhəmiyyətli məsələlərin həllinə və sakinlərin rifahının yaxşılaşdırılmasına mühüm töhfə verir.

Sədr vurğulayıb ki, bələdiyyənin məhdud insan və maliyyə resurslarına baxmayaraq, azsaylı kollektivi vətəndaş məmnunluğunun təmin olunması, sakinlərin gündəlik problemlərinin həlli və müraciətlərinə həssas yanaşılması istiqamətində səylə çalışır.

Yerli büdcə gəlirlərinin dinamikasına toxunan Anar Hüseynli vergi-uçot sisteminin təkmilləşdirilməsi, vergi ödəyiciləri arasında maarifləndirmə işlərinin aparılması və borcların ödənilməsi istiqamətində görülən tədbirlərin artıq müsbət nəticələr verdiyini bildirib.

Belə ki, 2026-cı ilin ilk 10 ayı ərzində Zirə bələdiyyəsinin vergi və digər büdcə daxilolmaları 132 031 manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə bu göstərici 107 990 manat olub. Beləliklə, daxilolmalarda 24 041 manat və ya təxminən 22,3 faiz artım qeydə alınıb.

2025 və 2026-cı illərin ilk 10 ayı üzrə daxilolmaların müqayisəsi aşağıdakı kimidir:

Əmlak vergisi: 2025-ci ildə 23 383,01 manat, 2026-cı ildə 31 773,52 manat;

Torpaq vergisi: 2025-ci ildə 75 848,48 manat, 2026-cı ildə 88 379,65 manat;

Sanksiyalar: 2025-ci ildə 2 129 manat, 2026-cı ildə 3 175,55 manat;

Stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödənişlər: 2025-ci ildə daxilolma qeydə alınmayıb, 2026-cı ildə 1 052 manat təşkil edib;

Bələdiyyə mülkiyyətinin icarəsinə görə ödəniş: hər iki ildə 6 600 manat;

İanələr: 2026-cı ildə 1 050 manat təşkil edib.

2026-cı ilin oktyabr ayı üzrə vergi daxilolmaları isə əmlak vergisi üzrə 2 868 manat, torpaq vergisi üzrə 5 094 manat, sanksiyalar üzrə 85 manat olmaqla, ümumilikdə 8 047 manat təşkil edib.

Anar Hüseynli əldə olunan müsbət dinamikanı vergi ödəyicilərinin uçotunun yaxşılaşdırılması, vergitutma bazasının dəqiqləşdirilməsi, borcların yığılması və vergi xidməti tərəfindən aparılan məqsədyönlü işlərin nəticəsi kimi qiymətləndirib. Bununla yanaşı, mövcud potensialdan daha səmərəli istifadə etməklə büdcə daxilolmalarının artırılması üçün əlavə tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

O bildirib ki, vergi xidməti həm vergi borcu olan şəxslərlə, həm də digər vergi ödəyiciləri ilə mütəmadi olaraq maarifləndirmə və izahat işləri aparır. Məqsəd yalnız vergi öhdəliklərinin yerinə yetirilməsinə nail olmaq deyil, həm də yerli vergilərin ödənilməsinin vətəndaş məsuliyyətinin mühüm tərkib hissəsi olduğunu ictimaiyyətə çatdırmaqdır.

Sədr təəssüflə qeyd edib ki, bəzi vergi ödəyiciləri qanunla müəyyən edilmiş öhdəliklərini vaxtında yerinə yetirməkdən yayınırlar. Halbuki bir çox sahibkar və digər vergi ödəyiciləri yerli vergiləri vaxtında ödəməklə yaşadıqları ərazinin inkişafına öz töhfələrini verirlər. Bu baxımdan hər kəsin üzərinə düşən öhdəliyə məsuliyyətlə yanaşması vacibdir.

Anar Hüseynli xüsusi olaraq vurğulayıb ki, bələdiyyə büdcəsinə daxil olan hər bir manat yerli əhəmiyyətli məsələlərin həllinə, qəsəbənin abadlaşdırılmasına və sakinlərin sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Buna görə də yerli vergilərin vaxtında və tam ödənilməsi yalnız qanuni maliyyə öhdəliyi deyil, həm də yaşadığımız qəsəbənin inkişafına verilən mühüm töhfə kimi qiymətləndirilməlidir.

Görüş zamanı Zirə bələdiyyəsinin sədri əmlak və torpaq vergisi üzrə yığımların artırılması, vergitutma bazasının dəqiqləşdirilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə bir sıra konkret təkliflər də irəli sürüb.

İlk növbədə, vəfat etmiş şəxslərin mülkiyyətində olmuş və miras qalmış daşınmaz əmlak və torpaq sahələri üzrə vergi öhdəliklərinin müəyyənləşdirilməsi məsələsinə diqqət çəkilib.

Anar Hüseynli bildirib ki, bu sahədə mövcud çətinliklərin aradan qaldırılması üçün vəfat etmiş mülkiyyətçilərin əmlakından faktiki istifadə edən vərəsələrin müəyyənləşdirilməsi, vərəsəlik hüququnun rəsmiləşdirilməsi, mirasdan imtina və faktiki istifadə halları nəzərə alınmaqla vergi öhdəliklərinin qanunvericiliyə uyğun müəyyən edilməsi mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac var.

Onun sözlərinə görə, bəzi hallarda daşınmaz əmlak və torpaq sahələri faktiki olaraq vərəsələr tərəfindən istifadə edilsə də, mülkiyyət hüququnun rəsmiləşdirilməməsi bələdiyyələrin vergi uçotu və öhdəliklərin müəyyənləşdirilməsi prosesində çətinliklər yaradır. Bu səbəbdən aidiyyəti dövlət qurumları ilə məlumat mübadiləsinin gücləndirilməsi və qanunvericiliyə uyğun mexanizmlərin hazırlanması vacibdir.

Sədrin irəli sürdüyü digər mühüm təklif investisiya təşviqi sənədi əsasında əmlak və torpaq vergisi üzrə güzəştlərdən yararlanan sahibkarlarla bağlı məlumatların elektron inteqrasiyasının yaradılması olub.

Qeyd edilib ki, investisiya təşviqi sənədi əsasında vergi güzəştlərindən istifadə edən sahibkarların hüquqmüəyyənedici sənədləri ilə daşınmaz əmlakın dövlət reyestri və kadastr məlumatları arasında elektron məlumat mübadiləsinin təşkili zəruridir.

Anar Hüseynli bu məqsədlə aidiyyəti dövlət qurumlarının informasiya sistemləri ilə bələdiyyələr arasında müvafiq elektron inteqrasiya mexanizminin yaradılmasını təklif edib. Belə bir sistem vasitəsilə vergi güzəştlərindən yararlanan sahibkarların mülkiyyətində olan daşınmaz əmlak, həmin əmlakların hüquqi statusu və dövlət reyestrindəki qeydiyyat məlumatları bələdiyyələrə elektron qaydada ötürülə bilər.

Sədrin fikrincə, bu mexanizm bələdiyyələrin vergitutma bazası barədə daha dolğun və aktual məlumat əldə etməsinə, vergi güzəştlərinin düzgün uçotunun aparılmasına və vergi inzibatçılığında şəffaflığın artırılmasına imkan verəcək.

O, həmçinin vurğulayıb ki, bələdiyyələrin öz ərazilərində yerləşən daşınmaz əmlakların hüquqi statusu və dövlət reyestrindəki məlumatlarla bağlı üzləşdikləri çətinliklər nəzərə alınaraq, aidiyyəti qurumlarla elektron məlumat mübadiləsinin genişləndirilməsi yerli özünüidarəetmənin maliyyə imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Anar Hüseynli irəli sürülən təkliflərin reallaşdırılmasının əmlak və torpaq vergisi ödəyicilərinin uçotunun yaxşılaşdırılmasına, vergitutma bazasının dəqiqləşdirilməsinə, vergi daxilolmalarının artırılmasına və yerli büdcə gəlirlərinin daha səmərəli formalaşdırılmasına xidmət edəcəyini bildirib.

Görüşdə bələdiyyənin qarşılaşdığı çətinliklərin aradan qaldırılmasında aidiyyəti dövlət qurumları ilə əməkdaşlığın əhəmiyyəti də vurğulanıb. Xüsusilə Xəzər Rayon İcra Hakimiyyətinin, Ədliyyə Nazirliyinin müvafiq qurumlarının və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasının (ABMA) əməkdaşları tərəfindən göstərilən dəstək yüksək qiymətləndirilib. Qeyd olunub ki, bu əməkdaşlıq yerli özünüidarəetmənin təkmilləşdirilməsi, bələdiyyələrin institusional imkanlarının gücləndirilməsi və mövcud problemlərin həlli baxımından mühüm rol oynayır.

Görüşdə iştirak edən “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli də müzakirə olunan məsələlərlə bağlı öz təklif və tövsiyələrini iştirakçıların diqqətinə çatdırıb.

Sonda bildirilib ki, Zirə bələdiyyəsi bundan sonra da yerli büdcə gəlirlərinin artırılması, vergi intizamının gücləndirilməsi, vergi ödəyiciləri ilə işin təkmilləşdirilməsi və sakinlərin müraciətlərinin operativ həlli istiqamətində fəaliyyətini davam etdirəcək.

Vurğulanıb ki, əsas məqsəd yalnız büdcə gəlirlərinin artırılması deyil, əldə olunan maliyyə imkanlarının qəsəbənin inkişafına, abadlıq və infrastruktur layihələrinin həyata keçirilməsinə, sakinlərin sosial rifahının yüksəldilməsinə və vətəndaş məmnunluğunun təmin olunmasına yönəldilməsidir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər