ƏN TEZ xidmətinin tətbiqi dairəsi genişləndirilir
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq vətəndaşların dövlət xidmətlərinə əlçatanlığının asanlaşdırılması, bu məqsədlə rəqəmsal innovasiyaların tətbiqi Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılaraq əhaliyə müxtəlif elektron və mobil ədliyyə xidmətləri göstərilir.
Eyni
zamanda 3 saylı Bakı DOST mərkəzində və Heydər Əliyev Beynəlxalq Aeroportunda
nazirliyin istifadəyə verilmiş növbəti innovativ – “ƏN TEZ” (Ədliyyə Nazirliyinə
Təcili Elektron Zəng) xidməti vətəndaşlara, o cümlədən səyahət etmək istəyənlərə
yerindəcə müraciət etməklə məsafədən zəruri ədliyyə xidmətlərinin göstərilməsi
imkanı yaradılıb.
Böyük vətəndaş
məmnunluğu doğuran bu innovativ xidmətə artan ictimai maraq nəzərə alınaraq
nazirlik tərəfindən “ƏN TEZ”-in tətbiqinin genişləndirilməsi davam etdirilir və
artıq bu gündən həmin xidmət platforması Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyindəki DOST Agentliyinin 1 saylı Bakı DOST mərkəzində
istifadəyə verilib.
Bu
innovasiya vasitəsilə vətəndaşlar heç bir qeydiyyat və elektron imza tələb
olunmadan, tək şəxsiyyət vəsiqəsi ilə biometrik eyniləşdirmə aparılmaqla Ədliyyə
Nazirliyinə müraciət edərək notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət
qeydiyyatı, tələbkar qismində bəzi məhkəmə qərarlarının icrası və digər xidmətlərdən
yararlana bilərlər.
Nazirlik
tərəfindən “ƏN TEZ” xidmətinin paytaxtla yanaşı, respublikamızın digər bölgələrində,
o cümlədən işğaldan azad edilmiş ərazilərdə, habelə ASAN xidmət mərkəzlərində və
insanların daha çox müraciət etdikləri digər xidmət məkanlarında da istifadəyə
verilməsi nəzərdə tutulur.
Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı
Rəylər
0 Rəy