Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-04-2023 , 10:48

Son xəbərlər

Bütün xəbərlər

Solovyov erməni milyonçuların puluna satılıb

Gündəlik Xəbərlər
27-03-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Təhlükə yaradan ağacların yaratdığı suallar

Təhlükə yaradan ağacların yaratdığı suallar

Bu gün keçmiş sovet dövrünün  qəbul edilməyən addımlarından biri də paytaxtın park və bağlarında havanın təmizliyinə xidmət etməyən, xüsusəndə görünüş cəhətdən baxımlı olmayan ağacların əkilməsinin həyata keçirilməsiydi. Nəticədə bu gün paytaxtın bir sıra mərkəzi park və meydanlarında saysız-hesabsız sıradan çıxmaq üzrə olan  çoxsaylı ağaclar diqqəti çəkməkdədir. İstər keçmiş sovet dövründə, istərsə də müstəqillik dövründə əkilən ağacların budanması, köküstə qurumuş ağacların götürülməsi isə hər bir özünə hörmət edən şəxsi bu gün daha çox  narahat etməkdədir.

Bir məsələ aydındır ki, bütün hallarda qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq mərkəzi icra  orqanının rəyi tələb olunur. Olsun. Qanun tələb edirsə onu hər birimiz  birmənalı olaraq icra etməyə borcluyuq. Ancaq bu da bir həqiqətdir ki, qəbul edilən və işlək vəziyyətə gətirilən qanunların illər sonra dəyişikliyə və müəyyən təkmilləşdirməyə ehtiyacı olur. İndiki halda yaşıllıqların qorunması və mühafizəsi, habelə köküstə qurumuş ağacların götürülməsi və ya budanması, habelə təhlükə yaradan ağacların, xüsusən də binaların bünövrəsində özbaşına bitmiş ağacların yaratdığı problemin aradan qaldırılması üçün müvafiq prosedur qaydalarının bəzi məqamları  neqativ halların yaranmasına səbəb olması da  faktdır. Belə olan halda qanunvericiliyə və yaxud normativ-hüquqi  sənədlərə  dəyişiklikləri hansı orqan hazırlayıb müvafiq olaraq qanunverici orqana təqdim etməlidir? Maraqlıdır ki, bəh-bəhlə istinad etdiyimiz hüquqi sənədlərdəki boşluqları görüb, lakin onun aradan qaldırılması üçün hər hansı bir addımın atılmasına çalışmırıqsa demək məqsədimiz başqadır.  

***

Etiraf edilməlidir ki, paytaxt ərazisində aparılan abadlıq-quruculuq işlərində, xüsusəndə  yaşıllıqların qorunmasında hər bir bələdiyyə öz töhfəsini verməkdədir. Bu günədək bələdiyyələr tərəfindən ərazilərdəki park və meydanlarda ekoloji maarifləndirməyə həsr olunan saysız-hesabsız müxtəlif səpgili layihələr icra edilməkdədir. Onu da etiraf etməliyik ki, ekoloji layihələrin həyata keçirilməsiylə bağlı bələdiyyə iclaslarındakı müzakirələrdə layihələrin icrasını hər bir üzv dəstəkləmiş, habelə bələdiyyə büdcəsindən layihələrin icrasına maliyyənin ayrılmasına razılıq vermişlər. Bununla yanaşı yaşıllıqların mühafizəsi də bütün bələdiyyələrdə formalaşdırılan ekologiya komissiyalarının  daim diqqət mərkəzində olması da danılmaz faktdır.  

***

Yuxarıda qeyd etdiyim kimi, bu gün ağacların budanması və bir çox hallarda götürülməsiylə bağlı aparılan proses həm vətəndaş, həm bələdiyyələr üçün vaxt itgisi, həm də əsəb sarsıntısı yaratmaqdadır. Etiraf etməliyik ki, Dövlət Ekoloji Ekspertiza Agentliyinə ünvanlanan çoxsaylı müraciətlərin vaxtında cavablandırılmaması, eyniməzmunlu məktublara müxtəlif məzmunda cavabların verilməsi, bir çox hallarda bələdiyyələrə haqsız cərimələrin yazılması və ən əsası “seçilmiş” tikinti şirkətlərinin marağına uyğun addım atılması vətəndaşlar və bələdiyyə kollektivinin haqlı narazlılğına səbəb olur və olmaqdadır.

Əlavə edim ki, bələdiyyələrə yazılan cərimələrin böyük əksəriyyəti əsassız olduğundan demək olar ki, məhkəməyə müraciət edən bələdiyyə sədrləri dərhal onun ləğvinə nail olurlar.

Bəs maraqlıdır,   Dövlət Ekoloji Ekspertiza Agentliyində çalışanlar bələdiyyələri və vətəndaşları niyə belə sarsıntı  və gərginlikə üz-üzə qoyur?

Üstəlik, ağacların kəsilməsiylə bağlı Dövlət Ekoloji Ekspertiza Agentliyinin qəbul etdiyi bir çox  qərarlarda 11 saylı Bakı regional ekologiya idarəsinin rəyi olmadan  həyata keçirilməsiylə bağlı xəbərlərin sosial media platformalarında səslənməsindən çox güman ki, rəsmilərin xəbəri yoxdur. Maraqlıdır, deyilmi. Belə düşünək ki, Dövlət Ekoloji Ekspertiza Agentliyinin bu addımlarının arxasında hansısa maraqlar və ya neqativ fikirlər  dayanmır.

***

Müvafiq mərkəzi icra orqanının, yəni Dövlət Ekoloji Ekspertiza Agentliyinin  bələdiyyələrin müraciətlərini məqamında “saya salmaması”  nəticə etibariylə vətəndaşı ağır təhlükə ilə üz-üzə qoyur. Hazırda qəbul edilmiş prosedur qaydası belədir.

Vətəndaş ağacların götürülməsi və ya budanması məsələsi ilə bağlı müraciəti yerli bələdiyyəyə ünvanlamalıdır. Bələdiyyədə öz  növbəsində həmin müraciəti rəy verilməsi üçün   Dövlət Ekoloji Ekspertiza Agentliyinə  göndərir.   Dövlət Ekoloji Ekspertiza Agentliyi isə öz növbəsində əraziyə və ağaca baxış keçirmək üçün həmin müraciəti 11 saylı regional ekologiya idarəsinə göndərir. İdarənin nümayəndəsi əraziyə baxış keçirib sakinlərin iştirakıyla protokol tərtib edib yenidən öz idarəsinə cavab verir. Qurum bundan sonra Dövlət Ekoloji Ekspertiza Agentliyinə cavab verir.  Regional idarənin cavabını aldıqdan sonra Dövlət Ekoloji Ekspertiza Agentliyi bələdiyyə cavab verir.. Bu arada əlavə edim ki, köküstə qurumuş ağac olsa artıq məktublaşmanın ikinci mərhələsi başlayır.  Yəni ağac ətrafa və sakinlərə ciddi təhlükə yaratmış olsa da, belə rəy verilir ki, ağacın torpağından analiz götürülməli və müəyyən edilməlidir ki, ağac hansı səbəbdən quruyub. Nəd   ənsə heç kimi yadına düşmür ki, təhlükə mənbəyi heç olmasa neytrallaşdırılsın sonra hansısa ekspertiza məsələsinə baxılsın. Mən Dövlət Ekoloji Ekspertiza Agentliyinin narahatlığını başa düşürəm. Ancaq əgər regional ekologiya idarəsinin nümayəndəsi gəlib rəy verirsə və təhlükənin olduğunu aktla təsdiq edirsə, düşünrəm ki, ilk növbədə təhlükə mənbəyi aradan qaldırılmalı, sonra ekspertiza məsələsinə baxılmalıdır. Konkret. 

Nə isə, tutalım, rəy verilir ki, budamaq olar. Dövlət Ekoloji Ekspertiza Agentliyindən cavab aldıqdan sonra bələdiyyə tam sənədləşməni həyata keçirərək onu BŞİH-in Yaşıllaşdırma idarəsinə göndərir. Bu idarənin texniki təchizatı  qənaətbəxş olmadığından  proses bir qədərdə  uzanaır.

İndi təsəvvür edin ki,  tək bu yazışmalar nə qədər vaxt aparır. Üstəlik  bu qədər uzun-uzadı aparılan yazışmalar həm vətəndaş üçün, həm də bələdiyyə qulluqçuları  üçün nə qədər əsəb sarsıntısı yaratmış olur.

Mənim yaşadığım ərazidə ötən ilin  dekabr ayında edilən müraciət nəticəsində, ciddi şəkildə aparılan danışıqlar və çoxsaylı xahişlər hesabına aprelin 14-də iki ağacın budanması həyata keçirilmişdır. Dörd ay ərzində isə güclü külək ağacın birinin qurumuş böyük budağının sakinin avtomobili üzərinə düşməsi nətisəcində 1500 manatlıq  ziyan dəymiş oldu. Belə olan halda, sual edirəm vətəndaş nə etməlidir? 

Başqa bir məsələ isə bünövrədə özbaşına bitmiş ağacla bağlı verilən cavab da xüsusi olaraq qeyd edilib ki, yalnız ətrafda çoxsaylı ağac əkilməli, şəkli agentliyə göndərilməli, yalnız ondan sonra bu məsələyə baxıla bilər. Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəsmilərinə müraciət edirəm: -bünövrədən özbaşına bitmiş və  “it iyi verən” aylandr ağacını bünövrədə kim əkib? Bu suala xahiş edirəm ki, Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəsmiləri cavab versinlər. Əgər bünovrədə bu ağac özbaşına bitibsə, müvafiq kommunl xidmət sahəsinin və sakinlərin məsuliyyətsizliyi səbəbindən ağac böyüyüb artıq binaya  problem yaradırsa bu zaman nə etmək lazımdır? Və yaxud bünovrədə özbaşına bitmiş bir ağacın götürülməsi üçün hansısa qanuna istinad edib vətəndaşın qarşısında tələb qoyulursa, günün birində bu ağac həmin binaya  təhlükə yaratdığı halda kim cavabdehlik daşıyacaq?  Bu zaman Dövlət Ekoloji Ekspertiza Agentliyi belə vəziyyədə nə cavab verəcək, maraqlıdır. Yenəmi sudan quru çıxmaq üçün hansısa qanunun hansısa maddəsinə istinad edəcək.

İkinci bir məqam götürülməsi nəzərdə tutulan ağacın yerinə əkiləcək ağacın harada əkilməsi və bu prosesin kimin razılıq verməsi məsələsidir. Göründüyü kimi, suallar çox, cavabı isə yoxdur. Maraqlıdır, Dövlət Ekoloji Ekspertiza Agentliyinin məsul əməkdaşları öz yazdıqları  cavabları  oxuyub vətəndaşlara nə qədər əsəb sarsıntısının yaratdıqlarının fərqindədirlərmi?   

Cənab Prezident məmurun xalqın xidmətçi olmalı olduğunu dəfələrlə bildirib.

Dostlar, budurmu xalqın xidmətçisi olmaq? Bir tərəfdən vətəndaşa, digər tərəfdən vətəndaşın səs verib seçdiyi bələdiyyələrə göstərilən xidmət?

***

Son olaraq bir məqamıda qeyd etməyi özümə borc bilirəm. Mənim Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləriylə, o cümlədən  nazirliyin hər hansı strukturuyla bağlı heç bir problemim yoxdur. Əksinə nazirliyin rəsmilərinə müraciətlərimə vaxtında reaksiya verdiklərinə görə daim  hörmət və ehtiramla yanaşıram.

Mənim bir vətəndaş olaraq  müvafiq orqan rəsmilərindən, xüsusəndə Dövlət Ekoloji Ekspertiza Agentliyindən xahişim odur ki, müraciətlərə vaxtında baxsınlar, neqativə söykənən məqamların yayılmasına şərait və bəhanə verməsinlər. Özünüz az olsa  fikirləşin ki, təhlükə yaradan ağacın budanması və ya götürülməsi niyə dörd-beş ay çəkməlidir?  Bəlkə bütün bu prosesin icrasında  “bir pəncərə sistemini” tətbiq etməklə həm vaxt itkisinə son qoyaq, həm də vətəndaşlara dəyə biləcək ziyanı aradan qaldıraq. Gəlin bir az düşünək və mövcud problemin aradan qaldırılmasına dəstək verək.

Artıq bu addımı atmağın zamanı gəlib...

Vüqar Tofiqli  

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə daha bir layihəyə yekun vurub

Gündəlik Xəbərlər
29-01-2024