Bəylər Həsənov: “Şəhidlərin Xatirə Parkının qorunması hər birimizin vətəndaşlıq borcudur”
“Binəqədi qəsəbəsində yerləşən “41-45 və Şəhidlərin Xatirə Parkı”nda sakinlərin müraciətləri nəzərə alınaraq ərazidə təhlükəsizliyin təmin edilməsi məqsədilə müşahidə kameraları quraşdırılıb”- bu barədə Belediyye.infoya Binəqədi qəsəbə bələdiyyəsinin sədri Bəylər Həsənov deyib.
Sədr açıqlamasında
bildirib ki, görülən tədbirlərin əsas məqsədi park ərazisində ictimai asayişin
və təhlükəsizliyin qorunması, eləcə də baş verə biləcək neqativ halların
qarşısının vaxtında alınmasıdır.
“Parkın təhlükəsizliyi ilə bağlı sakinlər tərəfindən edilən
müraciətlər diqqətdə saxlanılıb. Bu məqsədlə ərazidə müşahidə kameraları
quraşdırılıb. Bununla yanaşı, parkın ətraf ərazisi səliqəyə salınıb, mövcud
taxta konstruksiyalarda təmir işləri aparılıb. Görülən tədbirlər nəticəsində
park bərpa olunaraq sakinlərin istifadəsinə yenidən təqdim edilib”, – deyə Bəylər
Həsənova qeyd edib.
Bələdiyyə sədri vurğulayıb ki, Şəhidlərin Xatirə Parkı sadəcə
istirahət məkanı deyil, şəhidlərimizin əziz xatirəsini yaşadan xüsusi və müqəddəs
məkandır.
“Bu parkın qorunması, təmiz saxlanılması və burada
yaradılmış şəraitə qayğı ilə yanaşılması hər birimizin vətəndaşlıq borcudur.
Sakinlərimizi parkda yaradılmış imkanlardan düzgün istifadə etməyə, təmizlik
qaydalarına riayət etməyə, yaşıllıqlara və parkın əmlakına zərər vurmamağa
çağırırıq”, – deyə Bəylər Həsənova bildirib.
Bəylər Həsənova əlavə edib ki, parkın abad və təhlükəsiz vəziyyətdə
saxlanılması istiqamətində işlər bundan sonra da davam etdiriləcək:
“Gəlin birlikdə Şəhidlərin Xatirə Parkını qoruyaq, şəhidlərimizin əziz xatirəsinə hörmətimizi əməli şəkildə göstərək və bu məkanı gələcək nəsillərə daha səliqəli, təhlükəsiz və gözəl şəkildə çatdıraq”.
Belediyye.info
Rəylər
0 Rəy