Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-09-2026 , 22:16

225

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bu tədbirlərin həyata keçirilməsi:  VERGİ XİDMƏTİNİN RƏHBƏRİ TƏKLİF VERİR


(ƏMLAK VERGİSİ ÜZRƏ 2024–2026-CI İLLƏRİN 8 AYLIQ YIĞIM GÖSTƏRİCİLƏRİNİN MÜQAYİSƏLİ TƏHLİLİ VƏ TƏKLİFLƏR)

Zirə Bələdiyyəsinin ərazisində əmlak vergisi üzrə vergi daxilolmalarının 2024–2026-cı illərin 8 aylıq dövrü üzrə göstəricilərinin müqayisəli təhlili aparılmışdır.

Aparılmış təhlilə əsasən, 2024-cü ilin 8 ayı ərzində əmlak vergisi üzrə bələdiyyə büdcəsinə 20 617 manat, 2025-ci ilin eyni dövründə 18 062 manat, 2026-cı ilin 8 ayı ərzində isə 25 848 manat vəsait daxil olmuşdur.

Müqayisəli təhlil göstərir ki, 2025-ci ilin 8 aylıq göstəricisi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 554,39 manat və ya 12,39 faiz azalmışdır.

2026-cı ilin 8 aylıq göstəricisində isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli artım qeydə alınmışdır. Belə ki, 2026-cı ilin 8 ayında əmlak vergisi üzrə daxilolmalar 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 7 785 manat və ya 43.1 faiz artmışdır.

Eyni zamanda, 2026-cı ilin 8 aylıq yığım göstəricisi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 5.231 manat və ya 25,4 faiz çoxdur.

Beləliklə, 2024–2026-cı illərin 8 aylıq göstəricilərinin müqayisəli təhlili göstərir ki, 2025-ci ildə əmlak vergisi üzrə daxilolmalarda azalma müşahidə olunsa da, 2026-cı ilin eyni dövründə yığım göstəricilərinin əhəmiyyətli dərəcədə artırılması təmin edilmişdir. 2026-cı ilin 8 aylıq nəticəsi əvvəlki iki ilin müvafiq dövrləri ilə müqayisədə daha yüksək olmuşdur.

TƏKLİFLƏR

Əmlak vergisi üzrə daxilolmaların artırılması, vergi öhdəliklərinin tam və vaxtında icrasının təmin edilməsi, vergi ödəyicilərinin uçotunun dəqiqləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi məqsədilə aşağıdakı məsələlərin nəzərdən keçirilməsi məqsədəuyğun hesab olunur:

1. Vəfat etmiş şəxslərin mülkiyyətində olmuş daşınmaz əmlak və torpaq sahələri üzrə vergi öhdəliklərinin dəqiqləşdirilməsi

Vəfat etmiş şəxslərin mülkiyyətində olmuş və miras qalmış daşınmaz əmlak və torpaq sahələrindən faktiki istifadə edən vərəsələrin müəyyənləşdirilməsi və həmin əmlak və torpaq sahələri üzrə vergi öhdəliklərinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə icrasının təmin edilməsi məqsədəuyğundur.

Bu istiqamətdə vərəsənin mirasdan imtina etməsini təsdiq edən müvafiq notariat qaydasında rəsmiləşdirilmiş sənədin təqdim edilmədiyi hallarda, faktiki istifadə, mülkiyyət və digər hüquqi əsasların nəzərə alınması ilə əmlak və torpaq vergisi üzrə öhdəliklərin müəyyənləşdirilməsi mexanizminin təkmilləşdirilməsi təklif olunur.

2. İnvestisiya təşviqi sənədi əsasında vergi güzəştlərindən yararlanan sahibkarlar barədə məlumat mübadiləsinin təkmilləşdirilməsi

Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş güzəştlərdən yararlanmağa əsas verən investisiya təşviqi sənədi əsasında əmlak və torpaq vergisindən müəyyən müddətə azad edilən sahibkarların hüquqmüəyyənedici sənədləri barədə məlumatların daşınmaz əmlakın dövlət qeydiyyatı və kadastr məlumatları ilə qarşılıqlı inteqrasiyasının təmin edilməsi təklif olunur.

Belə bir elektron inteqrasiyanın yaradılması nəticəsində investisiya təşviqi sənədi əsasında vergi güzəştlərindən yararlanan sahibkarların mülkiyyətində olan daşınmaz əmlak barədə məlumatların müvafiq dövlət informasiya sistemlərindən bələdiyyələrin informasiya sistemlərinə elektron qaydada ötürülməsi imkanının yaradılması məqsədəuyğun hesab olunur.

Bu mexanizmin tətbiqi bələdiyyələrə ərazilərində yerləşən və investisiya təşviqi sənədi əsasında vergi güzəştlərindən istifadə edən daşınmaz əmlak obyektləri barədə daha dolğun və aktual məlumat əldə etməyə, həmin əmlaklara dair hüquqmüəyyənedici sənədlərin, o cümlədən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlar barədə məlumatların bələdiyyənin məlumat bazasında əks etdirilməsinə imkan verə bilər.

Hazırda bələdiyyələrin ərazilərində yerləşən daşınmaz əmlakların hüquqi statusu və həmin əmlaklar üzrə dövlət reyestrində mövcud olan məlumatların tam həcmdə əldə edilməsi istiqamətində qarşılaşdıqları çətinliklər nəzərə alınaraq, dövlət informasiya sistemləri ilə bələdiyyələrin informasiya sistemləri arasında elektron məlumat mübadiləsinin və inteqrasiyanın yaradılması yerli özünüidarəetmə orqanlarının vergi inzibatçılığının təkmilləşdirilməsinə mühüm töhfə verə bilər.

NƏTİCƏ

Yuxarıda qeyd olunan tədbirlərin həyata keçirilməsi əmlak və torpaq vergisi üzrə vergi ödəyicilərinin uçotunun təkmilləşdirilməsinə, vergitutma bazasının dəqiqləşdirilməsinə və genişləndirilməsinə, vergi daxilolmalarının artırılmasına, eləcə də yerli büdcə gəlirlərinin formalaşdırılmasının daha səmərəli təşkilinə xidmət edə bilər.

Eyni zamanda, vergi ödəyiciləri və onların mülkiyyətində olan daşınmaz əmlaklar barədə məlumatların elektron informasiya sistemləri vasitəsilə qarşılıqlı mübadiləsinin təmin edilməsi vergi inzibatçılığının şəffaflığının və səmərəliliyinin artırılmasına, vergi öhdəliklərinin vaxtında müəyyənləşdirilməsinə və icrasına nəzarətin gücləndirilməsinə şərait yaradacaqdır.

Nüranə Hüseynova

Xəzər rayonu, Zirə bələdiyyəsinin vergi xidmətinin rəhbəri

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər