Sabunçu RİH- başçısı: "Rayonda icra-bələdiyyə münasibətləri işgüzar səviyyədə qurulub"
Cari ildə fəaliyyətimin əsas istiqmaətlərindən biri də icra başçılarının səyyar görüşlərində iştirak etməklə, həm də bələdiyyə-icra münasibətlərinə aydınlıq gətirmək idi. Bu günədək Xəzər, Sabunçu, Nərimanov, Hacıqabul, Cəlilabad, Səbail RİH başçılarının səyyar görüşlərində iştirak etmişəm.
İş elə gətirib ki, Sabunçu RİH başçısının Ramana qəsəbəsində keçirilən görüşündə təkrar iştirak etdim. Bu dəfə ki səyyar görüş gözləmədiyim halda müəyyən gərginliklə müşaiyət olunsa da siyasi rəhbər çox ustalıqla və ən əsası hər hansı siyasi səhvə yol vermədən vəziyyətdən çıxmağı bacardı.
İlk dəfə olaraq Sabunçu RİH başçısı aparatıyla əlaqə yaradıb siyasi rəhbərə ünvanladığım bir neçə sualla gözləmədiyim halda çox operativ şəkildə cavab aldım:
Beləliklə, Sabunçu RİH başçısı Adil Vəliyevə ünvanladığım suallara cavabı olduğu kimi təqdim edirəm:
- Rəhbərlik etdiyiniz rayonda icra-bələdiyyə münasibətləri hansı səviyyədə qurulub və necə tənzimlənir?
- Sabunçu rayonunda icra-bələdiyyə münasibətləri işgüzar səviyyədə qurulub. Rayonun sosial-iqtisadi inkişafı ilə bağlı bütün tədbirlərdə bələdiyyələr iştirak edirlər. Rayonun ictimai-siyasi həyatında da bələdiyyələr fəal iştirak edirlər. RİH yanında İctimai Şuraya seçkilərində bələdiyyələr fəal iştirak edir və Şuraya üzv seçilirlər. Bələdiyyələrin üzləşdiyi problemlər dinlənilir və həmin problemlərin həllinə RİH tərəfindən köməklik göstərilir və aidiyyəti qurumlar qarşısında məsələ qaldırılır.
- Rayonda formalaşan 10 bələdiyyənin qarşılaşdığı problemlərin həllinə Icra Hakimiyyəti olaraq hansı formada dəstək göstərilir?
-Bir çox bələdiyyələr, o cümlədən Maştağa, Nardaran və Bilgəh bələdiyyələrinin ərazisindəki küçələrdə yollarının asfaltlanması bələdiyyələrin problemi olduğu halda, həmin küçələrə asfalt vurulması Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə bələdiyyələrin iştirakı ilə həyata keçirilir.
- 10 bələdiyyədən daha çox hansı bələdiyyənin fəaliyyəti seçiciləri qane edir?
-Bələdiyyələrin fəaliyyəti ilə bağlı hər hansı narazılıq daxil olmamışdır. O ki qaldı seçiciləri daha çox qane edən bələdiyyələrə, buna misal olaraq Maştağa və Bakıxanov bələdiyyələrini göstərmək olar.
- RİH-nin rəsmiləri yerli vergiləri ödəyirlərmi?
- RİH-nin rəsmilərinin yaşayış yerləri Bakının fərqli rayonlarındadır. Yaşadıqları ərazilərin bələdiyyələri tərəfindən vergi ödənilməməsi ilə bağlı RİH-nin əməkdaşları barədə RİH-ə hər hansı məlumat daxil olmamışdır.
Belediyye.info
Rəylər
0 Rəy