Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-04-2026 , 17:44

152

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Milli Məclisdə “Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında Heydər Əliyev irsi” mövzusunda konfrans keçirilib

Aprelin 23-də Milli Məclisin Regional məsələlər komitəsinin təşkilatçılığı ilə “Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında Heydər Əliyev irsi” mövzusunda konfrans keçirilib.

Tədbiri açan komitə sədri Siyavuş Novruzov bildirib ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi Azərbaycanın bütün sahələrində olduğu kimi, regionların inkişafı, idarəetmənin təkmilləşdirilməsi və yerli özünüidarəetmə institutlarının formalaşdırılmasında da mühüm rol oynayıb. O, qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı Heydər Əliyevin rəhbərliyi dövründə dövlət siyasətinin əsas istiqamətlərindən biri olub.

Siyavuş Novruzov çıxışında Ulu Öndər Heydər Əliyevin regionlara mütəmadi səfərlər etdiyini, yerlərdə mövcud vəziyyətlə birbaşa maraqlandığını və bölgələrin inkişafı üçün məqsədyönlü addımlar atdığını bildirib. Vurğulanıb ki, həmin dövrdə bölgələrdə genişmiqyaslı infrastruktur layihələri icra olunub, yollar salınıb, məktəblər, xəstəxanalar və digər sosial obyektlər tikilib, yeni istehsal sahələri yaradılıb.

Siyavuş Novruzov deyib ki, Ulu öndərin regionların sosial-iqtisadi inkişaf siyasəti bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Onun sözlərinə görə, bu istiqamətdə icra edilən dövlət proqramları nəticəsində ölkənin bütün bölgələri sürətlə yenilənib, geniş quruculuq və abadlıq işləri həyata keçirilib. O, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma prosesini də bu siyasətin davamı kimi yüksək dəyərləndirib.

Sonra tədbirdə Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov çıxış edib. O, vurğulayıb ki, Azərbaycan Respublikasında demokratik və hüquqi dövlət quruculuğu, müstəqil dövlət institutlarının formalaşdırılması, eləcə də yerli özünüidarəetmə və vətəndaş cəmiyyəti təsisatlarının yaranması məhz Ulu Öndərin adı ilə bağlıdır.

Qeyd olunub ki, Azərbaycan üçün nisbətən gənc təsisat olan yerli demokratiya və özünüidarəetmənin hüquqi əsasları Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilib. Onun sözlərinə görə, sonrakı dövrdə qəbul olunan qanunlar və digər normativ-hüquqi aktlar da bələdiyyələrin hüquqi əsaslarının formalaşdırılmasında mühüm rol oynayıb.

Vitse-spiker bu gün suveren Azərbaycanda Prezident  İlham Əliyevin rəhbərliyi ilə regional inkişaf proqramlarının ardıcıl icrası, yerli özünüidarəetmə sisteminin təkmilləşdirilməsi və demokratik institutların möhkəmləndirilməsi istiqamətində həyata keçirilən uğurlu islahatlardan bəhs edib.

Qeyd olunub ki, son illərdə Azərbaycan özünün dövlətçilik və suverenlik tarixinin ən qüdrətli mərhələsini yaşayır. Ümummilli Liderin siyasi vəsiyyətini parlaq Zəfərlə gerçəkləşdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma prosesi həyata keçirilir. Regional inkişaf siyasətinin əsas prioritetlərindən biri işğaldan azad olunmuş ərazilərin bərpası və dayanıqlı inkişaf modelinin qurulmasıdır. Bildirilib ki, həmin ərazilərdə tətbiq olunan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları müasir idarəetmə və infrastruktur modellərinin formalaşdırılmasını nəzərdə tutur.

Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursu Azərbaycanda yerli demokratiyanın inkişafı, özünüidarəetmə prinsiplərinin möhkəmlənməsi və regionların davamlı tərəqqisi üçün fundamental əsas formalaşdırıb.

Sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Heydər  Əliyev - Azərbaycanda regional inkişaf strategiyasının  banisi” mövzusunda çıxış edib. O, bildirib ki,  Ulu Öndər Heydər Əliyevin regional iqtisadi siyasət təcrübəsi bu gün də aktualdır. Komitə sədri qeyd edib ki, həmin regional iqtisadi inkişaf strategiyası ölkənin bütün bölgələrinin tarazlı və dayanıqlı inkişafını təmin etməyə yönəlmiş uzaqgörən dövlət yanaşmasına əsaslanıb. Vurğulanıb ki, bu strateji yanaşma nəticəsində regionların inkişafı üçün etibarlı zəmin formalaşdırılıb, regionların iqtisadi imkanlarından daha səmərəli istifadə olunub, istehsal və infrastruktur potensialı genişləndirilib, bölgələrdə sənayeləşmə inkişaf edib.

Azər Əmiraslanov qeyd edib ki, sonrakı dövrdə qəbul olunan regional inkişaf dövlət proqramları da məhz Heydər Əliyevin müəyyən etdiyi strateji kursun uğurlu davamı olub. Komitə sədri deyib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların inkişafı siyasəti yeni məzmunla davam etdirilir, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri və Böyük Qayıdış proqramı bu strategiyanın müasir mərhələsini təşkil edir.

Tədbirdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəisi Elmin Həsənov “2026 – Şəhərsalma və Memarlıq İli: bələdiyyələr qarşısında duran vəzifələr” mövzusunda çıxış edib.

O, bildirib ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması yerli özünüidarəetmə orqanları qarşısında yeni çağırışlar və mühüm vəzifələr müəyyənləşdirir. Onun sözlərinə görə, bu mərhələdə bələdiyyələr öz fəaliyyətlərinə yeni baxış formalaşdırmalı, şəhərsalma məsələlərinə birbaşa məsuliyyət sahəsi kimi yanaşmalıdırlar. O, bu çərçivədə yerli özünüidarəetmə orqanlarının şəhərsalma sahəsində fəaliyyətinin daha səmərəli təşkili baxımından həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

Sonra Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasının Bələdiyyələrin Onlayn Xidmət Mərkəzinin direktoru Adil Əhmədov “Rəqəmsal İnkişaf Konsepsiyası və bələdiyyələrin fəaliyyət istiqamətləri” mövzusunda çıxış edib. O, rəqəmsallaşmanın bələdiyyələrin fəaliyyətinə tətbiqi, bu sahədə əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Müzakirələrdə Milli Məclisin deputatları Vüqar Bayramov, Aydın Hüseynov, Vasif Qafarov, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov, Füzuli rayonu Horadiz bələdiyyəsinin sədri Tural Nəbiyev çıxış ediblər.

 Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda yerli idarəetmə sisteminin əsasını qoymasından, regionlarda müasir infrastrukturun formalaşdırılmasından və bu infrastruktur potensialının iqtisadi dəyərə çevrilməsindən bəhs olunub. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən reinteqrasiya prosesi, bələdiyyələrin fəaliyyəti, habelə bölgələrdə icra olunan infrastruktur layihələrinin regional inkişaf baxımından əhəmiyyəti diqqətə çatdırılıb.

Daha sonra Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov tədbirə yekun vuraraq konfransın səmərəli keçdiyini bildirib.

Tədbirdə Milli Məclisin deputatları Səttar Möhbalıyev, Elman Məmmədov, Aydın Mirzəzadə, Elşən Musayev, Məzahir Əfəndiyev, Arzuxan Əli-zadə, parlament Aparatının əməkdaşları, bələdiyyələrin milli assosiasiyalarının təmsilçiləri,  şəhər və rayon bələdiyyələrin nümayəndələri və digər şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər