"Kəndimizin hər bir guşəsində gözəl işlərin görülməsi üçün..."- Sədr sakinlərə muraciət edib
Əziz Sarıtəpə kəndinin sakinləri!
Mən, Sarıtəpə kəndi bələdiyyəsinin sədri olaraq, 2023-cü il
martın 28-dən bu günə qədərki müddətdə bələdiyyə işlərini idarə etməkdə məsuliyyət
daşıyıram. Mənim üçün bu vəzifə həyatın bir hissəsi oldu və bu müddət ərzində kəndimizdə
bir çox işlərin həyata keçirilməsində iştirak etməyim böyük bir şərəfdir.
İlk növbədə qeyd etmək istəyirəm ki, bu zaman ərzində həyata
keçirdiyimiz layihələr və görülən işlər yalnız bələdiyyə sədrinin deyil, hər
bir vətəndaşımızın dəstəyi ilə mümkün olmuşdur. Hər birinizin göstərdiyi diqqət
və vəzifələrinə ciddi yanaşması sayəsində, kəndimizin inkişafı istiqamətində
mühüm addımlar atılmışdır.
Vətəndaşlarımızın öhdəliklərini və Azərbaycan
Respublikasının qanunlarını tam şəkildə yerinə yetirmələri bələdiyyənin fəaliyyətini
daha da gücləndirəcəkdir. Əminəm ki, hər bir vətəndaşın öz üzərinə düşən vergiləri
və icarə haqlarını vaxtında ödəməsi, bu böyük işlərə dəstək olacağı kimi, gələcəkdə
həyata keçirəcəyimiz daha böyük və faydalı layihələr üçün zəmin yaradacaqdır.
Yalnız vətəndaşlarımızın iştirakı ilə bələdiyyə fəaliyyətini daha da genişləndirə
və kəndimizə daha çox fayda verə bilərik.
Mənim üçün bu vəzifə sadəcə bir iş deyil, həm də kəndimizin
hər bir sakini ilə yaxın təmasda olmaq, onların həyatına töhfə verməkdir. Bizim
hədəfimiz yalnız indiki dövr üçün deyil, gələcək nəsillər üçün də davamlı
inkişafdır. Bu səbəbdən hər birinizin bələdiyyə işlərinə dəstək verməsi, kəndimizin
hər bir guşəsində gözəl işlərin görülməsi üçün çox önəmlidir.
Sizləri bir daha dəstəyə dəvət edir və birlikdə daha parlaq
bir gələcək quracağımıza inanıram.
Orxan Əliyev
Şəmkir rayonu Sarıtəpə bələdiyyəsinin sədri
Rəylər
0 Rəy