Bələdiyyə qanunvericiliyinin icrası niyə təmin edilmir? AYNA rəsmiləri nəyi gözləyir
Ötən il sürücülər üçün ən yaddaqalan hadisələrdən
biri də avtodayanacaq sistemində mövcud olan hərc-mərcliyin aradan qaldırılmasıyla
bağlı atılan addımlar oldu. Bu istiqamətdə isə diqqətiçəkən əsas addım avtodayanacaq
ödənişlərinin dövlət büdcəsinə daxil olmasını təmin etmək idi.
Etiraf edək ki, beş ildən artıq bir müddət ərzində
adıçəkilən sahədə mövcud olan pərakəndəlik, hətta bəzi hallarda hərc-mərclik
hallarının baş alıb getməsi sakinlərin və ən əsası sürücülərin narazılğını artırmış olurdu. Onu da etiraf etməliyik
ki, son iyirmi il ərzində avtodayanacaq sahəsi uğrunda xüsusəndə mərkəzi icra
hakimiyyəti orqanları arasında ciddi mübarizə getdiyinin də şahidi olmuşuq.
Mübarizə elə kəskin xarakter almışdı ki, sonda bu sahə hansısa şəxslərin
inhisarına keçmiş oldu. Və nəticədə yeddi ilə yaxın müddət ərzində kifayət qədər
maliyyə vəsaiti dövlət büdcəsinə deyil, şəxsi ciblərə gedəsi oldu. Nə isə.
Axır ki, avtodayanacaq sahəsi öz sahibini tapmış
oldu. Və bu gün ən müasir standarlara cavab verən və bu gün sürücülərin istifadəsinə
verilən “azparkinq sistemi” mükəmməl şəkildə işləyir və əldə olunan vəsait
onlayn qaydada dövlət büdcəsinə mədaxil olunur. Yəni tam şəffaflıq təmin
edilir. Ən əsası burada çalışanlar gözlərini daha sürücülərin əlinə deyil, yüksək
səviyyədə aldıqları əməkhaqqına yönəldirlər. Çox yaxşı. Hər halda təqdirəlayiq
olan bütün məsələləri biz də dəstəkləyir və bir daha alqışlayırıq. Lakin
avtodayanacaq sisteminin hazır ki yeni sistemini qurarkən bir məqamı yəni, əldə
olunan vəsaitdən bələdiyyələrə aid olan vəsaitin ödənilməsini, AYNA rəsmiləri təəssüf
ki unudublar.
Bu arada diqqəti əldə etdiyimiz bir fakta çəkmək
istərdim.
Yəni məsələ ilə bağlı problemlə üz-üzə qalan Nəsimi
bələdiyyəsi müvafiq olaraq AYNA-ya müraciət etməli olub. Etiraf edim ki, AYNA-nın sədr müavininin imzasıyla bələdiyyənin
müraciətinə məntiqə sığmayan cavab
verilib. Yəni “Yol hərəkəti haqqında” Qanuna
istinad edən AYNA rəsmilərinin məktubu bu cümlə ilə bitir: “Dövlət avtomobil yollarında
olan parklanma yerlərindən istifadəyə görə, toplanılan vəsaitdən yerli (bələdiyyə) vergilərin
ödənilməsi məqsəduyğun hesab edilimir.”
Beləliklə, AYNA rəsmiləri ölkəmizdə Ulu öndər Heydər
Əliyevin yadığarlarından biri olan bələdiyyə sisteminin bir təmsilçisinin
müraciətinə qanunvericilik qaydasında baxıb müvafiq olaraq nəzərdə tutulan vəsaiti köçürmək əvəzinə onun köçürülməsini ümumilikdə
məqsədəuyğun hesab etmir. AYNA-nın bu cavabı əslində qanuna müvafiqdirmi?
Qanunvericiliyin və normativ-hüquqi sənədlərə diqqət
yetirək.
7 dekabr 1999-cu il il tarixli Ulu öndər Heydər Əliyevin
imzaladığı “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanunun yeddinci maddəsinin 1.6 bəndində “kurort rüsumu, mehmanxana rüsumu, avtomobillərin
dayanacaqları üçün rüsum, bələdiyyə yollarında təşkil edilmiş parklanma yerlərindən
daxil olan vəsait və qanunla müəyyən edilən digər yerli ödənişlər”
yerli büdcənin gəlirləri sırasına daxil edilib. Göründüyü kimi, mətndə aydın şəkildə
“avtomobillərin dayanacaqları üçün rüsum”
yazılıb.
Ulu öndərin 27 dekabr 2001-ci il tarixdə imzaladığı
digər bir “Yerli (bələdiyyə) vergilər və
ödənişlər haqqında” Qanunun doqquzuncu maddəsində
qeyd edilir:
“Maddə 9. Yerli ödənişlərin tərkibi
9.1.5. bələdiyyə
ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və
ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat
vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş. Bu ödəniş hər
bir nəqliyyat vasitəsi üçün sutkada 0,1 manatdan çox olmamaqla müəyyən edilir”
Bu qanunlardan irəli gələrək Dövlət Vergi Xidməti rəisinin 04
noyabr 2022-ci il tarixli əmriylə təqdiq edilmiş “Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanmasi,
ödənilməsi və uçotu ilə bağli metodiki vəsait”in 6.5 bəndində konkret olaraq bu
məsələyə konkret şəkildə aydınlıq gətirilir:
“6.5. Bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə
məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına
əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya
müvəqqəti dayanacaqları üçün ödəniş.
Bələdiyyə ərazilərində
hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları
və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat
vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş hər bir nəqliyyat
vasitəsi üçün sutkada 0,1 manatdan çox olmamaqla hər bir ödəyicidən tutulur və
dayanacaqları təşkil edən şəxslər tərəfindən bələdiyyələr tərəfindən müəyyən
edilmiş müddətlərdə və qaydalarla müvafiq bələdiyyənin büdcəsinə ödənilir.”
Yəni maddədə aydın şəkildə yazılır ki, bələdiyyə ərazilərində
hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqlarından
daxıl olan ödənişlərdən bələdiyyə büdcəsinə vəsait ödənilməlidir. Konkret.
Qanunun bu maddəsini başqa cür tövsif etmək, don geyindirmək, hansısa forma və
məzmunda bəhanə gətirmək cənfəngiyyatdan başqa bir şey deyil.
Göründüyü kimi, hətta Dövlət Vergi Xidməti hazırladığı
tövsiyə məktubunda da hər hansı şəkildə nə “Yol hərəkəti haqqında”, nə dəki digər qanuna deyil bələdiyyələrə aid
eidlən qanunlara istinad edilərək ödənişləri necə və hansı formada ödənilməsi
aydın şəkildə göstərilir.
Belə olan halda AYNA-nın rəsmiləri bu qanunlardan
irəli gələn məqamları yerinə yetirmək əvəzinə onun tələbinin icra etməyi məqsədəuyğun
hesab etməməsi başa düşülən deyil. Ən azı bu cavab bələdiyyə sistemimi tənzimləyən
qanunlara hörmətsizlik anlamına gəlir. Adıçəkilən qurumlarda çalışanlar bələdiyyələrə
dəstək vermək əvəzinə ona problem yaratmaları sadəcə anlaşılan deyil.
Bu arada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin
başqa bir qurumunun “Azərbaycan Dəmir
Yolları” Qapalı Səhmdar Cəmiyyətinin dəmiryol vağzalı ətrafında təşkil
etdiyi avtodayanacaqlardan ödənişin etməməsi üçün gətirdiyi səbəb də bəhanədən
başqa bir şey deyil. Necə ola bilər ki, dəmiryol vağzalı ətrafında gündəlik
dövriyyəsi kifayət qədər olan parkinq sistemi-dayanacaq yaradırsan, hər maşına
görə saatı bir manat olmaq şərtiylə maliyyə vəsaiti alırsan, amma aldığın
puldan 10 qəpik bələdiyyə büdcəsinə köçürməyə əlin gəlməyə. Ayıbdır vallah.
Beləliklə, bu gün mərkəzi icra orqanlarının əsas vəzifəsi
həm də qanunların icrasını təmin etmək olmalıdır. Üstəlik, Ulu öndər Heydər Əliyevin
imzaladığı qanunların əleyhinə getməyə isə bu qurum rəsmilərinin ümumiyyətlə mənəvi
haqqı yoxdur.
Cənab məmurlar, nə qədərki gec deyil gəlin bir az
düşünək və bələdiyyə sisteminin inkişafına öz töhfəmizi verməyi unutmayaq.
Vüqar Tofiqli
“Bələdiyyələrin
fəaliyyətinin təbliği” İctimai birliyinin sədri
Rəylər
0 Rəy