15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi
Azərbaycan xalqının müstəqillik tarixində xüsusi əhəmiyyətə
malik olan 15 İyun – Milli Qurtuluş Günü ölkəmizin dövlətçilik salnaməsində
mühüm mərhələ kimi yadda qalmışdır. Bu əlamətdar gün xalqımızın taleyində dönüş
nöqtəsi olmaqla yanaşı, müasir Azərbaycanın inkişaf yolunun əsasını təşkil edən
siyasi sabitliyin, milli birliyin və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi
baxımından müstəsna əhəmiyyət daşıyır.
XX əsrin sonlarında dövlət müstəqilliyini yenidən bərpa
etmiş Azərbaycan ciddi siyasi, iqtisadi və sosial problemlərlə üz-üzə qalmışdı.
Ölkədə hökm sürən qeyri-sabitlik, hakimiyyət böhranı, vətəndaş qarşıdurması təhlükəsi
və xarici təzyiqlər dövlət müstəqilliyini ciddi şəkildə təhdid edirdi. Belə mürəkkəb
və məsuliyyətli bir dövrdə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər
Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın xilası və gələcək inkişafı üçün
tarixi zərurətə çevrildi.
1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan
Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkənin siyasi həyatında yeni mərhələnin
başlanğıcı oldu. Məhz həmin gündən etibarən Azərbaycanda dövlət quruculuğu
prosesi sistemli şəkildə həyata keçirilməyə başladı, ictimai-siyasi sabitlik təmin
edildi, milli həmrəylik möhkəmləndirildi və ölkənin gələcək inkişaf
strategiyası müəyyənləşdirildi. Sonrakı illərdə həyata keçirilən islahatlar nəticəsində
Azərbaycan regionun ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrildi.
Milli Qurtuluş Günü yalnız tarixi hadisənin ildönümü deyil,
həm də xalqın öz dövlətinə, müstəqilliyinə və milli dəyərlərinə sadiqliyinin
ifadəsidir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
ilə ölkəmiz qurtuluş ideyalarından qaynaqlanan uğurlu inkişaf yolunu davam
etdirir, beynəlxalq aləmdə nüfuzunu daha da artırır və əldə etdiyi nailiyyətlərlə
dövlətçilik tarixinin yeni səhifələrini yazır.
Milli Qurtuluş Günü hər bir azərbaycanlı üçün dövlət müstəqilliyinin
qorunmasının, milli birliyin və vətəndaş həmrəyliyinin vacibliyini bir daha
xatırladır. Bu əlamətdar gün münasibətilə bütün həmvətənlərimizi səmimi qəlbdən
təbrik edir, ölkəmizə davamlı inkişaf, firavanlıq və əmin-amanlıq arzulayıram.
Anar Nadir oğlu İsmayılov
Tarix üzrə fəlsəfə doktoru
Mingəçevir bələdiyyəsinin sədri
Rəylər
0 Rəy