Maştağa bələdiyyəsi cari ildə əldə olunan nəticələri və növbəti ilin hədəflərini açıqlayıb
Sabunçu rayonu, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov cari ildə görülən işlər, yerli büdcə gəlirlərində qeydə alınan artım və növbəti il üçün qarşıya qoyulan hədəflərlə bağlı açıqlama verib.
O bildirib ki, cari il ərzində bələdiyyənin əldə etdiyi
maliyyə vəsaiti hesabına qəsəbə ərazisində bir sıra layihələr həyata keçirilib.
Görülən işlərin əsas hissəsini qəsəbədaxili yollarda abadlıq tədbirləri, qəsəbəətrafı
yollara çınqıl tökülməsi, eləcə də bir müddət əvvəl baş verən güclü yağışlar
zamanı yaranmış problemlərin aradan qaldırılmasına dəstək göstərilməsi təşkil
edib.
Anar Adıgözəlovun sözlərinə görə, cari ildə yerli büdcə gəlirlərinin
təxminən 60 faiz artması həm görülən işlərin, həm də kollektivin birgə fəaliyyətinin
nəticəsidir.
Bələdiyyə sədri növbəti il üçün əsas hədəflərdən də danışıb.
O qeyd edib ki, qarşıdakı dövrdə əsas məqsədlərdən biri yeni inzibati binada fəaliyyətə
başlamaq, digəri isə büdcə gəlirlərini bir milyon manat həddinə çatdırmaqdır.
“Bələdiyyənin bu hədəflərə çatmaq üçün potensialı var. Vergi
xidməti orqanımız Bələdiyyələrin Vahid İnformasiya Sisteminin yaratdığı
imkanlardan maksimum dərəcədə yararlanmağa çalışır. İnanırıq ki, qarşıya
qoyduğumuz məqsədlərə nail olacağıq. Doqquz ayın nəticələrinə əsasən, artım
faizinə görə ölkə üzrə beşinci, faktiki yığım həcminə görə isə qəsəbə bələdiyyələri
arasında ikinci yerdə qərarlaşmağımız bizim üçün mühüm nailiyyətdir. Növbəti
ildə də bu artım tempini qoruyub saxlamağa çalışacağıq”, – deyə Anar Adıgözəlov
bildirib.
Bələdiyyə sədri vurğulayıb ki, qarşıdakı dövrdə də yerli büdcə gəlirlərinin artırılması, ərazidə abadlıq işlərinin davam etdirilməsi və sakinlərin qarşılaşdıqları problemlərin həllinə dəstək göstərilməsi əsas fəaliyyət istiqamətləri olaraq qalacaq.
Belediyye.info
Rəylər
0 Rəy