Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-08-2023 , 09:56

5104

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Paytaxtda qəbirstanlıqların bələdiyyələrə təhvil verilməsi niyə ləngiyir? 


Hazırda ölkə bələdiyyələri müəyyən inkişaf mərhələsinə qədəm qoyub. Etiraf etməliyik ki, son bir ildə Adminstrasiyanın müvafiq sektorunun və Ədliyyə Nazirliyinin dəstəyi ilə, habelə Azərbaycan Milli Bələdiyyə Assosiasiyalarının iştirakıyla bələdiyyələrin problemlərinin həlli istiqamətində ciddi layihələr icra olunmaqdadır. Qeyd edilməlidir ki, son aylar ərzində müxtəlif mərkəzi icra orqanlarının məsul vəzifəli şəxslərinin iştirakıyla keçirilən görüşlərdə  bələdiyyələrin üzləşdikləri problemlərin həllində  müəyyən addımların atılmasına nail olunub. Adıçəkilən qurumların Ekologiya və Təbii Sərvətlər Nazirlıyi,  Dövlət Vergi Xidməti və Əmlak Məsələləri Dövlət Xidmətiylə qarşılıqlı əməkdaşlığı sayəsində  bələdiyyələrin üzləşdiyi problemlərin müəyyən bir qismi  öz həllini tapmaqdadır.  

Ancaq atılan addımlar nəticəsində bələdiyyələrin büdcə gəlirlərində artım hiss olunsa da, nə DSMF borcları, nədə ki  haqsız yerə cərimə sanksiyalarının tətbiq edilməsi azalmaq bilmir. Nəticədə bələdiyyələrin problemləri azalmaq əvəzinə artır. 

Bu gün bələdiyyələrin qarşısında dayanan əsas vəzifə vergi-uçot sistemini təkmilləşdirməklə büdcə gəlirlərini artırmaq olsa da, yerli-yersiz kəsilən cərimələr, ən əsası qəbul edilmiş qanunların icra mexanizmlərinin hələ də  işləməməsi və yaxud  təsdiq edilmiş icra mexanizmlərinin işləməsinə müəyyən qurumların maraqlı olmamaları nəticədə bələdiyyələrin fəaliyyətinə ciddi şəkildə maneələr yaratmaqdadır. 

Vergi-uçot sistemini quran, illik büdcə gəliri on min manatı keçməyən  ucqar dağ kəndinin bələdiyyəsi birdən-birə 3.000 manatlıq cərimə ilə üz-üzə qalarsa və yaxud hansısa haqsız qəbul edilmiş məhkəmə qərarının icrasıyla bağlı bələdiyyənin bank hesabına “stop” qoyulursa, qanun çərçivəsində ərazisindəki qəbirstanlıqlara nəzarət imkanı yaradılmırsa, hər vəchlə bu proses uzadılırsa onda bələdiyyə sədri və üzvləri hansı addımı atmalıdır. Maraqlıdır, deyilmi. 

Bir müddət öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının bələdiyyə sədrlərinə qarşı bir çox hallarda haqsız qəbul etdikləri cərimə sanksiyaları nazirliyin təşəbbüsü və  vətəndaş cəmiyyəti təmsilçilərinin, həm də bələdiyyə sədrlərinin iştirakıyla keçirilən görüşlərdən sonra  birdəfəlik qarşısı alındı. Bu gün adıçəkilən nazirliyin bələdiyyələrlə olan problemi yalnız Dövlət Ekoloji Ekspertiza Agentliyi ilə bağlıdır. Son günlər ölkə başçısı tərəfindən atılan addımlardan sonra yəqin ki, nazirlik bu problemin də həllinə nail  olar. 

Nə isə mətləbdən uzaqlaşmayım.

***

İndi isə diqqəti yuxarıda söylədiyim bir fikrə çəkmək istərdim. Bu gün bələdiyyələri daha çox narahat edən məsələlərdən ən vacibi qəbul edilmiş qanunların icra mexanizmlərinin bəzi məqamlarının hələ də  işləməməsi və yaxud  icra mexanizmlərinin işləməsinə müəyyən mənada müvafiq qurumların maraqlı olmamalarıdır. Qəbirstanlıqla bağlı qəbul edilmiş və təsdiq edilmiş qanun və normativ sənədləri buna misal çəkmək olar. 

Belə ki,  “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2017-ci il 29 dekabr tarixli 960-VQD nömrəli Qanununun və həmin Qanunun tətbiqi haqqında 18 yanvar 2018-ci il tarixli, 1789 nömrəli Prezident Fərmanının icrası istiqamətində tədbirlərlə bağlı, o cümlədən Nazirlər Kabinetin 22 yanvar 2018-ci il tarixli, 29 s nömrəli və 2018-ci il, 4 dekabr tarixli, 522 nömrəli Qərardan  sonra Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin balansında olan qəbirstanlıqların ərazilər üzrə bələdiyyələrin balansına verilməsinə başlanıldı.   

Bu məqamda sual olunur üç aya başa çatdırılmalı olan məsələ niyə  beş ildir davam edir və hələ başa çatdırılmayıb. Səbəb nədir?  Əhaliyə Vətəndaşlıq Xidməti Tresti nəyi gözləyir, bilən varmı? 

Trestdən aldığımız məlumatda qeyd edilir ki,  Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin balansında olan 31 qəbirstanlıqdan 23 qəbirstanlıq Nazirlər Kabinetinin "Qəbirstanlıqların salınması və idarə olunması qaydaları"nın təsdiq edilməsi barədə 04 dekabr 2018-ci tarixli 522 saylı qərarı əsasında müvafiq bələdiyyələrə təhvil verilib. Bələdiyyələrə təhvil verilən  22 qəbirstanlığın hər biri dolmuş vəziyyətdə olduğunu da unutmamalıyıq. Yəni dəfn üçün yer yoxdur. Bununla yananşı təhvil-təslim prosesi tələm tələsik aparılmış, trest  tərəfindən qəbirstanlıq reyestri  belə bələdiyyələrə təqdim edilməmiş, ərazinin kommunikasiya sistemləri isə tam bərbad gündə olmuşdur.    

Sual olunur, normativ hüquqi sənədlər toplusu təsdiq edilərkən hansı səbəbdən bu qəbirstanlıqların saxlanmasına dövlət büdcəsindən ayrılan xərclərin bələdiyyə büdcəsinə köçürülməsi  nəzərdə tutulmadı. Məhz prosesin həlli vacib məsələlərindən biri bu məqam olmalı idi. Hər halda belə ehtimal etmək olar ki, büdcədən trestə həmin vəsait  bu gün də ayrılır. 

Bununla yanaşı  Nazirlər Kabineti qəbul etdiyi normativ sənədlərin icrasıyla bağlı monitorinq aparmış olsaydı yəqin ki, beş il ərazində prosesin uzadılmasının hansı səbəbdən baş verdiyini rahatlıqla öyrənə bilərdi.  

Qeyd edildiyi kimi, trest 31 qəbirstanlıqdan 23-nü bələdiyyəyə təhvil verib. Sual olunur  bəs “işlək vəziyyətdə” olan digər səkkiz qəbistanlıq nə vaxt təhvil veriləcək. Qaradağ rayonu ərazisinə düşən ümumşəhər  “Qurd qapısı”,  Zabrat, Keşlə, Əhmədli, Badamdar və  Bibiheybət qəbirstanlıqlarının  təhvil verilməsi hansı səbəbdən ləngiyir, bilən varmı. Bu gün adları çəkilən qəbirstanlıqlarda ikinəfərlik qəbir yerinin satış qiyməti  2 mindən 10 min manat aralığında olduğu deyilir. Bu rəqəmi konkret 7-dən 77-dək hər kəs bilir və  bizim adıçəkilən ərazilərdə apardığımız müşahidələrimiz, sorğularımız da bunu bir daha təsdiq etdi.   

Bununla yanaşı qəbirstanlıq ərazisində yerləşən məzar daşı sexləri hansı səbəbdən  Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin istehsalat sahələri hesab olunmalıdr. Qəbirstanlıq təhvil verilirsə hansı səbəbdən ərazidə olan digər tikililər, o cümlədən  məzar daşı sexləri, həmçinin ziyarətgahlar  bələdiyyələrə təhvil verilməyib.

Trest əsas kimi, sexlərin Əmlak məsələləri Dövlət Xidməti tərəfindən pasportlaşdırıldığını və hər ilin sonunda tikililər üzrə dövlət əmlakının qorunub saxlanılması barədə məlumatı  Əmlak Məsələləri Dövlət Xidmətinə  hesabat təqdim edildiyini qeyd edir. Təəssüf ki, qəbirstanlıqların pasportlaşdırılmasını həyata keçirməyi  trest özü tamam unudub.  

Belə qənaətə gələ bilərik ki, bələdiyyələrin məqamında dirəniş göstərməmələri nəticədə onların üzləşdikləri problemin təsir dairəsini bir qədərdə genişləndirmiş  oldu. Nə isə...

***

Bu məsələ ilə bağlı başqa bir məqama da toxunmaq istərdim. Demək, paytaxtda adıçəkilən trestin balansında olan 31 qəbirstanlqdan başqa, ondan artıq havadan asılı vəziyyətdə olan məzarlıqda var. Qaradağ, Səbail, Suraxanı, Xəzər, Sabunçu  və Binəqədi rayonlarında olan məzarlıqların fəaliyyəti barədə hər kəsin məlumatı var.  Rəsmən havadan asılı vəziyyətdə olsa da, faktiki olaraq onlar idarə olunur. Təəssüf ki, əraziyə ümumi nəzarət “çöldən-çölə” bələdiyyələrə tapşırılsa da, ancaq onların  məzarlığa daxil olması və hər hansı addım atması, konkret olaraq, qeyri-mümkündür. Çünki bu məzarlıqlar “gözə görünməyən  şəxslər” tərəfindən idarə olunur.

Haqlı olaraq  sual olunur, niyə müvafiq qurumlar havadan asılı olan bu məzarlıqları indiyədək  havadan asılı vəziyyətdə saxlayıb. İndiyədək nə reyestr aparılıb, nə xidmət göstərilib. Ancaq dəfn zamanı konkret olaraq adam ortaya çıxıb qiymət oxuyur. Belə olan vəziyyətdə nə edilməli, hansı addım atılmalıdır? Düşünürəm ki, vətəndaşları və bələdiyyələri narahat edən bu problem birdəfəlik həll edilməli, mövcud narazılıqlar aradan qaldırılmalıdır. Yəni qəbirstanlıqların idarəçiliyi ilə yanaşı, tikili və müəssisələrlə birgə ərazilərdə bələdiyyənin mülkiyyətinə verilməli, əvvəlki illərdə onların saxlanılmasına dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin bələdiyyələrə köçürülməsi təmin edilməlidir. Yalnız bu halda sözügedən sahədəki hərc-mərclik aradan qalxar və problemdə öz həllini tapar. 

Son olaraq qeyd edim ki, ölkəmizdə barmaqla sayıla biləcək qədər də olsa bu sahəyə tam nəzarəti  edib, tələb olunan səviyyədə vətəndaşlara  xidmət göstərən  bələdiyyələrimiz var. Hazırda Bakının Yasamal bələdiyyəsi və Gəncə şəhəri Kəpəz və Nizami bələdiyyələrinin ərazilərindəki qəbirstanlıqlarda ciddi nizam-intizam  yaratmaqla, həmdə büdcələrinə əlavə vəsait cəlb edə biliblər və ən əsası bununla adıçəkilən bələdiyyələr ortaya həm də bir təcrübə qoyublar. Bu təcrübəyə söykənərək sözügedən  sahəni bələdiyyələrin məsuliyyət dairəsinə rəsmi şəkildə təhvil verməklə, həm də mövcud sahədəki özbaşınalıqları aradan  qaldırmış olarıq. 

Vüqar Tofiqli 

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyin sədri 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bir yubileyin yaratdığı əks-səda  

Gündəlik Xəbərlər
16-11-2024
244

Söhbət o insandan gedir ki,...

Gündəlik Xəbərlər
13-11-2024
258

Gənclər Mərkəzi bu rayonlarda tədbir keçirib - FOTO

Gündəlik Xəbərlər
06-11-2024
222

Eldar Əzizov Bağırov körpüsündə 

Gündəlik Xəbərlər
26-10-2024
264