Rəşad Babayev: “Bələdiyyəyə müraciət edən hər bir sakinin qaldırdığı problemin həllinə çalışırıq”
Bakı şəhərində fəaliyyət göstərən 45 bələdiyyədən 37-də cari ilin ilk doqquz ayı ərzində yerli vergilər üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə müxtəlif faizlərlə artıb. Artımın səviyyəsi ən aşağı göstərici olan 0,7 faizdən başlayaraq 2,4 dəfəyədək yüksəlib. Bununla yanaşı, səkkiz bələdiyyədə büdcə gəlirlərinin həcmində azalma qeydə alınıb. Həmin bələdiyyələrdən biri də Nizami rayonu Keşlə bələdiyyəsidir.
Belə ki, ötən ilin ilk on ayında Keşlə bələdiyyəsinin büdcə
gəlirləri 199 min 340 manat təşkil etdiyi halda, cari ilin eyni dövründə bu
göstərici 178 min 500 manata bərabər olub. Ötən ilin müvafiq dövründə büdcəyə əmlak
vergisi üzrə 149 min 550 manat, torpaq vergisi üzrə isə 46 min 741 manat daxil
olmuşdursa, cari ilin on ayında bu rəqəmlər müvafiq olaraq 131 min 56 manat və
45 min 214 manat təşkil edib. Göründüyü kimi, həm əmlak, həm də torpaq vergisi
üzrə daxilolmalarda azalma müşahidə olunub.
Bəs, büdcə gəlirlərində yaranmış bu geriləmənin əsas səbəbləri
nədir? Vergi daxilolmalarının azalmasına hansı amillər təsir göstərib? Hazırda
bələdiyyədə vergi-uçot sisteminin vəziyyəti necədir və mövcud problemlərin
aradan qaldırılması istiqamətində hansı addımlar atılır?
Bu və digər suallara aydınlıq gətirmək məqsədilə Keşlə bələdiyyəsinə
üz tutduq.
Bələdiyyədə iş günü öz axarı ilə davam edirdi. Əməkdaşlar,
xüsusilə də vergi xidmətinin işçiləri gündəlik vəzifələrinin icrası ilə məşğul
idilər. Bələdiyyənin sədri Rəşad Babayev və vergi xidmətinin rəhbəri Nigar Rəsulzadə
ilə görüşərək mövcud vəziyyət, qarşıya çıxan çətinliklər və onların həlli
istiqamətində görülən işlərlə maraqlandıq.
Söhbət zamanı bələdiyyə sədri Rəşad Babayev bildirdi ki,
büdcə gəlirlərində yaranmış azalmanın aradan qaldırılması və əvvəlki illərin
göstəricilərinə yaxınlaşmaq üçün bələdiyyədə ciddi müzakirələr aparılır. Mövcud
vəziyyət ətraflı təhlil edilir, gəlirlərin artırılması üçün müxtəlif təkliflər
nəzərdən keçirilir. Onun sözlərinə görə, qarşıdakı aylarda ötən illə müqayisədə
yaranmış fərqin mümkün qədər azaldılması üçün bütün zəruri tədbirlər görüləcək.
Rəşad Babayev qeyd etdi ki, hazırda əsas diqqət bələdiyyənin
vergi-uçot sisteminin təkmilləşdirilməsinə, vergi ödəyiciləri haqqında məlumatların
dəqiqləşdirilməsinə və məlumat bazasının sistemli şəkildə yenilənməsinə yönəldilib.
Bu istiqamətdə təkrarçılıq hallarının aradan qaldırılması, mövcud məlumatların
yoxlanılması, çatışmayan bilgilərin tamamlanması və hər bir vergi ödəyicisi barədə
dolğun məlumatların bazaya daxil edilməsi istiqamətində işlər aparılır.
Hazırda bələdiyyənin məlumat bazasında 5 mindən artıq vergi
ödəyicisi haqqında məlumat yerləşdirilib. Qarşıya qoyulan əsas vəzifələrdən
biri bu bazanın daha da təkmilləşdirilməsi, məlumatların dəqiqliyinin təmin
olunması və vergi inzibatçılığının müasir tələblərə uyğun qurulmasıdır.
Sədrin sözlərinə görə, növbəti ildən vergi bildirişlərinin
onlayn qaydada göndərilməsinin nəzərdə tutulması bu baxımdan mühüm əhəmiyyət
daşıyır. Elektron bildiriş sisteminin tətbiqi, bir tərəfdən, vergi xidmətinin
işinin daha çevik və səmərəli təşkilinə, digər tərəfdən isə vergi ödəyicilərinin
məlumatlandırılmasının asanlaşdırılmasına imkan yaradacaq. Bununla yanaşı, hər
bir vergi ödəyicisi haqqında məlumatların əvvəlcədən dəqiqləşdirilməsi, müvafiq
qeydlərin aparılması və məlumat bazasının daim aktual saxlanılması zərurəti də
artır.
Rəşad Babayev vurğuladı ki, bələdiyyənin fəaliyyətində əsas
prioritet yalnız büdcə gəlirlərinin artırılması deyil, həm də sakinlərin müraciətlərinə
həssas yanaşmaq, onların gündəlik həyatında qarşılaşdıqları problemlərin həllinə
dəstək göstərməkdir.
“Bütün hallarda məqsədimiz sakinlərə xidmət etməkdən ibarətdir.
Bizim üçün bələdiyyəyə müraciət edən hər bir sakinin problemi diqqət mərkəzində
olmalıdır. Odur ki, bütün qüvvəmizi səfərbər etməklə büdcə gəlirlərindəki
azalmanı aradan qaldırmağa, vergi-uçot sistemini daha da təkmilləşdirməyə və bələdiyyəyə
müraciət edən hər bir sakinin qaldırdığı problemin həllinə çalışırıq. Hesab
edirik ki, yerli özünüidarəetmə orqanının nüfuzu, ilk növbədə, sakinlərin
etimadını qazanmaq və onların problemlərinə real həll yolları tapmaqla
formalaşır”, – deyə sədr bildirdi.
Görüş zamanı Keşlə bələdiyyəsinin vergi xidmətinin rəhbəri
Nigar Rəsulzadə də mövcud vəziyyətlə bağlı fikirlərini bölüşdü. O qeyd etdi ki,
xidmət əməkdaşları vergi ödəyiciləri ilə mütəmadi görüşlər keçirir, onlara
yerli vergilərin ödənilməsi qaydaları barədə məlumat verir, yaranan sualları
cavablandırır və ödənişlərin vaxtında həyata keçirilməsinə çalışırlar.
Bununla belə, vergi xidmətinin qarşılaşdığı əsas çətinliklərdən
biri bəzi vergi ödəyicilərinin öhdəliklərini vaxtında yerinə yetirməməsi, müəyyən
hallarda isə vergidən yayınmağa üstünlük verməsidir. Bu vəziyyət büdcə
daxilolmalarına mənfi təsir göstərməklə yanaşı, vergi xidmətinin gündəlik fəaliyyətində
də əlavə çətinliklər yaradır.
Nigar Rəsulzadə bildirdi ki, bütün bu çətinliklərə
baxmayaraq, xidmətin qarşısında konkret hədəflər müəyyənləşdirilib. Məqsəd ilin
sonunadək büdcə gəlirlərində yaranmış geriləməni mümkün qədər aradan qaldırmaq,
vergi ödəyiciləri ilə işin keyfiyyətini yüksəltmək və daxilolmaların
davamlılığını təmin etməkdir.
Onun sözlərinə görə, hazırda növbəti il üçün bələdiyyə büdcəsinin
layihəsi üzərində də iş aparılır. Büdcə layihəsi hazırlanarkən mövcud maliyyə
imkanları, gəlir mənbələri, qarşıya çıxan problemlər və onların aradan
qaldırılması yolları ətraflı nəzərdən keçirilir. Bütün bu məsələlər bələdiyyə sədrinin
və üzvlərinin yaxından iştirakı ilə müzakirə olunur. Əsas məqsəd real maliyyə
imkanlarına əsaslanan, eyni zamanda gəlirlərin artırılmasını və sakinlərə göstərilən
xidmətlərin yaxşılaşdırılmasını nəzərdə tutan büdcə formalaşdırmaqdır.
Nigar Rəsulzadə onu da qeyd etdi ki, vergi xidmətinin fəaliyyətində
məlumat bazasının dəqiqliyi, vergi ödəyiciləri ilə müntəzəm əlaqələrin
qurulması və elektron imkanlardan səmərəli istifadə xüsusi əhəmiyyət daşıyır.
Bu istiqamətdə aparılan işlərin gələcəkdə müsbət nəticələr verəcəyinə və bələdiyyənin
maliyyə vəziyyətinin yaxşılaşmasına töhfə göstərəcəyinə inanırlar.
Görüş çərçivəsində Keşlə bələdiyyəsinin qarşısında duran digər
məsələlər, o cümlədən maliyyə vəziyyətinin yaxşılaşdırılması, yerli vergi
inzibatçılığının gücləndirilməsi, uçot sisteminin təkmilləşdirilməsi və Bələdiyyələrin
Vahid İnformasiya Sisteminin imkanlarından daha geniş istifadə olunması barədə
də fikir mübadiləsi apardıq.
Biz də öz növbəmizdə bələdiyyənin maliyyə dayanıqlığının
möhkəmləndirilməsi, vergi ödəyiciləri haqqında məlumatların sistemləşdirilməsi,
uçotda mümkün uyğunsuzluqların aradan qaldırılması və müasir informasiya
texnologiyalarının tətbiqi ilə bağlı bir sıra təklif və tövsiyələrimizi diqqətə
çatdırdıq. Xüsusilə qeyd etdik ki, vergi bazasının mütəmadi yenilənməsi,
elektron bildiriş imkanlarının genişləndirilməsi və vergi ödəyiciləri ilə
maarifləndirici işin gücləndirilməsi yerli büdcə gəlirlərinin artırılması baxımından
mühüm əhəmiyyət kəsb edir.
Əlbəttə, bələdiyyələrin maliyyə imkanlarının genişləndirilməsi
yalnız vergi yığımının artırılması ilə məhdudlaşmır. Bunun üçün dəqiq uçot
sistemi, şəffaf idarəetmə, vergi ödəyiciləri ilə sağlam münasibətlər və sakinlərin
bələdiyyəyə inamı da vacib şərtlərdəndir. Sakinlər ödədikləri yerli vergilərin
yaşadıqları ərazinin abadlaşdırılmasına, sosial problemlərin həllinə və ictimai
xidmətlərin yaxşılaşdırılmasına yönəldiyini gördükdə onların vergi öhdəliklərinə
münasibəti də müsbət istiqamətdə dəyişir.
Keşlə bələdiyyəsində apardığımız müşahidələr və keçirdiyimiz
görüş göstərdi ki, mövcud maliyyə geriləməsinin aradan qaldırılması üçün müəyyən
işlər görülür, vergi xidmətinin qarşısında konkret vəzifələr qoyulub. İndi əsas
məsələ bu tədbirlərin ardıcıl şəkildə həyata keçirilməsi, müəyyənləşdirilən hədəflərə
nail olunması və əldə edilən nəticələrin büdcə göstəricilərində öz əksini
tapmasıdır.
İnanırıq ki, Keşlə bələdiyyəsinin rəhbərliyi və vergi xidməti
yaranmış vəziyyətlə barışmayacaq, mövcud potensialdan, xüsusilə də kadr
imkanlarından səmərəli istifadə etməklə büdcə gəlirlərinin artırılması istiqamətində
səylərini davam etdirəcək. Bu, həm də bələdiyyənin əvvəlki illərdə formalaşmış
nüfuzunun qorunub saxlanılması və daha da möhkəmləndirilməsi baxımından
vacibdir.
Əsas olan isə odur ki, bələdiyyə yalnız vergi toplayan qurum kimi deyil, həm də sakinlərin problemlərini dinləyən, onların həllinə çalışan və yerli əhalinin maraqlarını təmsil edən bir özünüidarəetmə orqanı kimi fəaliyyət göstərsin. Rəşad Babayevin də vurğuladığı kimi, bələdiyyəyə müraciət edən hər bir sakinin qaldırdığı problemin həllinə çalışmaq bu fəaliyyətin başlıca məqsədlərindən biri olmalıdır.
Belediyye.info
Rəylər
0 Rəy