İsrafil Hüseynov: “Büdcə gəlirlərinin artırılması şəffaf idarəetmə və iqtisadi fəallığın dəstəklənməsi hesabına həyata keçirilməlidir”
“Bələdiyyələrin maliyyə imkanlarının genişləndirilməsi yerli problemlərin daha çevik həll olunması və əhaliyə göstərilən xidmətin keyfiyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bunun üçün ilk növbədə bələdiyyənin mövcud gəlir mənbələri düzgün qiymətləndirilməli, daxilolmaların artırılması və əlavə maliyyə imkanlarının yaradılması istiqamətində sistemli iş aparılmalıdır”- bu fikirləri Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynov deyib.
Sədr qeyd edib ki, bələdiyyə büdcə gəlirlərini artırmaq üçün
ərazidə vergi və digər ödənişlərin uçotunu təkmilləşdirməli, mövcud daşınmaz əmlak
və torpaq resurslarından səmərəli istifadə etməli, icarə və digər yerli gəlir mənbələrinin
idarə olunmasını gücləndirməlidir. Eyni zamanda, qanunvericiliklə müəyyən
edilmiş yerli vergilər və ödənişlər üzrə məlumatlandırma və maarifləndirmə işlərinin
aparılması vacibdir.
Bununla yanaşı, büdcə gəlirlərinin artırılması yalnız yeni
ödənişlərin tətbiqi hesabına deyil, mövcud resurslardan daha səmərəli istifadə,
şəffaf idarəetmə və iqtisadi fəallığın dəstəklənməsi hesabına həyata keçirilməlidir.
Əsas məqsəd gəlirlərin artırılması ilə yanaşı, toplanan vəsaitlərin
şəffaf və səmərəli xərclənməsini təmin etməkdir.
Bu baxımdan, bələdiyyənin qarşısında duran əsas vəzifə gəlir
bazasının genişləndirilməsi, mövcud resursların düzgün idarə olunması, şəffaflığın
artırılması və əldə olunan vəsaitlərin əhalinin ehtiyaclarına uyğun istiqamətləndirilməsidir.
Belediyye.info
Rəylər
0 Rəy