Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-03-2024 , 10:21

1743

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyə idarəetməsindəki “yeniliklər”

Bu gün bələdiyyələrin üzləşdiyi problemlərdən biri də onun struktur olaraq idarəedilməsiylə bağlıdır. Təəssüf ki, bəzi hallarda bir sıra RİH məmurlarının bələdiyyənin idarəedilməsinə müdaxiləsi nəticə etibariylə həm də bələdiyyənin nüfüzuna kölgə salır.

Uzun illər boyu bələdiyyələrin fəaliyyətiylə bağlı apardığımız müşahidələr göstərir ki, son illər bəzi rayonlarda bələdiyyə sədri seçilsə də, onun səlahiyyətlərini açıq şəkildə başqa ya vəzifə sahibləri, ya da digər şəxslər idarə edir. “RJU” rəisləri, vaxtilə “JEK” müdiri olmuş şəxslərlə yanaşı, hətta ali təhsilli həyat yoldaşını və ya hansısa qohumunu sədr seçdirib özləri idarə edənlərdə az deyil.  Bu cür idarəetmə sistemi  qurulmuş bələdiyyələrin möhürü də bəzən özlərində deyil, icra hakimiyyətində, ya da icra nümayəndəliyində olması da artıq məqbul sayılır.

Bununla bağlı konkret olaraq Şəki və Abşeron rayonlarında maraqlı, hətta qeyri-adi idarəetmə sisteminin qurulduğunun şahidiyik.

Onu da əlavə edim ki, bələdiyyənin sədr və üzvləri yerində olduqları halda bu cür müdaxilələrə yer qalmır. Ən əsası bələdiyyə ərazisində sakinlər arasında öz nüfuzunu saxlamaqla, hətta müəyyən irəliləyişə nail ola bilirlər. İstər Bakı şəhərində, istərsə də elə Abşeron rayonunun özündə belə irəliləyişə nail olan kifayət qədər bələdiyyələr var. Nə isə...

***

Ötən il konkret olaraq layihə çərçivəsində dörd rayonda Oğuz, Şəki, Qax və Zaqatala rayon bələdiyyələrinin sədrlərinin iştirakıyla  ilə görüşlərimiz oldu. Bu görüşlərin təşklində həmin RİH-lərdəki məmurlar yaxından iştirak etdilər.  RİH məmurları iştirak etməklə yanaşı, həm də çıxış edib öz tövsiyələrini verməyi unutmadılar. Açıq etiraf edim ki, mən bu addımı onlardan gözləmirdim. Əlavə edim ki, həmin görüşlərdə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və regional ədliyyə idarəsinin rəsmiləri də yaxından iştirak etməklə, həm də bələdiyyə sədrlərini maraqlandıran  suallara da cavab verdilər. Yəni bir QHT sədri olaraq görüşlərin təşklindən və gedişindən razı qaldım. Hətta Qax Bələdiyyəsinin sədri Eyvaz Orucovun təşəbbüsü ilə RİH başçısı Musa Şəkiliyevlə görüşümüz oldu. İcra başçısı ilə görüşdən razı qalmağımın bir səbəbi də siyasi rəhbərin bələdiyyələrin fəaliyyətini yaxından izləməsi, inkişafına maraqlı olması və onların qarşılaşdığı problemlərin həllinə səy göstərməsi oldu.

Həmin görüşlərdə bir çox  bələdiyyə sədrlərinin, xüsusəndə Oğuz, Qax və Zaqatala bələdiyyəsinin sədrlərinin təşəbbüslə çıxış etməsi, sərbəst  şəkildə öz problemlərini dilə gətirməsi diqqətimdən qaçmadı. Ancaq təəssüf ki, belə aktiv bələdiyyə sədrləriylə yanaşı işinə qeyri ciddi-yanaşanlarda tapıldı.

Şəki Bələdiyyəsinin sədrinin  ozünün inzibati binasında keçirilən tədbirə qatılmaması, üstəlik bələdiyyənin çoxsaylı kollektivinin yalnız bir üzvünün tədbirin gedişi zamanı tədbirdə iştirak etməsi mənim üçün anlaşılmadı. Bələdiyyə sədri tədbirə bir saat qalmış binada görünsə də, hətta çıxışa belə hazır olduğunu desə də,  birdən-birə sanki qeybə çəkilməsi həm bizdə, həm tədbirdə iştirak edən rəsmi şəxslərdə təəccüb yaratdı. Sədrin və kollektiv üzvlərinin bu cür etinasız yanaşmalarına bu günədək izah tapa bilmirəm.  

Belə görünür ki, Şəki Bələdiyyəsi əvvəlki illərdən fərqli olaraq daha komfortlu binada fəaliyyət göstərsə də, əvvəlki illərdə formalaşmış çəkisini saxlaya bilməyib. Şəhər sakinləri ilə söhbətdən sonra bələdiyyənin idarəetməsində tətbiq edilən yenilikdən xəbərdar olduqlarını, ən əsası üçüncü mərtəbədə yerləşən bələdiyyənin binanın ikinci mərtəbəsindən idarə edildiyini dilə gətirmələrindən sonra daha təəccüblənməyə ehtiyac qalmadı.  Nə isə...

***

Xəbər verildiyi kimi, bu günlərdə Abşeron RİH-də daha bir “uğurlu” əməliyyat keçirilib.   Bu əməliyyat nə narkotiklə, nə də hansı dələduzluqla deyil, rüşvətlə bağlı olub. Bu eyni bir baş idarənin rayonda, daha doğrusu RİH-də, mən bilən, keçirdiyi üçüncü əməliyyatdır. Özü də sön üç il ərzində.

Əgər o idarənin əməkdaşları bir qədər də irəli  gedib digər otaqları da ziyarət etmiş olsaydı bəzi bələdiyyələrin möhürünü tapacağına heç təəccüblənməzdim. Niyə? Ona görə ki, rayonda bəzi bələdiyyələrin idarəetməsi elə səviyyədə təşkil edilib ki, sədr seçilən şəxsin hər hansı səlahiyyəti belə yoxdur. Hətta öz kreslosunda oturmaq üçün RİH “emissarın”dan icazə almalı olduğu deyilir.

Bu mövzu ilə əlaqəli müəyyən araşdırmalarımız var.

Onu əlavə edim ki, bu ənənə hələ sabiq xanım siyasi rəhbərin dövründən formalaşıb və ənənə bəzi məmurlara sərf etdiyindən onu yaşatmaq istəyində olublar. 

Maraqlıdır, Masazır, Qobu, Məhəmmədi, Hökməli və digər bələdiyyələrdə tətbiq edilən idarəetmə sistemi hansı təcrübəyə əsaslanıb. Bu cür  idarəetmə texnologiyasına beynəxalq təcrübədə rast gəlinirmi? Belə qeyri-adi və unikal idarəetmə tətbiq etməklə RİH rəsmiləri nəyə nail olmaq istəyir?  Və yaxud  RİH tərəfindən tətbiq edilən bu “yenilik”lər həmin bələdiyyələrin fəaliyyətinə nə kimi təsiri olub?

Və yaxud sual olunur məmurların bələdiyyələrə öz yaxınlarını işə qəbul etdirməsi nə qədər vaxtadək davam edəcək. Belə söylənilir ki, bu gün hər bir bələdiyyədə  siyasi rəhbərin, o cümlədən RİH məmurlarının hansısa yaxını bu və ya digər vəzifəyə təyinat alıb. Və ən əsası təyin edilən şəxslərin üzlərini bələdiyyələrdə görən olmayıb. Hər halda bu  məqam ehtimal olsa da həqiqətə daha yaxındır. Düşünürəm ki, müvafiq orqanlar bu yazıda qaldırlan məsələlərə öz münasibətlərini bildirəcəklər.

Nə isə...

***

Adları çəkilən bələdiyyənin sədrlərinə müraciət edərək qeyd etmək istərdim ki, hansısa məmurun əlində oyuncağa çevrilməyin, ayıbdır. Bu  itaətkar addımınızla həm də bütün sistemə kölgə salırsınız. Hansısa problemlə üz-üzə qalanda, o vəziyyətlə üz-üzə qoyanlardan heç kim sizi xilas etməyəcək.  Belə məqamda icra başçısını məhkəməyə verən Gəgəli bələdiyyəsinin təcrübəsindən yararlanmağa dəyər.

Yenə “nə isə”ni yazmaq məcburiyyətindəyəm.

***

Yekun olaraq əlavə edim ki, bütün hallarda sədr seçilən bələdiyyə üzvləri hər bir addımlarıyla bələdiyyə sisteminə işıq saçmaqla yanaşı təəssüf ki, kölgə də sala bilirlər.

Bu gün Səbail, Yasamal, Xətai, Nəsimi, Sabunçu Gəncə, Qax şəhər və rayonlarında icra-bələdiyyə münasibətləri təcrübəsi yayıla biləcək bir səviyyəyə çatsa da, bəzən bu cür məqamlar istənilən halda həm sakinlərdə, həm də bələdiyyə üzvlərində narahatlıq yaradır, habelə qarşıdan gələn seçkilərdə bələdiyyələrə olan inam və etibara ləkə salmış olur.

Güman edirəm ki, adları çəkilən rayonların siyasi rəhbərləri mövcud vəziyyətə aydnlıq gətirməklə bələdiyyələrdə yaratdıqları bu cür idarətetməyə son qoyacaqlar.        

Nəzərə alaq ki, bu  il seçki ilidir və birləşdirmə məsələsi də artıq gündəmdədir və yəqin ki, bələdiyyələri bir sıra yeniliklər gözləyir.

Belə olan halda bizə isə səbrlə gözləmək qalır.

Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Məmur məhkəmə zalında həbs edildi

Gündəlik Xəbərlər
19-12-2024
326

Bu həmdə ziyalıya verilən qiymətdir

Gündəlik Xəbərlər
05-12-2024
694