Xətai rayonunda “Suveren Azərbaycan - Zəfərdən gələcəyə” adlı tədbir keçirilib
Xətai rayonunda Rayon İcra
Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının birgə təşkilatçılığı
ilə “20 sentyabr - Dövlət Suverenliyi Günü”nə həsr olunmuş “Suveren Azərbaycan
- Zəfərdən gələcəyə” adlı tədbir keçirilib.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq
Quluyev, Milli Məclisin deputatları Zahid Oruc, Vüqar Rəhimzadə, Mixael
Zabelin, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev,
Xalq artisti, şəhid atası Əli Nur, Rayon Ağsaqqallar Şurasının sədri, şəhid
atası Mürvət Əsgərov, Xətai Rayonu Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyev, şəhid
ailələri və qazilər iştirak ediblər.
Tədbirdə Azərbaycanın ərazi bütövlüyü və dövlət
suverenliyinin bərpası uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxışlarda qeyd olunub ki, ölkəmizdə hər il 20 sentyabr Dövlət
Suverenliyi Günü kimi qeyd olunur. 2023-cü il sentyabrın 19-da Azərbaycan
Silahlı Qüvvələri Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirlərinə
başlayıb. Sentyabrın 20-də həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın
suverenliyinin bərpası təmin edilib. Prezident İlham Əliyevin 2024-cü il
sentyabrın 19-da imzaladığı sərəncamla sentyabrın 20-si Azərbaycanda Dövlət
Suverenliyi Günü elan edilib.
Çıxışlarda bildirilib ki, bu əlamətdar tarix Azərbaycanın
müasir tarixində dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpasını ifadə
edir, milli dövlətçilik ənənələrinin qorunması və gələcək nəsillərə
çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirdə Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyevin iştirakı
və təşəbbüsü də xüsusi qeyd olunub. Bildirilib ki, Xətai Bələdiyyəsi rayonun
ictimai-sosial həyatında fəal iştirak etməklə yanaşı, şəhid ailələri və qazilərlə
bağlı keçirilən tədbirlərə, onların diqqət və qayğı ilə əhatə olunmasına öz
töhfəsini verməyə çalışır. Elşad Vəliyev çıxışında şəhidlərin əziz xatirəsinin
daim uca tutulmasının, şəhid ailələri və qazilərə göstərilən diqqətin davam
etdirilməsinin vacibliyini vurğulayıb.
Həmçinin çıxışlarda Azərbaycanın ərazi bütövlüyü və dövlət
suverenliyi uğrunda şəhidlərin göstərdiyi qəhrəmanlıqdan, qazilərin fədakarlığından
bəhs edilib, şəhid ailələri və qazilərə göstərilən dövlət qayğısının əhəmiyyəti
vurğulanıb.
Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri Vətən müharibəsində
və Azərbaycanın suverenliyinin bərpası uğrunda şəhid olan övladlarının əziz
xatirəsinin daim uca tutulduğunu qeyd ediblər. Onlar şəhid ailələri və qazilərə
göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını
ifadə ediblər.
Tədbirin sonunda tanınmış incəsənət ustalarının ifasında
musiqi nömrələri səsləndirilib, şəhid ailələrinə hədiyyələr təqdim olunub.
Xətai bələdiyyəsi




Rəylər
0 Rəy