Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-01-2024 , 22:40

1759

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Əmlak Məsələləri Dövlət Xidməti  hesabat verdi

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 2023-cü ilin yekunlarına dair mətbuat konfransı keçirib

Ötən ildə özəlləşdirilmədən və icarədən dövlət büdcəsinə 147,3 milyon manat daxil olub. 2023-cü ildə 477 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. Dövlət Xidmətinin rəisi Mətin Eynullayev ötən il ərzində görülən işlər və 2024-cü il üçün nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Ölkəmizdə aparılan uğurlu iqtisadi islahatlardan danışan Mətin Eynullayev bildirib ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, daşınmaz əmlakın qeydiyyatı və kadastrı, torpaq idarəçiliyi və digər sahələrdə, həmçinin azad edilmiş ərazilərinin bərpası və quruculuğu ilə bağlı aidiyyəti tədbirlərin icrasına prioritet verilməklə müvafiq işlər görülüb. Ötən il ərzində Dövlət Xidməti tərəfindən mülkiyyət münasibətlərinin təkmilləşdirilməsi, xidmətlərin elektronlaşdırılması, şəffaflığın daha da artırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətlərində də tədbirlər davam etdirilib.

2023-cü ildə dövlət xidmətləri üzrə vətəndaşlardan, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərdən, bələdiyyələrdən, dövlət qurumlarından Xidmətə 1,2 milyon elektron müraciət daxil olub. Ümumilikdə isə, bu müddətdə daxil olan müraciətlərin sayı 3 milyona yaxındır.

Dövlət əmlakının özəlləşdirilməsində iştirak üçün yaradılan geniş imkanlar prosesin sürətlənməsinə və investisiyaların cəlb olunmasına istiqamətlənib. Hesabat dövrü ərzində 903 dövlət əmlakı özəlləşdirilib.

2023-ci ildə investisiya proqramının icrası davam edən özəlləşdirilmiş müəssisələr də daxil olmaqla, investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə 10,4 milyon manata yaxın investisiya qoyulub, dövlət büdcəsinə 12,2 milyon manat ödənilib və həmin müəssisələrdə 221 yeni iş yeri yaradılıb.

Ötən ildə özəlləşdirilmədən dövlət büdcəsinə 115,9 milyon manat daxil olub, büdcə proqnozunun icrası 105,4 faiz təmin edilib.

Dövlət əmlakının icarəyə verilməsi sahəsində də yüksək nəticələrə nail olunub. Belə ki, 2023-cü il ərzində 3572 yeni icarə müqaviləsi bağlanılıb ki, bunun 857-si qeyri-yaşayış, 2715-i isə torpaq sahəsinə aiddir. Daşınmaz dövlət əmlakının icarəsindən ötən il dövlət büdcəsinə daxilolmalar 31,3 milyon manat təşkil edib. Bu, 2022-ci illə müqayisədə 6,4 milyon manat və ya 26% çoxdur.

Mətbuat konfransında daşınmaz əmlakın qeydiyyatı, bu sahədə prosedurların sadələşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə də məlumat verilib. Vurğulanıb ki, hazırda dövlət başçısının “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli Fərmanının icrası davam etdirilir. Bu Fərman özbaşına inşa edilmiş qeyri-yaşayış binaları ilə bağlı problemin həlli istiqamətində atılmış mühüm addımdır. Fərmanın icrasına başlanıldığı dövrdən indiyədək 3945 yerqurluşu planı hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. İstismara icazə sənədi alınmış 163 qeyri-yaşayış obyektinə dövlət reyestrindən çıxarış verilib.

 Azərbaycan Respublikası Prezidentinin “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli Fərmanına uyğun olaraq, bu günədək 45.589 ailə çıxarışla təmin olunub. Dövlət başçısının “Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında“ 7 aprel 2022-ci il tarixli Fərmanının icrası istiqamətində də işlər aparılır. Belə ki, artıq 2684 daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb.

Ümumilikdə, ötən illərlə müqayisədə 2023-cü ildə ölkə üzrə daşınmaz əmlakın qeydiyyatı sahəsində ən yüksək göstərici qeydə alınıb. Belə ki, 2023-cü ildə 477 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb ki, bu da 2022-ci illə müqayisədə 25% çoxdur.

Qeyd edilib ki, özəlləşdirilmə və dövlət əmlakının idarəedilməsi, daşınmaz əmlakın kadastrı və hüquqların dövlət qeydiyyatı sahələrində həyata keçirilən islahatlar və müasir çağırışlara uyğun müəyyənləşdirilən strateji hədəflər qanunverciliyin təkmilləşdirilməsi zərurətini yaradıb.

Hazırlanmış “Daşınmaz əmlakın vahid dövlət kadastrı və reyestri haqqında” qanun layihəsində daşınmaz əmlakın kadastrı və daşınmaz əmlakın reyestrinin vahid informasiya sistemində birləşdirilməsi, sənədlərin qəbulu və verilməsinin tam elektronlaşdırılması, daşınmaz əmlaka dair vahid texniki sənədin - kadastr pasportunun tətbiqi və sair məsələlər əksini tapır. 

Özəlləşdirilmə və dövlət əmlakının idarəedilməsi ilə bağlı qanun layihəsində isə yeni özəlləşdirmə üsullarından istifadə, dövlət-özəl tərəfdaşlığı modellərinin özəlləşdirmə prosesində tətbiqi, potensial alıcıların dairəsinin genişləndirilməsi, borc problemi tənzimlənməklə müəssisələrin investorlara təklif olunması kimi proqressiv müddəalar daxil edilib, özəlləşdirməqabağı sağlamlaşdırma və özəlləşdirmədən sonra dəstəkləmə məsələlərinə daha geniş yer ayrılıb.

KİV nümayəndələrinə işğaldan azad edilmiş ərazilərdə görülmüş işlər barəsində də məlumat verilib. Bildirilib ki, 2023-cü il ərzində 419 min hektar ərazidə yer quruluşu işləri, 452 min hektar ərazidə çöl torpaq tədqiqatları, 212 min hektar ərazidə çöl geobotaniki tədqiqatları aparılıb. Məlumatların etibarlı və mərkəzləşdirilmiş elektron mühitdə toplanması məqsədilə yaradılan Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminə yeni funksionallıqlar əlavə edilib. Hazırda 36 dövlət qurumu sistemə qoşulub.

Tədbirin sonunda KİV nümayəndələrinin sualları cavablandırılıb.

https://emlak.gov.az/az/news/view/8546-%C4%B0qtisadiyyat-Nazirliyi-yan%C4%B1nda-%C6%8Fmlak-M%C9%99s%C9%99l%C9%99l%C9%99ri-D%C3%B6vl%C9%99t-Xidm%C9%99ti-2023-c%C3%BC-ilin-yekunlar%C4%B1na-dair-m%C9%99tbuat-konfrans%C4%B1-ke%C3%A7irib


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Anim günündə şəhid polkovnikin ailəsi ziyarət olunub 

Gündəlik Xəbərlər
01-12-2024
553

Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək

Gündəlik Xəbərlər
26-11-2024
528

Birləşmədən sonra bələdiyyələr daha effektiv olacaq

Gündəlik Xəbərlər
26-11-2024
489

MSK bələdiyyə seçkilərini bu tarixdə ELAN EDƏCƏK

Gündəlik Xəbərlər
25-11-2024
809