Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-02-2024 , 00:10

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

 Başlıca məqsədimiz  bizə səs vermiş seçicilərin etimadını doğrultmaqdır


(Ağdaş rayon Qaradağlı bələdiyyəsinin 2023-cü ilin yekununa dair

HESABATI)

 “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq, Ağdaş rayon Qaradağlı bələdiyyəsi 2023-cü ilin yekunu barədə hesabatı ictimaiyyətə çatdırır.

2023-cü il ərzində bələdiyyə 33 iclas keçirmişdir. İclasın gündəliyinə 60 məsələ salınıb, məsələlərlə bağlı müvafiq qərarlar verilib. İclaslarda müzakirə olunmuş məsələlərdən 8 ədədi mülkiyyətə torpaq sahələri ayrılması ilə 10 ədədi bələdiyyə qulluqçularının əmək haqlarının verilməsi, 11 ədədi vətəndaşların ərizə və şikyətlərinə baxılması, 6 ədədi digər idarə və təşkilatlardan daxil olmuş tövsiyə məktublarının müzakirəsi, 9 ədədi Hərrac komissiyası tərəfindən vətəndaşların adına verilmiş şəhadətnamələrin ləğv edilməsi , 16 ədədi təşkilati və digər məsələlərlə bağlı olub.

Vətəndaşların qəbulu və müraciətlər

Hesabat dövründə bələdiyyəyə 17 ədəd ərizə və 43 ədəd məktub daxil olub. Ərizələrdən 8 ədədi fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılması ilə, 6 ədədi maddi yardım istəməsi ilə bağlı, 1 ədədi pay torpaq sahəsinə mal-qaranın ziyanlıq vurması ilə bağlı,2 ədədi isə digər məsələlərlə bağlı olub.

Fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi almaq üçün müraciət edənlərdən 8 nəfərə torpaq sahəsi satılmış, 6 nəfərə maddi yardım göstərilmişdir. Bunlar: Malay kənd sakini Allahverdiyev Fərman Ziyad oğlu (həyat yoldaşı canavar hücumuna məruz qalib, yaralanmışdır), Mustafayev Tərlan Oruc oğlu (I Qarabağ müharibəsi əlili), Qaradağlı kənd sakinləri Süleymanova Ulduzə Çingiz qızı (həyat yoldaşı həbsdə, anası isə ağır xəstədir), Həmidov Ehtibar Vahid oğlu ( I Qarabağ müharibəsi veteranı), Əliyeva Reyhan Əlibaba qızı (II Qarabağ müharibəsi şəhidi Əliyev Cəlil  Qüdrət oğlunun anası), Cücük kənd sakini Abdullayev Rövşən Abdulla oğlu (I Qarabağ müharibəsi əlili) olmaqla cəmi 1050 (bir min əlli) manat maddi yardım bələdiyyə büdcəsindən ödənmişdir.  

1 nəfər pay torpaq sahəsinə vurulan ziyanla bağlı müraciət edən vətəndaşın sahəsinə baxış keçirilmiş və Ağdaş rayon Məhkəməsinə təqdim etmək üçün arayış verilmişdir.

Bundan başqa Qaradağlı və Malay kənd yollarının çınqıl daş və şebellə təmiri üçün bələdiyyə büdcəsindən 2000 (iki min) manat vəsait ayrılmış və yollar təmir edilmişdir. Suvarma arxları lildən təmizlənmiş və ehtiyac olan hissələr yenidən qazılmışdır.

Müvafiq dövrdə vətəndaşların şifahi qəbulları da təşkil olunmuşdur. 2023-cü il ərzində bələdiyyəyə 112 nəfər müxtəlif problemlərlə bağlı şifahi müraciət etmişdir. Bunların çox hissəsi pay torpaq sahəsinin ölçülməsi, kənd yollarının təmiri, kəndlərdə su və texnika çatışmazlığı ilə bağlı olmuşdur. Bələdiyyəmiz tərəfindən müraciət edən vətəndaşlara səlahiyyətimiz daxilində lazımi köməklik göstərilmiş, digər məsələlərlə bağlı müvafiq orqanlara yönəldilmişdir.

2023-cü il ərzində bələdiyyəmizə rəsmi orqanlardan 43 ədəd sənəd və məktub daxil olub. Onlardan 6 ədədi yerli İcra Hakimiyyəti orqanından, 35 ədədi Ədliyyə Nazirliyinin Göyçay Regional Ədliyyə İdarəsindən, 2 ədədi digər idarə və təşkilatlardan göndərilib. Göyçay Regional Ədliyyə İdarəsindən göndərilən tövsiyə, təlimat və məlumat xarakterli sənədlər, qanun və qaydalardan çıxarışlar müzakirə olunmuş və istifadə üçün qeydiyyata alınmışdır. Bələdiyyə tərəfindən qəbul edilmiş müvafiq aktlar qanunauyğun olaraq nəzarət qaydasında baxılması üçün Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə göndərilmişdir. Bələdiyyələrin fəailiyyətini gücləndirmək üçün lazım olan ən mühüm məsələlərlə bağlı tövsiyələr Bələdiyyələrlə İş Mərkəzi tərəfindən bələdiyyələrə göndərilmişdir. Bələdiyyələrin fəaliyyətində mühüm amil olan yerli vergilərin toplanmasında yaranan problemlərin də həllinə köməklik göstərilməsi məqsədi ilə seminarların keçirilməsi işimizə xeyli köməklik göstərmişdir.

Bələdiyyə büdcəsi

Gəlirlər

2023-cü il ərzində bələdiyyə gəlirləri 27.842.21 manat olub. Gəlirlər aşağıdakı mənbələrdən formalaşıb:

-        Fiziki şəxslərdən torpaq vergisi 4.831.71 manat

-        Fiziki şəxslərdən əmlak vergisi 1.144.69 manat

-        Bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən daxil olan gəlirlər 9.120 manat

-        Icarəyə verilmiş torpaq sahələrindən alınan icarə haqqı 9.799.56 manat

-        2023-cü ilin əvvəlinə qalıq 1.126.25 manat

-        Dotasiya    1.820  manat

Onu da qeyd edim ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu il bələdiyyə gəlirlərində 1.230 manat artım olmuşdur.

Xərclər

Hesabat dövründə bələdiyyənin xərcləri 26385.21 manat olub. Xərclərin istiqamətləri aşağıdakı kimidir:

-        əmək haqqı və onunla bağlı digər ödəmələr 13600 manat

-        əmək haqqına üstəlik (DSMF, işsizlik sığortası, icbari sığorta)    3442.98 manat

-        dəftərxana ləvazimatı, mal və materialın alınmasına 230 manat

-        telefon və kommunal xərclərinin ödənilməsinə 267 manat

-        mətbuata abunə xərclərinə 197.4 manat

-        Kənd yollarının təmiri 2000 manat

-        Maddi yardım 1050 manat

-        Onlayn xidmət haqqı 746.88 manat

-        Audit xidməti haqqı   1700 manat

-        sair xərclərə (Bələdiyyələrin Milli Assosiasiyasına üzvülük haqqı, reyester idarəsinə, Hərracların Təşkili Komitəsinə və s...) 3150.95 manat

 

Mülki dövriyyəyə cəlb olunan torpaq sahələri

2023-cü il ərzində 0.39 ha torpaq sahəsi həyətyanı məqsədi ilə biləvasitə və hərrac yolu ilə satılmışdır.

Tədbirlər

Ağdaş rayon Qaradağlı bələdiyyəsinin sədri müxtəlif yerli əhəmiyyətli tədbirlərdə iştirak etmişdir. Bunlara milli bayramlar, zəfər günü ilə bağlı tədbirlərin təşkili, narkomaniyaya qarşı gənclərin maarifləndirilməsi üçün təşkil olunan iclasları misal göstərmək olar. Bundan əlavə milli bayramımız Novruz bayramı ilə əlaqədar rayon mərkəzində keçirilən tədbirdə bələdiyyəmiz yaxından iştirak etmiş, bayram faytonu hazırlatmışdır. May ayında Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirdə, 26 iyun Silahlı qüvvələr gününə həsr olunmuş bayram tədbirində bələdiyyə sədri yaxından iştirak etmiş, hər iki tədbirin təşkilində köməklik göstərmişdir. 08 noyabr Zəfər günü münasibəti ilə, Yeni il və Həmrəylik günü münasibəti ilə tədbirlərin təşkilində fəal iştirak etmişdir.

Sonda qeyd etmək istəyirəm ki, fəaliyyətimizdə bir başlıca məqsəd var, o da bizə səs vermiş seçicilərin etimadını doğrultmaqdır. Məqsədimiz, məramımız ancaq kəndlərimizin abadlaşdırılmasına, seçicilərimizin sosial problemlərinin həll olunmasına, bizə müraciət edən vətəndaşlarımızın hər birinin müraciətini nəzərə alaraq onun təmin olunmasına xidmət göstərməkdir.

Əli Musayev 

Ağdaş rayon Qaradağlı bələdiyyəsinin sədri

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər