Bələdiyyə torpaqlarındakı sənədsiz evlərlə bağlı AMNİSTİYA – MÜSAHİBƏ
Milli Məclisdə bələdiyyələrin birləşməsi və ləğv
edilməsi ilə bağlı qanun layihəsi birinci oxunuşdan keçib. Layihəyə əsasən,
təşkili və ya yenidən təşkili nəticəsində əhalisinin sayı 3 min nəfərdən və ya
ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına
onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətləri
nəzərə alınmaqla yol veriləcək. Saylar göstərilən rəqəmlərdən az olarsa, həmin
bələdiyyələrin birləşdirilməsi gözlənilir. Mütəxəssislər isə hesab edirlər ki,
bələdiyyələrin mövcud problemləri bununla bitmir. Birləşmə ilə yanaşı, digər
vacib islahatlar da həyata keçirilməlidir. Həmin islahatların mahiyyəti,
bələdiyyələrin mövcud çətinlikləri və ondan çıxış yolları ilə bağlı məsələlərə
tarix üzrə fəlsəfə doktoru, Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri Fariz
Xəlilli Medianews.az vasitəsilə aydınlıq gətirib.
– Fariz müəllim, haqqında danışılan qanun layihəsi ilə
tanışsınız. Bələdiyyələrin birləşməsi təşəbbüsünə necə baxırsınız? Bu, nəyi
dəyişəcək?
– Əslində bələdiyyələrin birləşdirilməsi və
birləşdirmə əsasında onların səlahiyyətinin artırılması məsələsi bizim
tərəfimizdən də xoş qarşılanır. Bunun tarixi kökləri də var. Çünki hələ çar
Rusiyası dövründə, bizdə torpaq mülkiyyətçiliyi iki istiqamətdə idi. Bunun biri
rəiyyət, digəri rəncbər sistemi üzərində idi. Rəiyyət sistemi üzərində olan
kəndlərin daha çox torpağı vardı. Rəncbər olanlar isə ya bəy kəndliləri idi,
torpaqları yox idi, ya da dövlət kəndliləri idi. Sovet dövrünə gələndə bu
sistemi dəyişə bilmədilər. Ona görə də rəiyyət olanlar kolxoza çevrildi,
rəncbər olanlar isə sovxoz oldular, bu istiqamətdə inkişaf etdilər. Müstəqillik
illərində də bu tarixi gerçəklik nəzərə alınmadığı üçün yeni problemlərlə
qarşılaşıldı. Kolxozlar, yəni, əvvəl rəiyyət olanlar çox torpaq sahibi olan
kəndlər idi və bunlar həm də pay torpaqlarından başqa, bələdiyyə
mülkiyyətindəki ümumi istifadədə olan örüş və digər torpaqlar da istifadə edə
bildilər. Sovxozların isə torpağı olmadığından avtomatik problemləri ortaya
çıxdı. Ona görə də bu balans pozuldu. Bunu sovet dövründə bəzi sovxozların və
kolxozların birləşdirilməsi şəklində həyata keçirmişdilər. Nəticədə tarixən
rəncbər olan ərazilər rəiyyət olan kəndlərə birləşdirilmişdi. Beləcə bir torpaq
fondu əmələ gəlmişdi.
– Bəs indiki halda necə olmalıdır?
– Əlbəttə, bələdiyyələrin sayı çoxdur. Xüsusilə,
rəncbərdən gələn, yəni, kiçik kəndlər var ki, 50, 100, 150 evdən ibarətdir və
torpaq fondu da demək olar ki, yox səviyyəsindədir. Bu bələdiyyələr, əslində,
hansı şəkildə inkişaf edəcək, o bəlli deyil. Bu, kənd əhalisini əhatə edən
bələdiyyələrdir. Şəhər bələdiyyələrinin isə elə problemləri yoxdur. Çünki
onların böyük bir torpaq və əmlak fondu var və bu əmlak fondundan onlar
vergilərini və icarə ödənişlərini əldə edə bilirlər. Kəndlərdə də əmlakla bağlı
problemlər mövcuddur. Torpaqların çoxu kənd təsərrüfatı, əkin və ya örüş
təyinatlıdır, ancaq üzərində evlər tikilib. Həmin evlərin qeydiyyata alınması
problemdir. Bu səbəbdən bələdiyyələr orada xeyli vəsait itirir. Ona görə də
bələdiyyələrin birləşdirilməsi ilə yanaşı, yeni torpaq və əmlakla bağlı
islahatların reallaşmasına da ehtiyac var.
– Bu islahatın hansı formada olmasını düşünürsünüz?
– Baxın, qeyri-yaşayış obyektlərinin qeydiyyatı ilə
bağlı Azərbaycan Prezidentinin sərəncamı oldu.
2025-ci il yanvarın 1-dək
mülkiyyətçilər torpaqlarını və əmlaklarını rəsmi qeydiyyatdan keçirə bilərlər.
Bir növ onlara bir amnistiya verilmiş kimi oldu. Düzdür, orada əmlakların
qeydiyyata alınması ilə bağlı haqlar çoxdur, minimum 1000 manatdan başlayan
vəsaitdən söhbət gedir. Amma düşünürəm ki, ən azından bu artıq bir formatdır.
Qeyri-yaşayış obyektlərinin yerləşdikləri torpaq sahələri ilə bağlı işlər də asanlaşdırılıb.
Həmin sahələrin bələdiyyə, dövlət mülkiyyəti və ya xüsusi mülkiyyət olmasından
asılı olmayaraq, artıq xüsusi mülkiyyətə verilməsi baş nazir səviyyəsində həll
olunur. Məsələn, deyək ki, obyektin yerləşdiyi 10 sotun 1 sotu bələdiyyə
torpağına düşübsə, avtomatik onu xüsusi mülkiyyətə verə bilirlər. Tutaq ki,
idman kompleksi tikilib. Binanın bir metri dövlət mülkiyyətində olan torpağa
düşüb. Onu da yerində həll edib qaydasına qoymaq imkanları var. Düşünürəm ki,
bu, çox gözəl təşəbbüsdür və bəlkə də elə ilkin olaraq yoxlama məqsədilə
verilmiş bir qərardır. Bu, sonrakı mərhələdə yaşayış evlərinə və istənilən
mülkiyyətə tətbiq oluna bilər və böyük bir amnistiya elan oluna bilər. Yəni ki,
insanlar öz mülkiyyətlərini rahat şəkildə sənədləşdirməlidirlər. Çünki artıq
onlar faktiki olaraq mövcuddur, orada kommunal xidmətlərdən istifadə olunur,
digər ödənişləri edirlər. Lakin sənədsiz olduqları üçün bələdiyyələrin
ödənişlərini həyata keçirə bilmirlər. Artıq yaşayış sahələri ilə bağlı
amnistiya olmalıdır. Yəni, o evlər sökülə bilməz. Sadəcə indiki sərhədlər
dəqiqləşməlidir. Əslində, bələdiyyə torpaqlarında tikilən evlər, obyektlər heç
də özbaşına, səbəbsiz yerə tikilməyib. Məsələn, bizim Gəgəli bələdiyyəsinin
ərazisində əkin sahəsində yaşayış evlərinin düşməsinin səbəbi var. Həmin ərazi
hələ 2000-ci ilin əvvəllərində bələdiyyə tərəfindən ayrılıb ki, burada evlər
tikilsin, yaşayış massivi salınsın. Amma bu, rəsmiləşdirilməyib. Belə problemlər bir çox bələdiyyələrin ərazisində
mövcuddur. Məsələn, Qobustan şəhərinin yarısı, hətta Olimpiya kompleksi, icra
hakimiyyətinin binası belə kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilib. İndi
dövlət icra hakimiyyətinin binasını sökməyəcək. Ancaq bütün əmlaklara amnistiya
verilməlidir, başqa yolu yoxdur. Bələdiyyələrin də inkişafı oradan başlayacaq.
Buradakı problemlər torpaq və əmlakla bağlıdır. Mən düşünürəm ki, həyati
əhəmiyyətli bir qərar olacaq və bu, ölkəmizin də inkişafı üçün dönüş nöqtəsi
olacaq.
– Yeri gəlmişkən, torpaqların sərhədlərinin
müəyyənləşməsində də ciddi maneələr mövcuddur.
– Əslində dövlət bunu çox rahat və surətli şəkildə
həll edə bilər. Çünki bütün rıçaqlar, aidiyyəti qurumların əlindədir. Tutaq ki,
bələdiyyənin mülkiyyətində olan kəndin perspektiv inkişaf fonduna aid
torpaqları mövcuddur. İndi həmin torpağı əkin üçün fermerlərə vermək olar.
Ancaq bürokratik əngəllər buna imkan vermir. Mozdoka gedən qaz kəməri Gəgəli
bələdiyyəsinin ərazisindəki kəndin perspektiv inkişaf torpağın içərisindən
keçir. Biz həmin torpaqları vətəndaşların istifadəsinə verməyi
planlaşdırdığımız üçün öncə araşdırma apardıq. SOCAR-a və digər dövlət
qurumlarına müraciət etdik. Məlum oldu ki, həmin ərazidə evlərin tikilməsi çox
təhlükəlidir. Ona görə kəmərin keçdiyi ərazilərdə 350 metrlik mühafizə zolağı
müəyyən olundu və bunu dövlət özü rahat şəkildə ayırdı. Əslində, bu məsələlər
elektron xəritələşdirmədə nəzərə alınmışdı. Amma o xəritələr də illərdi üzə
çıxarılmır.
– Siz dəfələrlə bu məsələyə toxunmusuz. Niyə elektron
xəritələr hələ də bələdiyyələrə verilmir? Hansısa maneələr varmı?
– Əslində, bu vaxta qədər bələdiyyələrdə bir neçə
xəritə olub. Ancaq onlar o qədər də funksional deyil. Orada sadəcə kəndin,
bələdiyyənin sərhədləri göstərilib. Torpaqların təyinatı, qərarların verilməsi
üçün lazım olan digər informasiyalar verilməyib. Bu da işimizi çətinləşdirir.
Bunları dəqiqləşdirmək, mübahisəli məqamlarda aydınlıq gətirmək üçün Əmlak
Məsələləri Dövlət Xidmətinə müraciət etməli oluruq. Burada isə bütün xidmətlər
ödənişlidir. Son bir ildə isə xidmət haqları 7 dəfə bahalaşıb. Bu da həm
bələdiyyələrin, həm də vətəndaşların xərclərinə uyğun deyil. Elektron xəritəmiz
olsa, qərarları ona uyğun rahat şəkildə verə bilərik. Elektron xəritələri əldə
etmək üçün dəfələrlə İqtisadiyyat, Ədliyyə nazirliklərinə müraciət etmişik,
ancaq nəticəsiz qalıb. 2018-ci ilin
xəritəsini və bələdiyyə şəhadətnaməsini bizə Milli Məclisdən göndərdilər. Ancaq
elektron xəritənin olduğu yaddaş diskini vermədilər. Elektron xəritə deyilən
sənəddə isə heç nə yox idi. Sadəcə 2015-ci
ildəki xəritənin oxşarı idi, bəzi
rəngləri dəyişdirmişdilər. Buradan da
bir nəticə əldə edə bilmirik. Məsələn, bizdə olan xəritədə örüş sahəsi kimi
göstərilən torpaqlar iri sahibkarlara verilib. Adamların əlində həmin sahənin
əkin torpağı olmasına dair çıxarışı var. Bu nəyə əsasən verilib? Niyə xəritədə
görünmür? Suallar açıq qalır. Əgər vaxtilə hər hansı qərar olubsa, biz onu
müəyyən edə bilmirik. Hətta mən Əmlak Məsələləri Dövlət Xidmətində bir neçə
dəfə qəbulda olmuşam. Onlar mənə belə bir səbəb gətirdilər ki, guya
2007-2008-ci illərdə bələdiyyələrin torpağın təyinatını dəyişməklə bağlı
hüquqları olub və onun əsasında onlar da dəyişiblər. Amma bələdiyyələrin belə
bir səlahiyyəti heç vaxt olmayıb. Qanunvericiliyə əsasən, torpağın təyinatının
dəyişdirilməsi səlahiyyəti yalnız Nazirlər Kabinetinə məxsusdur. Biz 2021-ci
ildə fəaliyyətə başlayanda elektron xəritələrin veriləcəyini vəd etdilər. Artıq
2024-cü ilin aprel ayı çatıb, ancaq biz elektron xəritə adında heç nə
görməmişik və onun nə olduğunu bilmirik.
– Bəs elektron xəritələrin olmaması sizin işinizə necə
təsir edir?
– Elektron xəritələrin olmaması bələdiyyələrin işini
yarıtmaz bir vəziyyətdə saxlayır. Çünki biz torpaqların təyinatı, istifadəsi,
icarə haqlarının düzgün hesablanması və sairlə bağlı özümüz qərar verə
bilmirik. Çünki vətəndaşların, sahibkarların əllərində başqa çıxarışlar var.
Biz həmin sahənin örüş, yoxsa əkin sahəsi olduğuna dair xəritə üzərindəki
məlumatları görə bilmirik. Bəziləri vaxtilə böyük torpaqları əkin üçün
götürüblər, məsələn, 1000 hektar, 500 hektar, 300 hektar. Həmin şəxslər bu
torpaqlara görə əkin üçün subsidiya da alıblar. Amma bu ərazilərin təyinatı tam
dəqiqləşməyib. Biz istərdik ki, əgər torpağın təyinatı örüşdürsə, belə də
istifadə olunsun, deyilsə, başqa qərar verək. Vətəndaşlarımızın torpağa ehtiyacı
var. Məsələn, deyək ki, 1000 hektarlıq torpağı biz 50 hektar ayıraraq
heyvandarlıqla məşğul olan insanlara verib əlavə 20 sahibkar ortaya çıxara
bilərik. Yəni, prosesi inkişaf etdirə bilərlər. Onsuz da hazırda regionlarda
əkinlərin suvarılması ciddi bir problemdir. Həmin torpaqlar da vaxtında əkinə
yararlı olmadığı üçün örüş torpağı hesab olunublar. Ancaq indi həmin ərazilər
əkin üçün istifadə olunduğu üçün suvarılır, nəticədə böyük bir şoranlaşma
yaranır. Qida təhlükəsizliyi məsələsi önə çəkilirsə, heyvan mənşəli qidalar da
taxıl qədər önəmlidir. Digər tərəfdən, yerli əhalinin məşğulluq problemi də bir
qədər aradan qalxmış olar. Onların tarixən əsas məşğuliyyətləri heyvandarlıq
olubsa, indi o istiqamətdə də sahibkarlıq fəaliyyətlərini həyata keçirməlidirlər.
Elektron xəritələrin bələdiyyəyə gəlib
çıxmaması büdcəmizdən əlavə vəsaitlərin xərclənməsinə, işlərin ləngiməsinə,
torpaqlardan istifadə zamanı ortaya çıxan mübahisələrin həll edilməməsinə
gətirib çıxarır. Tutaq ki, vətəndaş öz torpağından istifadə zamanı yaxınlıqdan
keçən yolun sahəsinə daxil olub. Ancaq biz onu vətəndaşa sübut edə bilmirik.
Məsələ məhkəməyə qədər gedib çıxır. Orada nəyisə sübut etmək üçün Əmlak
Məsələləri Dövlət Xidmətindən sənəd almaq məcburiyyətində qalırıq. Ancaq
əlimizdə elektron xəritə olarsa, bütün xətləri, sərhədləri dəqiq görə və
yerindəcə qərar verə bilərik. Bunlar təkcə torpağın əkilib-biçilməsi və ya
məhsul götürülməsi ilə bağlı məsələlər deyil, həm də fövqəladə hallarda
problemlərə səbəb ola bilər. Əgər sahələrarası yollar itərsə, hansısa sahələrdə
yanğın baş verdikdə onun qarşısını almaq üçün texnika hərəkət edə bilməyəcək.
Ona görə də həm arxlar, həm də yollar
düzgün istifadə olunmalıdır. Bunun üçün sərhədlərin dəqiqləşməsində,
digər işlərin tənzimlənməsində elektron xəritələr olduqca vacibdir.
– Yığımlarla bağlı vəziyyət necədir? Elektron
xəritələrin olmaması bələdiyyələrə aid olan vergi və haqların toplanmasına da
təsir edirmi?
– Təəssüf ki, həmin xəritələrin olmaması yığımlara da
mənfi təsir edir. Ən böyük problemlər sahibkarlarla bağlıdır. Əvvəllər
bələdiyyə sədrləri özləri sahibkarlar olub, torpaqların çox hissəsini özləri
istifadə edib, oradan gəlir götürüblər. Ancaq bələdiyyəyə heç bir ödəniş
etməyiblər. Bu səbəbdən vətəndaşlardan da vergini toplamamağa üstünlük veriblər
ki, heç kimin səsi çıxmasın. Ancaq 2016-cı ildən sonrakı bələdiyyələrin
avtomatlaşdırılmış məlumat sistemi yaradılandan sonra vətəndaşların bütün
torpaqları sistemə işlənib. Bundan sonra heç bələdiyyə sədrindən və ya
bələdiyyənin öz işçilərindən də asılı olmadan bu sistem avtomatik olaraq
işləyir, borcları və faizləri hesablayıb göstərir. Vətəndaşlar bir də onda
ayılırlar ki, böyük məbləğdə vergi və icarə borcu əmələ gəlib. Bu onu göstərir
ki, indiyədək əmlak vergisi, ona hesablanan faizlər və digər ödənişlər barədə
vətəndaşlara məlumatlar verilməyib, izah olunmayıb. Artıq son illərdə biz bu
sahədə yerli sakinlər arasında maariflənmə işləri aparmışıq, yığımların
əhəmiyyətini izah edib bələdiyyə fəaliyyətinin mahiyyətini göstərməyə
çalışmışıq. Elektron sistemdə məlumatların yanlış daxil edilməsi nəticəsində
artıq məbləğlərin hesablandığının şahidi oluruq. Bu zaman admin mərkəz
vasitəsilə məsələnin vətəndaşın xeyrinə həll olunmasına nail ola bilirik. Ancaq
digər şəxslərin həmin sistemə müdaxilə etmək, nəyisə dəyişmək səlahiyyəti
yoxdur. Bundan əlavə, vətəndaşların bank vasitəsilə ödədiyi icarə haqqı
sistemdə görünmür. Çünki bələdiyyənin bank hesabına edilən ödənişlər hökumət
ödəniş portalına inteqrasiya olunmayıb. Eyni zamanda həmin ödənişlərin qəbulu
“Nağdsız hesablaşmalar haqqında” qanuna uyğunlaşdırılmayıb. Ona görə nağdsız
ödənişlərlə bağlı problem yaranırdı. Bu səbəbdən də iri şirkətlər və ya
sahibkarlar ödənişləri bələdiyyənin bank hesabına köçürürdülər. Sonradan biz
həmin məlumatları admin mərkəzə ötürüb onların vasitəsilə sistemə daxil
edirdik. Çünki Vergi Məcəlləsinin 59-cu maddəsinin tələbinə görə, hər
ödənilməyən günə görə 0,1 faiz hesablanıb borcun üzərinə əlavə olunur. Bu da
ilin sonunda ciddi rəqəmlərə gətirib çıxarır. Bunun qarşısını almaq üçün biz
vətəndaşlara ayrıca işləyirik, onları maarifləndirmə, hətta həvəsləndirmə ilə
məşğuluq.
– Borcların toplanmasında hansı çətinlikləriniz ortaya
çıxır?
– 2023-cü ilin yekunlarına görə, Gəgəli bələdiyyəsi
üzrə vətəndaşların borcları 30 min manatdan artıq olub. Mən düşünürəm ki, bu il
rəqəm 40 min manat ətrafında olmalıdır. Sahibkarlardan borcların alınması
nisbətən rahatdır. Hər hansı problem yaranan kimi avtomatik icra probasiya
şöbəsinə yönləndirib borcun alınmasına nail oluruq. Ancaq bu sahədə də ciddi
maneələrlə rastlaşırıq. Bizim bələdiyyədə 550-dən yuxarı ödəyici var. 2021-ci
ildə onlardan 30 nəfər vətəndaşdan borcun alınması ilə bağlı sənədləri icra
probasiya şöbəsinə yönəltmişik. Üstündən 3 il keçməsinə baxmayaraq, o
ödənişləri biz hələ də ala bilməmişik. Buna görə də sonrakı illərdə biz
borclarla bağlı icra probasiya şöbəsinə müraciət etmədik. Hələ də icra və
probasiya şöbəsi əvvəl göndərdiyimiz 30 vətəndaşın işlərinin öhdəsindən gələ
bilmir. Hətta bəzən aldıqları pulları bələdiyyənin hesabına köçürə bilmirlər,
depozit hesabında saxlayırlar. Biz dəfələrlə Ədliyyə Nazirliyinə, regional
mərkəzə müraciətlər etdik, ancaq doğru
informasiya ala bilmədik. Nəhayət, bu il mart ayının əvvəlində həmin
vəsaitin bir hissəsini – 450 manatı Gəgəli bələdiyyəsinin hesabına
köçürülməsinə nail olduq. Digər hissəsi isə hələ də qalır. Bu hallar
bələdiyyənin işinə mənfi təsir edir. İcra və probasiya şöbəsi 3 ilə 30
vətəndaşın ödənişlərini alıb bələdiyyəyə verə bilmirsə, deməli, orada da
problem var. Sənəd bizə gəlməyəndə biz vətəndaşın ödəniş məlumatlarını elektron
sistemə daxil edə bilmirik. Nəticədə onlara əlavə faizlər hesablanır. Bu da
ayrıca bir problemdir.
– Bəs ödənişlərin toplanması üçün alternativ addımlar
atırsınızmı?
– Bələdiyyə ərazisində hər məhəllənin öz problemi var.
Mən onlarla ayrıca görüşüb söhbət edirəm. Mövcud problemin həll olunması üçün
vəsait tələb olunduğunu izah edirəm. Onlara deyirəm ki, siz borcunuzu ödəyin,
biz işə başlayaq. Vətəndaşlar da bununla razılaşaraq ödənişi edirlər. Buna
cavab olaraq biz də məhəllənin probleminin aradan qaldırılmasına başlayırıq.
Bəzən isə özləri borclarını ödədikdən sonra bələdiyyəyə müraciət edirlər ki,
məsələn, bizim yolumuz düzəlsin. Təcrübə onu göstərir ki, vətəndaşları bələdiyyələrin
işinə cəlb etməyin əsas vasitəsi onların maarifləndirilməsidir.
– Sakinlərin əsas ehtiyaclarını öyrənmisiniz. Onların
təmin edilməsi istiqamətində hansı addımlar atılır?
– Sel suları nəticəsində kəndin əsas yolunda əvvəl
tikilən körpü yarasız hala düşmüşdü. Ötən il biz onun bərpasına nail olduq.
Doğrudur, həmin tikintiyə 70 min manata yaxın vəsait xərclədik. Ancaq uzun
müddətli istifadə üçün olduğundan bunu etməyə dəyərdi. Digər məsələ kənddə məişət tullantılarının idarə
olunması ilə bağlıdır. “Təmiz kənd” mərhələsini artıq yekunlaşdırmışıq. Növbəti
mərhələdə “sıfır tullantı” hədəfinə nail olmağa çalışırıq. Biz artıq evlərdən
tullantıların çeşidlənərək qəbul edilməsinə başlayırıq. 4 növ çeşidləmə edilir.
Bu mərhələni də keçə bilsək, böyük nailiyyət olacaq.
Selcan TÜRK
Qeyd: Müsahibə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusunda hazırlanıb.
https://medianews.az/
Rəylər
0 Rəy