Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-11-2026 , 18:47

162

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Ruhin Orucov: “Əldə olunan nəticələr büdcə gəlirlərinin artırılması istiqamətində görülən işlərin müsbət nəticələrini göstərir”

 Sabunçu rayonu, Bakıxanov bələdiyyəsinin 2027-ci il büdcə planları və gəlirlərin artırılması istiqamətində görüləcək işlərlə bağlı suallarımızı bələdiyyənin sədri Ruhin Orucov cavablandırır.

-       Bakıxanov Bələdiyyəsində 2027-ci ilin büdcə layihəsinin müzakirəsi aparılıbmı? Növbəti il üçün büdcənin əsas xərc istiqamətləri hansılardır?

-       Bəli, Bakıxanov Bələdiyyəsinin 2027-ci il üçün büdcə layihəsinin müzakirəsi aparılmışdır. Belə ki, 14 oktyabr 2026-cı il tarixində keçirilən müzakirə 31 saylı protokolla rəsmiləşdirilmişdir.

2027-ci ildə büdcə vəsaitlərinin əsasən bir neçə istiqamət üzrə xərclənməsi nəzərdə tutulur. Bunlara əməyin ödənişi xərcləri, mədəni-kütləvi və bayram tədbirlərinin təşkili, əhaliyə sosial yardımların göstərilməsi, həmçinin bələdiyyə ərazisində abadlıq və bərpa işlərinin həyata keçirilməsi daxildir. Əsas məqsəd mövcud maliyyə imkanlarından səmərəli istifadə etməklə əhalinin sosial rifahına və ərazinin inkişafına töhfə verməkdir.

-       2027-ci ildə bələdiyyə büdcəsinin gəlir hissəsinin nə qədər olacağı proqnozlaşdırılır?

-       2027-ci il üçün büdcə gəlirlərinin əvvəlki illə müqayisədə 4,5 faiz artırılması nəzərdə tutulmuşdur. Proqnoza əsasən, gəlirlərin ümumi məbləğinin 574 min manat təşkil edəcəyi planlaşdırılır. Bu hədəfə nail olmaq üçün yerli vergi və ödənişlərin yığımının yaxşılaşdırılması, mövcud gəlir mənbələrindən daha səmərəli istifadə edilməsi istiqamətində işlər davam etdiriləcəkdir.

-       Bələdiyyə büdcəsinin gəlirlərinin artırılması üçün hansı təkliflər və tədbirlər müzakirə olunub?

-       Büdcə gəlirlərinin artırılması üçün əsas istiqamətlərdən biri yerli vergi və ödənişlərin yığılmasının təkmilləşdirilməsidir. Bu məqsədlə bələdiyyə ərazisində yerləşən daşınmaz əmlakların, sahibkarlıq obyektlərinin və torpaq sahələrinin tam inventarizasiyasının aparılması nəzərdə tutulur.

İnventarizasiya zamanı qeydiyyata alınmamış və ya vergi öhdəliklərini tam yerinə yetirməyən obyektlərin müəyyənləşdirilməsi, onların müvafiq məlumat bazasına daxil edilməsi və vergi uçotunun təmin olunması planlaşdırılır. Hesab edirik ki, bu tədbirlər yerli vergi və ödənişlərin yığım səviyyəsinin yüksəldilməsinə, nəticə etibarilə isə bələdiyyə büdcəsinin gəlirlərinin artmasına müsbət təsir göstərəcəkdir.

-       2025 və 2026-cı illərin ilk 10 ayı üzrə büdcə gəlirlərində hansı dəyişikliklər müşahidə olunub?

-       Son iki ilin müvafiq dövrünün müqayisəsi bələdiyyə büdcəsinin gəlirlərində müsbət dinamikanın olduğunu göstərir. Belə ki, 2025-ci ilin ilk 10 ayı ərzində büdcə gəlirləri 442 992 manat, 2026-cı ilin eyni dövründə isə 487 839 manat təşkil etmişdir.

Göründüyü kimi, ötən ilin müvafiq dövrü ilə müqayisədə 44 847,11 manat artım qeydə alınmışdır. Bu isə təxminən 10,1 faiz artım deməkdir.

Əldə olunan nəticələr büdcə gəlirlərinin artırılması istiqamətində görülən işlərin müsbət nəticələrini göstərir. Qarşıdakı dövrdə də yerli vergi və ödənişlərin yığımının təkmilləşdirilməsi, vergi bazasının genişləndirilməsi və büdcə daxilolmalarının artırılması istiqamətində tədbirlər davam etdiriləcəkdir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər