Bu şəhərin bələdiyyə sədri də nümayəndə heyətinin tərkibdə yer alıb
Belarus Respublikasının Polotsk şəhərində keçirilən “Şəhər günü” tədbirlərində Mingəçevir şəhərinin nümayəndə heyəti iştirak edib. Polotsk Rayon İcraiyyə Komitəsinin sədri Vasili Şilovun dəvəti ilə həyata keçirilən səfərdə Mingəçevir şəhərini Şəhər İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri Fərid Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibində Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov və “Mingəçevir Tekstil” MMC-nin direktoru Əli Əsədov da yer alıblar.
Səfər çərçivəsində nümayəndə heyəti Polotsk şəhərinin rəhbərliyi
ilə görüş keçirərək şəhərlər arasında mövcud əməkdaşlıq əlaqələrinin inkişaf
perspektivlərini müzakirə edib. Görüşlər zamanı iqtisadiyyat, sənaye, kommunal
təsərrüfat, təhsil, mədəniyyət və digər sahələrdə qarşılıqlı təcrübə mübadiləsi
aparılıb, gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi həyata
keçirilib.
Nümayəndə heyəti həmçinin “Şəhər günü” münasibətilə təşkil
olunan rəsmi qəbulda, mədəni-kütləvi tədbirlərdə, sərgilərdə və bayram
proqramına daxil edilmiş digər tədbirlərdə iştirak edib. Səfər zamanı Polotsk şəhərinin
tarixi-mədəni irsi və sosial-iqtisadi inkişaf göstəriciləri ilə yaxından
tanışlıq imkanı əldə olunub.
Qeyd edək ki, Mingəçevir və Polotsk şəhərləri arasında qardaşlaşma və əməkdaşlıq münasibətləri uzun illərdir uğurla davam edir. Nümayəndə heyətinin bu səfəri iki şəhər arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, iqtisadi, humanitar və mədəni əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Rəylər
0 Rəy