Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-10-2024 , 10:16

685

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyələrin sayı 684-ə endirilir

Onların birləşdirilməsi yerli özünüidarəetmə sisteminin inkişafına xidmət edir

Azərbaycan Respublikasında vətəndaşların sosial rifahının yüksəldilməsi, yerli əhəmiyyətli məsələlərin həllində onların geniş iştirakının təmin edilməsi məqsədilə yerli özünüidarəetmə sisteminin formalaşdırılması prosesinin ilkin mərhələsində 2755 bələdiyyə yaradılmış, onların fəaliyyətə başlamasının təmin edilməsi üçün 1999-cu ildə ilk bələdiyyə seçkiləri keçirilmiş, yerli özünüidarəetmə orqanlarının əhatə etdikləri ərazilərdə fəaliyyətinin təmin edilməsi üçün zəruri qanunvericilik, institusional və təşkilati tədbirlər həyata keçirilmişdir.

Bələdiyyə fəaliyyətini tənzimləyən çoxsaylı qanunvericilik aktları, o cümlədən "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyələrin əraziləri və torpaqları haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" və digər qanunlar qəbul edilmiş, bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət edilməsinin təmin olunması məqsədilə Ədliyyə Nazirliyində müvafiq struktur qurum yaradılaraq fəaliyyətə başlamışdır.

Bununla yanaşı, yerli özünüidarəetmənin möhkəmlənməsi və inkişaf etdiriməsi, bələdiyyələrin təşkilatlanması, fəaliyyətinin təkmilləşdirilməsi və əlaqələndirilməsi, yerli əhəmiyyətli məsələlərin həllinin sürətləndirilməsi məqsədilə 2006-cı ildə Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyaları yaradılmış, onlar öz fəaliyyətlərini vətəndaş cəmiyyətinin qurulmasında və demokratik prinsiplərin tətbiqində bələdiyyələrin rolunun artırılması, maliyyə və iqtisadi potensialının gücləndirilməsi sahəsində ardıcıl və məqsədyönlü tədbirlər görmüş, bu sahədə geniş və əhatəli proqramlarla çıxış etmiş, təşəbbüslər irəli sürmüş, bələdiyyələrin qabaqcıl təcrübələrini öyrənib yaymış, 2007-ci, 2008-ci və 2014-cü illərdə isə bələdiyyə fəaliyyətinin müxtəlif aspektlərinə həsr olunmuş bələdiyyə sədrlərinin ümumrespublika toplantıları keçirilmişdir.

Bu barədə "Azərbaycan" qəzetinə danışan Milli Məclisin deputatı, parlamentin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov bildirib ki, bələdiyyələrin inkişafı sahəsində görülmüş tədbirlərə baxmayaraq, son illərdə ölkədə aparılmış genişmiqyaslı islahatlar, dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində və ölkəmizin sosial-iqtisadi inkişafında əldə edilmiş nailiyyətlər, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin də fəaliyyətinin müasir səviyyədə qurulmasını zəruri etmişdir: "Bu məqsədlə 2009-cu və 2014-cü illərdə bələdiyyələrin yerləşdiyi yaşayış məntəqələrinin sosial-iqtisadi vəziyyəti və digər yerli xüsusiyyətləri əsas götürülərək bələdiyyələrin birləşməsi həyata keçirilmiş, bu proseslər nəticəsində 1858 bələdiyyənin birləşməsi yolu ilə 709 yeni bələdiyyə yaradılmış, bununla da bələdiyyələrin ümumi sayı 1149 vahid (41,7 faiz) azaldılaraq 1606-ya çatdırılmışdır".

Kamran Bayramovun sözlərinə görə, bələdiyyələrin son dövrlərdə fəaliyyəti isə onu göstərmişdir ki, ölkədə fəaliyyət göstərən bələdiyyələrin əksəriyyəti maliyyə baxımından zəifdir, bir çox hallarda dövlət büdcəsindən ayrılan dotasiyalardan çox asılıdır, bu səbəbdən də onlar üzərinə düşən vəzifələrin həyata keçirilməsində çətinliklərlə və problemlərlə üzləşirlər, vətəndaşların sosial sifarişlərini yerinə yetirə bilmirlər ki, bu da bələdiyyələrin cəmiyyətdə nüfuzunun azalmasına gətirib çıxarmışdır: "Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə bu ilin mart ayında Milli Məclis tərəfindən "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilmiş, əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrdə yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla həmin bələdiyyələrin digər bələdiyyələrlə birləşməsi məqbul sayılmışdır.  Milli Məclisə oktyabr ayında daxil olmuş "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" və "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə - "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə qanun layihələrinə əsasən birləşmə nəticəsində bələdiyyələrin ümumi sayının 922 vahid (57,4 faiz) azaldılaraq 684-ə çatdırılması nəzərdə tutulur. Ümumilikdə isə cari birləşmə prosesi daxil olmaqla yarandığı andan bu günə qədər bələdiyyələrin ümumi sayı 75,2 faiz azaldılmışdır".

Kamran Bayramov qeyd edib ki, qanun layihələrinin əhatəliliyi bu sahədə dövlət tərəfindən böyük işlərin görülməsindən, geniş təhlillərin aparılmasından, birləşmə və yeni bələdiyyələrin yüksək səviyyədə fəaliyyət göstərməsi üçün bütün məqamların nəzərə alınmasından və bələdiyyələrin inkişafının dövlətin diqqət mərkəzində olmasından xəbər verir.

"Ümumiyyətlə, bələdiyyələrin birləşməsi islahatların bir növüdür, ümumqəbulolunmuş təcrübədir, bir çox ölkələrdə geniş tətbiq olunur. Bələdiyyələrin birləşməsini zəruri edən amillər sırasında onların kiçik və maliyyə baxımından zəif olmasını, özlərini saxlaya bilməməsini, dövlətə borclarının olmasını, əhaliyə layiqli xidmət göstərə bilməməsini göstərmək olar. Və çox sevindirici haldır ki, bələdiyyələrin birləşməsi ölkəmizdə yerli özünüidarəetmə sisteminin inkişafına xidmət edəcək, yeni, daha böyük və güclü yerli özünüidarəetmə orqanlarının yaranmasına səbəb olmaqla, bu proses nəticəsində fəaliyyətlərinin səmərəsi artacaq, regional siyasətdə daha əhəmiyyətli rol oynayacaq, onların maliyyə, iqtisadi və kadr potensialı güclənəcək, əmlak və torpaq ehtiyatları, vergitutma və ödəniş tətbiq olunan obyektlərin bazası genişlənəcək, yerli əhəmiyyətli məsələlər tam şəkildə yerinə yetiriləcək, əhaliyə göstərilən xidmətlərin keyfiyyəti yüksələcəkdir", - deyə deputat əlavə edib.

Kamran Bayramov bir məqamı da xüsusilə qeyd edib ki, cari ilin sonunda keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkiləri də bələdiyyələrin birləşməsinin əhəmiyyətini artıracaq: "Çünki cari birləşmə prosesi yerli özünüidarəetmə orqanları üçün yeni üfüqlər və imkanlar açır, bələdiyyələr böyüyür və güclənir, onların idarə edilməsi üçün təcrübəli, bacarıqlı, fəal, zamanın tələblərini bilən şəxslərin seçkilərdə iştirakı üçün əlverişli şərait yaradır. Buna görə də heç bir şübhə yoxdur ki, qarşıdan gələn bələdiyyə seçkiləri də əhalinin həm namizəd, həm seçici qismində bu seçki kampaniyasında iştirakını birmənalı olaraq stimullaşdıracaqdır".

Rəşad CƏFƏRLİ,

"Azərbaycan

https://www.azerbaijan-news.az/az/posts/detail/belediyyelerin-sayi-684-e-endirilir-1729199517/341322?fbclid=IwY2xjawF-3C5leHRuA2FlbQIxMQABHUCb_jN3wYZ-ejjUfOA-XKPJ7mQVMl87e4FqoSmvxk3lbQdItfLhfpdnew_aem_84f9EMiE9R0NLnLvryo2NQ

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyələr qrant ala biləcək

Gündəlik Xəbərlər
05-10-2024
806

Fərid Əhmədova 2 yeni müavin təyin edildi

Gündəlik Xəbərlər
09-09-2024
773

Əmlak vergisini ödəməylənlərə dəbbə pulu gələcək

Gündəlik Xəbərlər
29-08-2024
1457