ÜÇ SUAL ÜÇ CAVAB -soruşun cavab verək
1. Bələdiyyələrin fəaliyyətinə
inzibati nəzarət dedikdə nə başa düşülür?
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan
Respublikası Qanununa əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət -
bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan
Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan
Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar
Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin təmin
olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının, onları
yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə həyata keçirilən
fəaliyyətdir və bu fəaliyyəti Ədliyyə Nazirliyi həyata keçirir.
2. İnzibati nəzarəti həyata
keçirən orqana mütləq təqdim olunan bələdiyyə aktları hansılardır və həmin
aktlar inzibati nəzarəti həyata keçirən orqana hansı müddətə göndərilməlidir?
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan
Respublikası Qanununun 6-cı maddəsinə əsasən inzibati nəzarətin həyata
keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri aşağıdakı
aktların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec
olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər:
- dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin istifadəsi barədə aktlar;
- bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata
keçirilməsi barədə aktlar;
- yerli vergilərin və ödənişlərin tətbiqi barədə
aktlar;
- yerli rəy sorğusunun nəticələrini əks etdirən qərarlar.
- bələdiyyələr üçün xərclər və maliyyə öhdəlikləri doğuran aktlar.
- bələdiyyələrin birləşməsi və ayrılması ilə bağlı keçirilmiş yığıncağın
(yığıncaqların) nəticələrinin rəsmiləşdirilməsinə dair qərarlar.
- qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı
bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və
tövsiyələrinin bələdiyyələrin iclaslarında müzakirəsi barədə qərarlar.
3. İnzibati nəzarət icraatının
başlanması üçün əsaslar hansılardır?
İnzibati nəzarət icraatının başlanması üçün əsaslar aşağıdakılardır:
- “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan
Respublikası Qanununun 6-cı maddəsində nəzərdə tutulmuş aktlar Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası
Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərarlarına (Naxçıvan Muxtar -Respublikasında isə həm də Naxçıvan Muxtar
Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin qərarlarına) zidd olduqda;
- hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər
vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin, yaxud dövlət
orqanının (qurumunun) müraciəti daxil olduqda.
Hazırladı: Şəlalə Həsənova
Lənkəran Regional Ədliyyə İdarəsinin məsləhətçisi I dərəcəli ədliyyə
qulluqçusu
Rəylər
0 Rəy