Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-10-2026 , 00:49

116

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Seymur Həsənov: “Badamdar bələdiyyəsinin əsas hədəfi büdcə gəlirlərini 700 min manata çatdırmaqdır”

Badamdar qəsəbəsində əmlak və torpaq sahələrinin uçotunun dəqiqləşdirilməsi, bələdiyyə büdcəsinə daxilolmaların artırılması və əldə olunan maliyyə vəsaitinin sakinləri narahat edən problemlərin həllinə yönəldilməsi istiqamətində işlər davam etdirilir. Hazırda büdcə gəlirlərinin artırılması ilə yanaşı, əmlakların qeydiyyatı və vergitutma bazasının genişləndirilməsi də əsas prioritetlər sırasındadır.

Səbail rayonu, Badamdar bələdiyyəsinin sədri Seymur Həsənov bildirib ki, Bələdiyyələrin Vahid İnformasiya Sisteminin (BVİS) imkanlarından istifadə olunması əmlak və torpaq sahələrinin uçotunun aparılmasında, mövcud məlumatların dəqiqləşdirilməsində və büdcə daxilolmalarının artırılmasında mühüm rol oynayır.

“Hazırda Badamdar qəsəbəsi üzrə 12.126 əmlak və 5.034 torpaq sahəsi ilə bağlı mülkiyyət məlumatları BVİS-də uçota alınıb. Bununla belə, 3 mindən artıq əmlakın çıxarışının olmaması həmin əmlakların qeydiyyata alınması prosesində müəyyən çətinliklər yaradır. Bu məsələ vergitutma bazasının tam formalaşdırılması və əmlakların hüquqi statusunun dəqiqləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Məqsədimiz mövcud imkanlardan maksimum istifadə etməklə uçotun əhatəliliyini artırmaq və qeydiyyatla bağlı problemlərin həllinə töhfə verməkdir”, – deyə Seymur Həsənov qeyd edib.

Bələdiyyə sədrinin sözlərinə görə, görülən işlərin nəticələri büdcə daxilolmalarının dinamikasında da özünü göstərir. Belə ki, ötən ilin ilk doqquz ayında bələdiyyə büdcəsinə 513 min manat vəsait daxil olduğu halda, cari ilin müvafiq dövründə bu göstərici 610 min manata çatıb. Beləliklə, büdcə gəlirləri 100 min manata yaxın və ya təxminən 19,3 faiz artıb.

Seymur Həsənov bildirib ki, əldə olunan nəticələr vergi xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi, əmlak və torpaq sahələri üzrə məlumatların sistemləşdirilməsi, eləcə də vergi və digər ödənişlərin uçotunun daha səmərəli təşkili ilə bağlı işlərin davam etdirilməsinin vacibliyini göstərir.

Mehmanxanalar üzrə daxilolmalarda da artım müşahidə olunur. Bu sahədən əldə edilən vəsaitin həcmi 2024-cü ildə 2.941 manat olduğu halda, 2025-ci ildə 11.675 manata yüksəlib. Cari ildə isə müvafiq göstərici 13.595 manat təşkil edib. Bu rəqəmlər mehmanxanalar üzrə daxilolmaların əvvəlki dövrlə müqayisədə artdığını göstərir. Bələdiyyə bu istiqamətdə uçotun təkmilləşdirilməsini və ödənişlərin düzgün hesablanmasına nəzarətin gücləndirilməsini vacib hesab edir.

Bələdiyyə sədrinin sözlərinə görə, qarşıya qoyulan əsas məqsədlərdən biri büdcə gəlirlərini 700 min manata çatdırmaqdır. Bu hədəfə nail olmaq üçün vergi xidmətinin fəaliyyətinin daha da təkmilləşdirilməsi, BVİS-in təqdim etdiyi imkanlardan səmərəli istifadə olunması, əmlak və torpaq sahələri üzrə məlumatların dəqiqləşdirilməsi, eləcə də büdcə daxilolmalarının artırılması istiqamətində tədbirlər davam etdirilir.

“Bizim üçün əsas məsələ yalnız büdcə gəlirlərini artırmaq deyil. Əldə olunan maliyyə vəsaitinin qəsəbənin inkişafına, sakinlərin müraciətlərində qaldırılan problemlərin həllinə və yerli əhəmiyyətli məsələlərin aradan qaldırılmasına yönəldilməsidir. Bələdiyyənin maliyyə imkanları nə qədər geniş olarsa, sakinlərin ehtiyaclarına uyğun layihələrin həyata keçirilməsi üçün də bir o qədər geniş imkan yaranar.

Hazırda büdcə daxilolmalarına görə ölkə üzrə formalaşmış bələdiyyələr arasında ön sıralarda yer almağımızı mühüm nəticə hesab edirik. Qarşımızda duran vəzifə bu mövqeyi qorumaq, maliyyə intizamını gücləndirmək və əldə olunan nəticələri davamlı etməkdir. İnanırıq ki, sistemli fəaliyyət, müasir informasiya texnologiyalarından düzgün istifadə və sakinlərlə əməkdaşlıq sayəsində qarşıya qoyduğumuz 700 min manatlıq büdcə gəliri hədəfinə nail ola biləcəyik”, – deyə Seymur Həsənov vurğulayıb.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər