Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-11-2025 , 14:46

443

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bələdiyyələrin İnternet resursları
- +

Mülkiyyət sənədlərinin alınması üçün tədbirlər görülsə də... BƏLƏDİYYƏ SƏDRİ YAZIR

Bu gün ölkəmizin bütün bölgələrində quruculuq və abadlıq işləri geniş vüsət almışdır. Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasət nəticəsində Azərbaycan Respublikası regionda lider dövlətə çevrilmiş, eyni zamanda beynəlxalq aləmdə güclü mövqeyə malik olan ölkə kimi tanınmışdır.  Şamaxı rayonunun Nağaraxana bələdiyyəsi Yusif Məmmədəliyev qəsəbəsi, Nağaraxana, Avaxıl, Dəmirçi, Səfalı, Zarat Xeybəri, Ərçiman, Talışnuru, Qızmeydan, Yeni Qızmeydan, Pirbəyli, Əhmədli və Hacılı kəndlərini əhatə edir.

Bələdiyyənin əhatə etdiyi ərazidə 5500 nəfərdən artıq əhali yaşayır. Bələdiyyənin ümumi ərazisi 26219 hektardır. Kənddaxili yolların uzunluğu 100 km-dən artıqdır.  Bələdiyyənin əsas vəzifələrindən biri büdcənin toplanması və düzgün xərclənməsidir. Bu işdə Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminin yaradılması və bələdiyyələrin istifadəsinə verilməsini xüsusi qeyd etmək istəyirəm. Bu sistem vasitəsi ilə vergilərin qeydiyyata alınması, hesablanması və vətəndaşlara çatdırılması asanlaşır və bu təqdirəlayiqdir. Aparılmış bu və ya digər tədbirlərin nəticəsidir ki, 2025-ci ilin fevral ayında, altı bələdiyyənin birləşməsi nəticəsində yaradılmış yeni Nağaraxana bələdiyyəsinin indiki dövrə qədər olan vergi və digər ödənişlərdən gəliri 57740 manat olmuşdur. Toplanmış vəsait hesabına, bələdiyyə ərazisindəki kəndlərdə yolların müəyyən hissələrinə çınqıl döşənmiş, su ötürücülər bərpa edilmiş və əhalinin gediş-gəlişi asanlaşdırılmışdır. 

Qış aylarında yollar qardan təmizlənmişdir. Qeyd edim ki, bələdiyyəmizin əhatə etdiyi və çay sahillərində yerləşən 5 kəndinin yolu torpaqdır və çaydan keçən hissələrində körpü yoxdur. Qar, leysan yağışları və daşqınlar zamanı bələdiyyəmiz siradan çıxan yolları ağır texnika ilə bərpa edir və əhalinin istifadəsinə verir. Cəlb edilən texnikanı yanacaqla təmin etmək məqsədi ilə bələd iyyə büdcəsindən 2600 manat vəsait xərclənmişdir. Qeyd edim ki, bu məsələdə Şamaxı RİH nin də bizə böyük dəstəyi vardır. 

 Hazırda bələdiyyə ərazisində 15 qəbiristanlıq mövcuddur. Bu qəbiristanlıqlarda daimi olaraq planlı şəkildə təmizlik, abadlıq, hasarlanma və ağacəkmə işləri aparılır. Bu işdə bələdiyyə maddi və mənəvi dəstəyini göstərir. 

Bələdiyyə, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və imkansız ailələrə mütəmadi olaraq yardımlar edilir və problemləri ilə daima maraqlanır. Qurban bayramı zamanı 504 manatlıq ət alınaraq, şəhid ailələrinə və imkansız ailələrə qurban payı verilmişdir.  Bələdiyyənin hazırda işləyən işçilərinə əmək haqqı borcu yoxdur. Əsas işlərimizdən biri də işçilərin hər ay üçün əməkhaqlarının və ondan irəli gələn digərtutulmalarının ödənilməsidir. Bu məsələ uğurla davam etdirilir. Lakin birləşmə zamanı keçmiş bələdiyyələrin Dövlət Sosial Müdafiə Fonduna və işçilərinin əmək haqqına xeyli miqdarda borcu qalmışdır. Bu məsələ barədə də ciddi işlər aparmışıq və əvvəlki borcların müəyyən qismini artıq ödəmişik. Bu istiqamətdə işlər davam etdirilir.

 Qeyd edim ki, vergi yığılmasında da, son aylarda xeyli irəliləyişlərimiz olmuşdur. Vətəndaşlara aid reyestr məlumatlarının BAMS proqramı üzərindən alınmasının bu məsələdə BAMS-ın rolunun böyük olmasını xüsusilə qeyd etmək istəyirəm.  Əhalinin içməli suya olan tələbatının təmin edilməsində də bələdiyyə maddi və mənəvi dəstək göstərir. Kəndlərdə bulaqlardan çəkilən su xətlərinin təmirində, su anbarlarının tikilməsi və təmirində, şəhid bulaqlarının salınmasında bələdiyyəmiz yaxından iştirak edir. 2024-cü ildə Dəmirçi kəndində 70 tonluq su anbarının tikilməsi, 2 km məsafədə su xətlərinin yenilənməsi, Səfalı kəndində 1 km su xəttinin yenilənməsi bələdiyyə tərəfindən aparılmış və əhalinin istifadəsinə verilmişdir. Bundan başqa Avaxıl və Dəmirçi kəndlərində Şəhid bulaqları tikilmişdir.  

Bələdiyyələr tərəfindən həyata keçirilən işlərin əhali arasında geniş yayılması məqsədilə sosial şəbəkələrdən aktiv istifadə olunur. Bu yanaşma əhali arasında bələdiyyəyə olan inam və etimadın artmasına, həmçinin vergi ödəyicilərinin

fəallığının yüksəlməsinə səbəb olur. Əhali arasında daimi maarifləndirmə işləri aparılır və bu da vergi borclarının bələdiyyə hesabına köçürülməsinə səbəb olur. Bəzi vergi ödəyiciləri haqqında isə zəruri tədbirlərin görülməsinə ehtiyac olur və onlar haqqında inzibati aktlar tərtib olunur.  Son dövrlərdə Assosiasiya tərəfindən bələdiyyə sədrləri və qulluqçularının maarifləndirilməsi istiqamətində aparılan işləri xüsusi qeyd etmək istəyirəm. 

Hesab edirəm ki, elektron sistemdən düzgün istifadə etməklə biz daha çox naliyyətlər əldə edəcəyik.  Bildiyimiz kimi hazırda kənddaxili problemlərin həlli yerli bələdiyyə qurumlarının üzərinə böyük məsuliyyət qoyur. Bu işlərin görülməsi vəsait tələb edir. Bu məqsədlə bizə köməklik göstərilməsi lazımdır. Belə ki, hazırda bəzi sosial şəbəkə istifadəçiləri vergilərin son üç il üçün ödənilməsi fikrini irəli sürürlər.  Hesab edirəm bu çox böyük yanlışlıq əmələ gətirir. Belə çıxır ki, biz daimi fəaliyyət göstərib vergi yığdığımız şəxslərə qarşı ədalətsizlik etmiş oluruq. Yəni onlar da  ödəməni etməməli və sonda üç ilin vergisi ilə kifayətlənməli idilər. Belə mövqe vergi ödəyicilərinə qarşı fərqli münasibət yaradır. Bu təbliğat bizim işimizə mənfi təsir göstərir. 

Digər məsələlərdən biri də əhalinin əmlakı olduğu halda, mülkiyyət sənədi olmadığına görə vergi ödəməməsidir. Düşünürəm ki, əmlaklar İcra nümayəndəliyi tərəfindən təsərrüfatbaşı kitablarda qeyd olunmalı və bələdiyyə tərəfindən vergiyə cəlb olunmalıdır. Dövlət tərəfindən mülkiyyət sənədlərinin alınması üçün tədbirlər görülsə də, bu iş çox ləng gedir. Həmçinin, Dövlət tərəfindən əkin sahələrinin əkilməsinə görə subsidiyaların verilməsi zamanı bələdiyyə vergisinin ödənilməsi şərtinin qoyulması məsələsi də, düşünürəm ki,  vergilərin ödənilməsində böyük əhəmiyyət daşıyardı. Bu, həmçinin əmlaklar üzərində alqı-satqı və digər əməliyyatlar zamanı da vacib məsələlərdəndir. Bu barədə müvafiq qurumlar qarşısında məsələ qaldırılmasını məqsədəuyğun hesab edirik.

Sahib Şirinov

Şamaxı rayonu Nağaraxana bələdiyyəsinin sədri


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər