Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru - BƏLƏDİYYƏ SƏDRİ YAZIR
7 oktyabr 2025-ci il tarixində Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının XII Zirvə Görüşü qardaş ölkələrin birliyini, qarşılıqlı əməkdaşlıq və strateji həmrəyliyini bir daha nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı Türk dünyasının geosiyasi, iqtisadi və mədəni potensialının dərin təhlilinə, eyni zamanda bu birliyin gələcək inkişaf istiqamətlərinə dair konkret baxışlara əsaslanırdı. Prezidentin qeyd etdiyi kimi, bu gün Türk Dövlətləri Təşkilatı artıq sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəz kimi formalaşır.
Təşkilatın beynəlxalq nüfuzunun artması, regional sülh və təhlükəsizliyin
təmin olunmasında fəal rolu, ortaq dəyərlər və tarixi köklər əsasında
inteqrasiya proseslərinin güclənməsi türk dünyasının müasir beynəlxalq sistemdə
strateji mövqeyini möhkəmləndirir. Azərbaycanın bu prosesdə aparıcı rolu,
iqtisadi, siyasi və təhlükəsizlik sahələrində təşəbbüskar mövqeyi TDT-nin
inkişafında xüsusi əhəmiyyət kəsb edir.
Prezident cənab İlham Əliyev çıxışında vurğuladı ki, sülh və
təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir. Bu prinsip TDT-nin təməl
sənədi olan Naxçıvan Sazişində də öz əksini tapmışdır. Hazırkı mürəkkəb
geosiyasi şəraitdə türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi zəruridir.
Azərbaycanın son illərdə əldə etdiyi tarixi Zəfər və ərazi bütövlüyünün tam bərpası
regionda ədalətli sülhün və sabitliyin bərqərar olunmasında mühüm mərhələdir.
2023-cü ildə antiterror tədbirlərinin uğurla başa çatması və
2025-ci ildə Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin
paraflanması Cənubi Qafqazda yeni dövrün başlanğıcıdır. Bu hadisələr yalnız Azərbaycanın
milli iradəsinin təntənəsi deyil, həm də Türk Dövlətləri Təşkilatının sülh və təhlükəsizlik
prinsiplərinə sadiqliyinin təzahürüdür. Müasir beynəlxalq münasibətlər
sistemində hərbi güc müstəqilliyin və ərazi bütövlüyünün əsas təminatçısı kimi
çıxış edir. Azərbaycan bu sahədə xüsusilə Türkiyə ilə dərin əməkdaşlıq əlaqələri
qurmuşdur. Son bir ildə 25-dən çox ikitərəfli və çoxmillətli hərbi təlimin
keçirilməsi türk dövlətləri arasında qarşılıqlı etimad və strateji həmrəyliyin
nümunəsidir. Prezident cənab İlham Əliyevin 2026-cı ildə Azərbaycanda TDT-yə
üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi barədə təklifi bu əməkdaşlığı
institusional səviyyəyə qaldırmağa yönəlmiş strateji addımdır. Bu təşəbbüs, həmçinin,
regionda sülh və sabitliyin qorunması baxımından önəmli rol oynayacaq.
Türk dünyasının coğrafi yerləşməsi və təbii resurs
potensialı qlobal iqtisadi sistemdə yeni imkanlar açır. Azərbaycan Şərq-Qərb və
Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşərək mühüm tranzit mərkəzinə
çevrilmişdir. 2022-ci ildən bəri Orta Dəhliz üzrə yükdaşımaların 90 faiz
artması bu potensialın real nəticəsidir. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt
Beynəlxalq Ticarət Limanı, 9 beynəlxalq hava limanı və güclü dəniz donanması Azərbaycanın
logistika sahəsində strateji üstünlüyünü artırmışdır. Vaşinqton Zirvəsinin
mühüm nəticələrindən biri olan Zəngəzur dəhlizinin açılması isə Türk dövlətləri
arasında iqtisadi inteqrasiyanın daha da dərinləşməsinə xidmət edir.
Azərbaycan enerji təhlükəsizliyinin təminində etibarlı tərəfdaş
kimi tanınır. Hazırda 14 ölkəyə təbii qaz ixrac edən ölkəmiz bu sahədə regional
lider mövqeyinə malikdir. Bununla yanaşı, Prezident cənab İlham Əliyev
çıxışında bərpaolunan enerji mənbələrinə böyük sərmayələrin yatırıldığını
vurğulamışdır. 2030-cu ilə qədər ölkənin enerji istehsalının 40 faizi məhz bu mənbələr
hesabına təmin ediləcək. Orta Asiya–Azərbaycan–Türkiyə–Avropa istiqamətində
yaşıl enerji dəhlizinin yaradılması ideyası yalnız iqtisadi deyil, həm də
ekoloji dayanıqlıq baxımından strateji əhəmiyyət daşıyır. Bu təşəbbüs Türk
dünyasının qlobal enerji bazarında yeni mövqeyini formalaşdıracaq.
Prezidentin çıxışında ortaq dil, tarix və mədəniyyət amillərinin
türk birliyinin əsas sütunları olduğu xüsusi vurğulanmışdır. 1926-cı ildə
Bakıda keçirilmiş birinci Türkoloji Qurultay bu baxımdan tarixi hadisə kimi
xatırlanır. Gələn il bu Qurultayın 100 illiyinin TDT çərçivəsində təntənəli şəkildə
qeyd edilməsi təklifi türk xalqlarının mədəni birliyinin daha da möhkəmlənməsinə
xidmət edəcəkdir.
Azərbaycanın azad edilmiş ərazilərində qardaş ölkələrin dəstəyi
ilə inşa olunan məktəblər, yaradıcılıq mərkəzləri və məscidlər türk həmrəyliyinin
rəmzi kimi dəyərləndirilir. Füzuli, Ağdam, Cəbrayıl kimi şəhərlərdə görülən bu
işlər təkcə humanitar dəstək deyil, həm də ümumtürk birliyinin mənəvi simvolu
kimi çıxış edir. Qəbələdə keçirilmiş XII Zirvə Görüşü Türk Dövlətləri Təşkilatının
gələcək istiqamətlərini müəyyən edən strateji mərhələ kimi tarixə düşdü.
Prezident cənab İlham Əliyevin çıxışı TDT-nin siyasi, iqtisadi, enerji, müdafiə
və mədəni inteqrasiya sahələrində birliyin dərinləşməsi üçün yol xəritəsi
rolunu oynadı.
Türk dövlətlərinin birliyi artıq regional deyil, qlobal
miqyaslı strateji güc mərkəzi kimi formalaşmaqdadır. Bu birliyin əsasında ortaq
dəyərlər, qarşılıqlı etimad, dayanıqlı inkişaf və sülhə sadiqlik dayanır. Azərbaycanın
təşəbbüskar və məsuliyyətli mövqeyi, həm regional təhlükəsizliyin təminində, həm
də iqtisadi və enerji sahəsində əməkdaşlığın genişləndirilməsində əsas hərəkətverici
qüvvə olaraq qalır.
Türk dünyasının gələcəyi birliyin möhkəmlənməsindən, ortaq məqsədlərin
reallaşdırılmasından və qardaş xalqların həmrəyliyindən keçir. Qəbələ Zirvəsi
bu istiqamətdə mühüm dönüş nöqtəsi kimi Türk Dövlətləri Təşkilatının tarixində
öz layiqli yerini tutmuşdur.
Hümbət Hüseynov,
Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri
Rəylər
0 Rəy