Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-02-2024 , 20:51

1824

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

"Birinci mərtəbələrdəki mənzillərin obyektə çevrilməsi, qanunsuzdur və binaların dözümlülüyünü azaldır"


Son zamanlar şəhərin müxtəlif ərazilərində, xüsusən də köhnə binalarda zirzəmilərin, birinci mərtəbə mənzillərin obyektə çevrilməsi halları baş verir. Baxırsan ki, illərlə mənzil olan bir yerin içində nəsə iş görürlər. Sabah qarşınızda böyük bir obyekt var. Bu proseslər zamanı yaradılan səs-küy, texnikanın fəaliyyəti bir kənara, həm də binaların dayanıqlılığı zəiflədilir. Axı bu binalar tikiləndə, onların layihəsi veriləndə kim düşünə bilərdi ki, 70 il sonra sütunları sökülüb obyektə çevriləcək? Həm də üzərində 5 və daha çox mərtəbəni saxlayan birinci mərtəbə və ya zirzəmi…

Görünən odur ki, Bakıda məmurların gözü ciblərindən başqa yeri görmür. Belə bir hadisə bir neçə gün əvvəl Bakının bu məsələlərlə bağlı daim qalmaqallı olan Nəsimi rayonunda baş verib. Qonşu binanın sakinləri baxıb görüblər ki, həyətlərində binanın birinci mərtəbəsinin pəncərəsini söküb, qapı ediblər. Bu azmış kimi böyük bir səki-pilləkən tikib, yolu da zəbt ediblər. Sakinlər hər yerə, elə bizim redaksiyamıza da müraciət ediblər. Bu şikayətçi sakinlərdən biri də, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqlidir.

Vüqar Tofiqli Bizimyol.info xəbər portalına açıqlamasında təkcə şikayətçi sakin kimi deyil, həm də məsələ haqqında məlumatlı olan bir ekspert kimi danışıb. Ekspert bildirib ki, "Bakının baş planı artıq təsdiq edilib. Müəyyən açıqlamalar var. Düzdür, baş planla bağlı çox geniş məlumat almaq mümkün olmasa da, belə güman etmək olar ki, son 20-30 il ərzində Bakı şəhərində heç bir plana sığmayan pərakəndə şəkildə atılan addımların yaratdığı problemlər həll ediləcək. Bakı şəhərində, xüsusən də Bakının mərkəz rayonlarında son vaxtlar heç bir qanuna söykənməyən addımlar atılır. Binaların birinci mərtəbələrinin obyektə çevrilməsi, bu qəbil addımlardandır".

Ekspertin fikrincə, binaların birinci mərtəbələrində olan mənzillərin obyektə çevrilməsi binaların konstruksiyasına uyğun olmayan şəkildə həyata keçirilir. Bu proses binaların möhkəmliyini, dözümlülüyünü azaltmış olur və digər vətəndaşları da təhlükə qarşısına qoymuş olur. Vüqar Tofiqli hesab edir ki, bəzi məmurlar buna göz yumurlar.

“Bu gün bu çox ciddi məsələdir. Tək bir strukturun bu prosesin qarşısın alınması qeyri-mümkündür. Kompleks şəkildə bu məsələlərin həlli vacibdir. Bizim yaşadığımız Azadlıq prospekti 91 saylı binaya bitişik 89-a ünvanında vətəndaş pəncərəni qapı edib, özünə obyekt etmək istəyir. Bununla bağlı vətəndaşlar ayağa qalxıb, müvafiq orqanlara rəsmi müraciətlər ünvanlanıb. Buna reaksiya veriləcək. Vətəndaşın özü də dərk etməlidir ki, mənzilini obyekt etməklə, pəncərəni qapı etməklə, ümumi istifadədə olan bir ərazini zəbt edir. Orada “çörək qazanmaq” istəyi nəticə etibarı ilə digər sakinlərin də narahatlığı hesabına olur. Bir söz var ki, “kiminsə bədbəxtliyi hesabına xoşbəxtlik qurmaq qeyri-mümkündür”. İndi bu vətəndaş sahibkarlıqla məşğul olmaq istəyəndə və yaxud da hər hansı bir məmur digər bir məmura şərait yaradıb, müəyyən məsələlərin həllinə yardımçı olursa, hər halda vətəndaşların da fikri nəzərə alınmalıdır. Burada da əsas məsələ prosesin qanuna uyğun şəkildə həyata keçirilməsidir”-deyən Vüqar Tofiqli bildirib ki, bu gün bu "vərdiş" Bakının Nəsimi rayonu ərazisində, mərkəz ərazilərdə çox geniş şəkildə vüsət alıb.

Ekspertin fikrincə, bu xüsusilə, pilot layihə çərçivəsinə düşmüş ərazilərdə, o cümlədən söküntü olacaq ərazilərdə çox geniş vüsət alıb. Müəyyən məmurlar bundan istifadə edərək, müəyyən maliyyə vəsaiti əsasında bu kimi hallara göz yumurlar.

Vüqar Tofiqli, maraqlı bir məqama da toxunub. Ekspert qeyd edib ki, söküntü aparılacaq bəzi ərazilərdə sözün əsl mənasında özbaşnalıq hökm sürür.

“Bu gün Bakının mərkəz küçələri var ki, burada ancaq birmərtəbəli binalar var. Bu gün bir mərtəbəli olan binaların üzərində ikinci mərtəbə inşa edirlər. Sabah söküntü aparacaq sahibkarlar da problemlə qarşılaşacaqlar. Yəni əlavə maliyyə xərci ilə üz-üzə qalacaqlar.

Bu proseslərə ciddi nəzarət olmalıdır”-deyən Vüqar Tofiqli hesab edir ki, bu problemin həllini bir qurumdan gözləmək düzgün olmazdı. Bu problemlərin həllinə kompleks şəkildə yanaşmaq lazımdır.

Ekspert bildirib ki, mərkəzi icra orqanları kompleks şəkildə bu proqram hazırlamalıdır.

“Artıq qanunsuz tikililərlə bağlı müəyyən addımlar atılır. Sənədi olmayan torpaq sahəsində inşa edilmiş hansısa bir əmlakın işıq, qaz xəttinin çəkilməsi qadağan edilib. Bu məsələlərdə də bir qadağa və nəsə bir addım atılmalı, bununla yanaşı əhali arasında da maarifləndirmə işi aparılmalı, o cümlədən də bu məsələlərə “göz yuman” və ya şərait yaradan məmurlar da ciddi cəzalandırımalıdır”-deyə Vüqar Tofiqli bildirib. Ekspert hesab edir ki, bu kimi qeyri-qanuni addımların atılması, bütövlükdə bu şəhərin görüntüsünə də xələl gətirir.

Vüqar Tofiqli qeyd edib ki, obyektə çevrilmiş olan mənzillərin bir çoxu artıq öz istismar müddətini başa çatdırıb və bu ərəfədədir. 50-80 il əvvəl tikilmiş binalardır. Bu binalar sovet dövrünün ilkin dövrlərində tikilmiş binalardır. Bu binaların dayanıqlılığını zəiflətmək birbaşa vətəndaşı təhlükə ilə üz-üzə qoymaq deməkdir. Bu səbəbdən də, hüquq mühafizə orqanları, mərkəzi icra orqanları bu məsələlərdə göz yummamalı və hərhansı bir maraq naminə vətəndaşı təhlükə ilə qarşı-qarşıya qoymamalıdırlar.

“Cənab prezident elan etdiyi kimi Azərbaycanda yeni dövr başlayır. Xalqı narahat edən problemlərin daha sürətli həllinə təkan veriləcək. Bu həlli vacib olan məsələlərdən biri də, məhz bu cür qanunsuz addımların atılmasının qarşısının alınmasıdır. Paralel olaraq sənədsiz və statusda olmayan mənzillərə hüquqi status verilməsi, yəni çıxarışların verilməsidir. Düşünürəm ki, bunlar kompleks şəkildə öz həllini tapmalıdır. Burada əsas məsələ vətəndaş məmnunluğunun təmin edilməsi məsələsi olmalıdır. Necə ki, daim cənab prezident bununla bağlı öz fikirlərini də deyir. Qeyd edir ki, “hər bir məmur xalqın xidmətçisidir” və məmurun da xalqın xidmətçisi olması üçün birinci növbədə xidmətini lazımi səviyyədə həyata keçirməlidir. Əgər məmur öz hərəkəti ilə vətəndaşa narahatlıq və təhlükə yaradırsa, sabah bir təhlükəli məqam gələndə sudan quru çıxmağa çalışacaqsa, belə bir məmurun o vəzifədə qalmasına ehtiyac yoxdur”-deyə Vüqar Tofiqli bildirib.

İradə Cəlil, Bizimyol.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Məmur məhkəmə zalında həbs edildi

Gündəlik Xəbərlər
19-12-2024
326

Bu həmdə ziyalıya verilən qiymətdir

Gündəlik Xəbərlər
05-12-2024
694