Torpaqlar icarəyə verilərkən hansı şərtlərə əməl edilməlidir? Soruşun cavab verəkl?
Sual 1: Torpaqlar icarəyə verilərkən hansı şərtlərə əməl edilməlidir?
Cavab 1: “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən torpaqlar icarəyə verilərkən aşağıdakı şərtlərə əməl edilir:
· ərazinin təbii-coğrafi şəraitinin, torpaqdan istifadənin müddətinin və xüsusiyyətlərinin, qonşu torpaqların mülkiyyətçilərinin və istifadəçilərinin qanunla qorunan mənafelərinin nəzərə alınması;
· torpaqların təyinatı üzrə istifadə edilməsi;
· torpaqların istifadəsi zamanı ekoloji tarazlığın gözlənilməsi və ətraf mühitin mühafizəsinin təmin edilməsi;
· torpaq sahələrinin yerquruluşu layihələri və yaşayış məntəqələrinin baş planları əsasında verilməsi;
· kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin və münbitliyinin qorunması, bərpası və yaxşılaşdırılmasının təmin edilməsi.
Sual 2: Xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları hansı hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir?
Cavab 2: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları aşağıdakı hədlər daxilində müəyyən edilir:
· fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək, 9-12-ci zonalar üzrə - 0,06 hektaradək, Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Naftalan, Xankəndi, Şəki və Yevlax şəhərlərində - 0,07 hektaradək, digər rayon mərkəzlərində -0,08 hektaradək, qəsəbə və kəndlərdə - 0,12 hektaradək;
· 8.0.2. fərdi bağ evlərinin tikintisi üçün - 0,12 hektaradək;
· 8.0.3. kənd təsərrüfatı məqsədləri üçün inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq normasının kənd təsərrüfatına az yararlı torpaqlardan - 500 mislinədək; yararsız torpaqlardan - 600 mislinədək;
· 8.0.4. sənaye, nəqliyyat, rabitə və digər istehsal, ticarət, ictimai-iaşə, xidmət, digər obyektlərin, habelə fərdi və kooperativ qarajların, inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün - layihə sənədləri ilə tələb olunan ölçüdə;
Sual 3: Bələdiyyə üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinin əsasları hansılardır?
Cavab 3: “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən bələdiyyə üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinin əsasları aşağıdakılardır:
· bələdiyyə seçkiləri zamanı səslərin düzgün hesablanmadığı aşkar edildikdə;
· öz arzusu ilə bələdiyyə üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;
· bələdiyyə üzvlüyünə namizədlər üçün qanunla müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə;
· qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında məsul vəzifə tutduqda və ya bələdiyyə qulluqçusu kimi vəzifə tutduqda;
· altı aydan artıq müddətdə xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə məhkəmə tərəfindən təşkil edilmiş xüsusi həkim komissiyasının rəyi olduqda;
· ardıcıl olaraq üç dəfə bələdiyyə iclaslarını üzrsüz səbəbdən buraxdıqda və ya il ərzində keçirilən iclasların yarısından çoxunda üzrsüz səbəbdən iştirak etmədikdə.
Hazırladı: Nicat İsmayılov
Gəncə Regional Ədliyyə İdarəsinin böyük məsləhətçisi, I dərəcəli ədliyyə qulluqçusu
Rəylər
0 Rəy