Xətai Bələdiyyəsində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Xətai Rayon Xətai Bələdiyyəsində 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib.
Tədbir başlamazdan əvvəl Azərbaycan xalqının Ümummilli
Lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi
uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla
yad edilib.
Tədbiri giriş sözü ilə açan Xətai Bələdiyyəsi sədrinin köməkçisi
Rövşən Məmmədov Bələdiyyə sədri Elşad Vəliyevin adından kollektivi qarşıdan gələn
Zəfər Günü münasibətilə təbrik edib. O, çıxışında 8 Noyabrın Azərbaycan
tarixində sadəcə təqvim günü deyil, xalqımızın milli iradəsinin, sarsılmaz
birliyinin və dövlətçilik əzminin təntənəsi olduğunu vurğulayıb.
Qeyd olunub ki, Zəfər tarixi xalqımızın onilliklər ərzində qəlbində
yaşatdığı torpaq həsrətinin sona çatdığı, milli qürur və ləyaqətimizin bütün
dünyaya nümayiş etdirildiyi möhtəşəm bir səhifədir. Bu tarixi Qələbə Azərbaycan
Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli
siyasi iradəsi, uzaqgörən strategiyası, Azərbaycan Ordusunun qəhrəmanlığı və
xalqımızın həmrəyliyi sayəsində əldə olunub.
Daha sonra tədbirdə iştirak edən Bələdiyyə sədrinin müavini
Şahmar Əsədov, eləcə də bələdiyyə əməkdaşları Əliyar Əliyev, Elşən Nabatəliyev,
Natiq Sayadov, Həmid Həmidov, Nərminə Hacıyeva və Həsən Əliyev mövzu ətrafında
çıxış ediblər.
Çıxışlarda 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının
tarixinə qızıl hərflərlə yazıldığı, əldə olunan Zəfərin milli birliyimizin,
dövlətə sədaqətimizin və Vətən sevgimizin ən parlaq ifadəsi olduğu diqqətə
çatdırılıb. Bildirilib ki, bu Qələbə yalnız hərbi uğur deyil, həm də Azərbaycan
xalqının tarixi ədalətin bərpasına olan inamının və milli qürurunun təntənəsidir.
Natiqlər xüsusi olaraq vurğulayıblar ki, Zəfərin arxasında
dayanan ən böyük mənəvi güc Vətən uğrunda canından keçən şəhidlərimizin müqəddəs
fədakarlığı, qazilərimizin qəhrəmanlığı və xalqımızın sarsılmaz həmrəyliyidir.
Şəhidlərimizin bizə əmanət etdiyi Vətən torpağını qorumaq, dövlətimizin güclənməsinə
töhfə vermək və gələcək nəsillərə qalib Azərbaycanın tarixini çatdırmaq hər bir
vətəndaşın mənəvi borcudur.
Tədbirdə, həmçinin Zəfər Gününün gənc nəslin vətənpərvərlik
ruhunda tərbiyəsində, milli-mənəvi dəyərlərə bağlılığın möhkəmləndirilməsində və
dövlətçilik düşüncəsinin inkişafında mühüm əhəmiyyət daşıdığı qeyd edilib.
Bildirilib ki, bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən
biri qazanılmış tarixi nailiyyətləri qorumaq, ölkəmizin davamlı inkişafına töhfə
vermək və Zəfər ruhunu gündəlik fəaliyyətimizdə yaşatmaqdır. Yerli özünüidarəetmə
orqanı olaraq bələdiyyələrin də üzərinə düşən məsuliyyət yalnız inzibati vəzifələrin
icrası ilə məhdudlaşmır. Dövlətçilik dəyərlərinin təbliği, milli həmrəyliyin
gücləndirilməsi, şəhid ailələrinə və qazilərə diqqət və qayğının göstərilməsi
bu fəaliyyətin mühüm mənəvi istiqamətlərindəndir.
Səmimi və vətənpərvərlik ruhunda keçən tədbirin sonunda bir
daha vurğulanıb ki, 8 Noyabr Azərbaycan xalqının heç vaxt unudulmayacaq qəhrəmanlıq
salnaməsidir.
Zəfər bir xalqın yalnız qazandığı Qələbə deyil, həm də gələcəyinə
daşıdığı məsuliyyətdir. Bu gün biz qalib xalqın nümayəndələri kimi
azadlığımızın, suverenliyimizin və dövlətçiliyimizin qədrini bilməli, şəhidlərimizin
əziz xatirəsini daim uca tutmalıyıq.
Yaşasın müstəqil Azərbaycan!
Yaşasın Müzəffər Ali Baş Komandan!
Eşq olsun Azərbaycan Ordusuna!
Xətai bələdiyyəsi
Rəylər
0 Rəy