Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-07-2026 , 16:38

116

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Fəaliyyətimiz şəffaflıq, hesabatlılıq və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir

 Azərbaycan Respublikasında yerli özünüidarəetmə institutunun inkişafı və fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən ardıcıl islahatlar bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılmasına, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, vətəndaş məmnunluğunun təmin edilməsinə və sosial yönümlü layihələrin daha geniş miqyasda icrasına əlverişli şərait yaratmışdır.

Sahil bələdiyyəsi də hesabat dövründə fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", Vergi Məcəlləsinə və digər normativ-hüquqi aktların tələblərinə uyğun quraraq, yerli əhəmiyyətli məsələlərin həlli, sosial müdafiə tədbirlərinin həyata keçirilməsi, şəhid ailələri, qazilər, aztəminatlı ailələr və ahıllara dəstəyin göstərilməsi, qəsəbənin abadlaşdırılması və əhalinin müraciətlərinin operativ həlli istiqamətində məqsədyönlü fəaliyyətini davam etdirmişdir.

Azərbaycan Respublikasında 2026-cı ilin "Şəhərsalma və memarlıq ili" elan olunması ilə əlaqədar təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Sahil qəsəbəsi ərazisində abadlıq və təmizlik işləri genişləndirilmiş, Bakı–Ələt (Qazax) avtomobil yolunun Sahil qəsəbəsindən keçən hissəsində yerləşən, ümumi sahəsi təxminən 4000 kv.m  olan daş hasarın əsaslı təmiri və rənglənməsi işləri həyata keçirilmişdir.

Bələdiyyənin təşəbbüsü və sahibkarların dəstəyi ilə müqəddəs Qurban bayramı münasibətilə 50 aztəminatlı ailəyə ərzaq bağlamaları və bayram sovqatları təqdim edilmişdir. Eyni zamanda 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş igidlərimizin ailələri ziyarət olunmuş, onların sosial vəziyyəti, qayğı və problemləri ilə yaxından maraqlanılmış, ehtiyaclarının həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür.

Hesabat dövründə sosial müdafiə tədbirləri çərçivəsində aztəminatlı ailələrə, şəhid ailələrinə və digər həssas sosial qruplara maddi və mənəvi dəstək göstərilmiş, onların müraciətlərinə operativ baxılmış və mövcud imkanlar çərçivəsində problemlərinin həllinə köməklik edilmişdir.

Cari ilin ilk altı ayı ərzində Sahil bələdiyyəsi tərəfindən 8 ümumi iclas keçirilmiş, qəbul edilmiş qərarlar və protokollar qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin informasiya sisteminə vaxtında daxil edilmişdir.

Hesabat dövründə müxtəlif dövlət qurumlarından və təşkilatlardan bələdiyyəyə 46 rəsmi məktub daxil olmuş, 100 məktub göndərilmiş, həmçinin 4 yazılı müraciətə və digər sənədlərə qanunvericiliyin tələblərinə uyğun baxılaraq əsaslandırılmış cavablar verilmişdir.

Bələdiyyə sədri tərəfindən ümumilikdə 126 vətəndaş qəbul edilmiş, qəbul zamanı vətəndaşların, şəhid ailələrinin və qəsəbə sakinlərinin sosial-məişət, torpaq, mülkiyyət, kommunal və digər yerli əhəmiyyətli məsələlərlə bağlı müraciətləri dinlənilmiş, qaldırılan problemlərin araşdırılması və həlli istiqamətində aidiyyəti tədbirlər görülmüşdür.

Bələdiyyə büdcəsinin gəlirlərinin formalaşdırılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Qanunun tələblərinə uyğun həyata keçirilmişdir. Yerli vergi və ödənişlərin vaxtında yığılması məqsədilə vergi ödəyiciləri arasında maarifləndirmə tədbirləri davam etdirilmiş, onlara qanunvericiliyin tələbləri izah olunmuş, şifahi və yazılı xəbərdarlıqlar edilmişdir.

Bununla yanaşı, vergi öhdəliklərini müəyyən olunmuş müddətdə yerinə yetirməyən 31 vergi ödəyicisi barəsində inzibati aktlar tərtib edilərək borcların məcburi qaydada tutulması məqsədilə aidiyyəti icra orqanına göndərilmişdir.

Hesabat dövründə bələdiyyənin maliyyə intizamının möhkəmləndirilməsi, yerli büdcə gəlirlərinin artırılması və büdcə vəsaitlərindən səmərəli istifadə olunması istiqamətində zəruri tədbirlər ardıcıl şəkildə davam etdirilmişdir.

Hesabat dövründə bələdiyyə büdcəsinə ümumilikdə - 72.400 manat məbləğində daxil olmuş gəlirlər aşağıdakı mənbələr hesabına formalaşmışdır:

Fiziki şəxslərdən torpaq vergisi –  7.240 manat;

Fiziki şəxslərdən əmlak vergisi – 65160 manat.

Hesabat dövrü ərzində yerli büdcəyə daxil olmuş vəsaitlər qanunvericiliyin tələblərinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə xərclənmişdir:

Bələdiyyə qulluqçularının əmək haqlarının ödənilməsinə – 39048 manat;

Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta ayırmalarına – 10152 manat;

Təsərrüfat mallarının, dəftərxana ləvazimatlarının və digər zəruri inventarların alınmasına – 3800 manat;

Kommunal xidmətlərin, rabitə və telefon xərclərinin ödənilməsinə –1500 manat;

Sosial yardımlara – 5900 manat

Dəfn və yas mərasimlərinin təşkilinə -7000 manat

Sair xərclər-5000 manat

Hesabat dövründə həyata keçirilən tədbirlər nəticəsində bələdiyyənin maliyyə sabitliyinin qorunması, yerli büdcə gəlirlərinin artırılması, vergi və ödənişlərin yığımının yaxşılaşdırılması, vəsaitlərin təyinatı üzrə səmərəli istifadəsi təmin edilmişdir. Eyni zamanda şəffaflıq, hesabatlılıq və vətəndaş məmnunluğunun yüksəldilməsi bələdiyyənin fəaliyyətinin əsas prioritet istiqamətləri kimi diqqət mərkəzində saxlanılmışdır.

Sahil bələdiyyəsi qarşıdakı dövrdə də yerli büdcə gəlirlərinin artırılması, vergi bazasının genişləndirilməsi, sosial müdafiə tədbirlərinin davam etdirilməsi, qəsəbədə abadlıq və infrastruktur layihələrinin həyata keçirilməsi, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və yerli özünüidarəetmə prinsiplərinin daha da təkmilləşdirilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirəcəkdir. Bu məqsədlə dövlət qurumları, sahibkarlar və qəsəbə sakinləri ilə əməkdaşlığın genişləndirilməsi, yeni sosial layihələrin həyata keçirilməsi və vətəndaşların rifahının yüksəldilməsinə xidmət edən tədbirlərin icrası daim diqqət mərkəzində saxlanılacaqdır.

 

Ramil Hüseynov

Qaradağ rayonu, Sahil bələdiyyəsinin sədri                                                         

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər