Daşınmaz əmlakın dövlət reyestri və kadastrı vahid sistemdə birləşdiriləcək - FƏRMAN
Daşınmaz əmlakın dövlət reyestri və kadastrı vahid sistemdə birləşdirilir.
Pravda.az
xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət torpaq
kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” və “Daşınmaz əmlakın
dövlət reyestri haqqında” qanunlara edilən dəyişiklikdə əksini tapıb.
Qanunda
daşınmaz əmlakın dövlət reyestri və kadastrının vahid sistemdə birləşdirilməsi
və məlumatların vahid məntəqədən əldə edilməsinin və saxlanılmasının təmin
edilməsi nəzərdə tutulur. Təklif olunan dəyişikliyə əsasən, dövlət kadastrına
daxil edilməli olan məlumatların dairəsi və həmin məlumatların dövlət
kadastrına daxil olma əsasları konkretləşdirilir. Belə ki, Azərbaycan
Respublikasının dövlət sərhədləri, ərazi vahidlərinin, bələdiyyələrin və
yaşayış məntəqələrinin sərhədləri, torpaq sahəsinin kateqoriyası, təyinatı, ərazi
planlaşdırılması və zonalaşdırılmasına dair məlumatlar, infrastruktur obyektləri
və onların mühafizə zonaları barədə məlumatlar, Azərbaycan Respublikasının
daxili suları (çaylar, göllər və s.) və Xəzər dənizinin (gölünün) Azərbaycan
Respublikasına mənsub olan bölməsi və onların mühafizə zonalarına dair məlumatlar,
habelə daşınmaz əmlakın dövlət reyestrinin fəslinin məlumatları (üzərində
hüquqların qeydiyyata alındığı daşınmaz əmlaklar barədə məlumatlar) dövlət
kadastrına daxildir. Daşınmaz əmlak üzərində mülkiyyət hüquqları barədə məlumatlar,
hüquq sahibi (sahibləri), eləcə də mülkiyyət və digər əşya hüquqlarının məhdudlaşdırılması
barədə məlumatlar isə reyestr məlumatları kimi təsnif edilir. Daşınmaz əmlakın
dövlət reyestrinin əmlakın təsvirinə dair müvafiq fəslinin (I fəslin) məlumatları
ilə kadastr məlumatları birləşdirilərək informasiya sisteminin tamlığı prinsipi
əsas götürülüb. Bununla dövlət informasiya ehtiyatlarında saxlanılan məlumatlar
arasında ziddiyyətlərin tam olaraq aradan qaldırılması təmin ediləcək.
Eyni zamanda qanuna görə dövlət reyestri "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi vasitəsilə elektron üsulla aparılacaq.
https://static.president.az/upload/Files/2026/09/02/a5f858ebb310607d75ad36b97afb6b66_5042587.pdf
Rəylər
0 Rəy