Asif Zeynallı: “Ramana bələdiyyəsinin 2027-ci il üzrə yerli büdcəsinin əsas prioritetləri bələdiyyə iclasında müzakirə edilib”
Sabunçu rayonu Ramana bələdiyyəsində 2027-ci il üçün yerli büdcə layihəsinin müzakirəsi keçirilib. İclasda növbəti il üçün büdcənin gəlir və xərcləri, eləcə də maliyyə vəsaitlərinin əsas istiqamətlər üzrə bölüşdürülməsi məsələləri müzakirə olunub.
Müzakirələr zamanı bildirilib ki, 2027-ci il üzrə yerli büdcə
xərclərinin əsas hissəsinin sosial layihələrin həyata keçirilməsinə, ərazidə
abadlıq və quruculuq işlərinin aparılmasına yönəldilməsi nəzərdə tutulur. Gələn
il üçün bələdiyyənin büdcə gəlirlərinin isə 325.500 manat həcmində
proqnozlaşdırılması planlaşdırılır.
Bu barədə Belediyye.infoya məlumatı Sabunçu rayonu Ramana bələdiyyəsinin sədri
Asif Zeynallı məlumat verib.
Sədrin sözlərinə görə, büdcə gəlirlərinin artırılması və
proqnozlaşdırılan göstəricilərin təmin edilməsi istiqamətində müvafiq tədbirlər
həyata keçirilir. Bu məqsədlə debitor borcların yığılması, yerli vergi ödəyicilərinin
ödəniş intizamının gücləndirilməsi istiqamətində işlər aparılır.
Belə ki, vergi borcu olan şəxslər arasında maarifləndirmə və
təbliğat tədbirləri görülür, onlara mövcud öhdəliklərin vaxtında yerinə
yetirilməsinin vacibliyi izah edilir. Borclarını könüllü şəkildə ödəməyən yerli
vergi ödəyicilərinin isə qanunvericiliyə uyğun olaraq məcburi qaydada alınması
üçün müvafiq icra və probasiya şöbələrinə müraciətlər göndərilir.
Asif Zeynallı qeyd edib ki, görülən tədbirlər nəticəsində bələdiyyənin
büdcə gəlirlərində müsbət dinamika müşahidə olunur.
Belə ki, 2025-ci ilin ilk 10 ayında yerli büdcə gəlirləri 213 min 404 manat təşkil etdiyi halda, 2026-cı ilin eyni dövründə bu göstərici 233 min 236 manata yüksəlib. Beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə büdcə gəlirlərində 19 min 832 manat və ya təxminən 9,3 faiz artım qeydə alınıb.
Belediyye.info
Rəylər
0 Rəy