Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-02-2024 , 12:36

1674

Son xəbərlər

Bütün xəbərlər

Bu həmdə ziyalıya verilən qiymətdir

Gündəlik Xəbərlər
05-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyələrin sayı kəskin azaldılır - "Bəziləri heç 2-3 nəfərin maaşını verə bilmir"

Deputat bildirib ki, bələdiyyənin torpağı, mülkiyyəti yoxdursa, maliyyə vəsaiti həddindən artıq zəifdirsə, insanların yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərini həll edə bilmirsə, onda bu bələdiyyənin fəaliyyətindən danışmağa dəyməz.

BAKI, 28 fevral — Sputnik. Azərbaycanda bələdiyyələrin sayı azaldılır. Əhali sayı 3000 nəfərdən az olan kəndlərin bələdiyyələri birləşdiriləcək. Bununla bağlı Milli Məclisə iki qanun layihəsi daxil olub. Layihələrdə bələdiyyələrin sayının azaldılması, birləşməsi ilə bağlı məsələ yer alıb.

"Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" qanuna və "Bələdiyyələrin statusu haqqında" qanuna təklif edilən bu dəyişikliklər qəbul edilərsə, bələdiyyələrin sayı kəskin şəkildə azalacaq.

"Elə bələdiyyələr var ki, heç 2-3 nəfərin əməkhaqqısını verə bilmir"

Məsələni Sputnik Azərbaycan-a şərh edən Milli Məclisin deputatı Tahir Rzayev deyib ki, bələdiyyələrin yaradılmasının ilk dövrlərində bələdiyyələrin birləşməsi, ayrılması və ləğv edilməsi ilə bağlı mükəmməl qanunvericilik qəbul olunub:

"Burada bütün müddəalar öz əksini tapıb və vətəndaşların təklifi ilə bu proses həyata keçirilə bilər. İndiyədək 2 dəfə bu cür islahat həyata keçirilib və bələdiyyələr müəyyən qədər ləğv olunub, birləşiblər. Əgər əvvəllər ölkədə 2757 bələdiyyə fəaliyyət göstərirdisə, indi onların sayı 1606 olub, lakin bu da çoxdur. Bələdiyyənin torpağı, mülkiyyəti yoxdursa, maliyyə vəsaiti həddindən artıq zəifdirsə, insanların yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərini həll edə bilmirsə, onda bu bələdiyyənin fəaliyyətindən danışmağa dəyməz. Ölkədə belə bələdiyyələrin sayı çoxdur. Elə bələdiyyələr var ki, heç 2-3 nəfərin əməkhaqqısını verə bilmir, hesabında heç nə yoxdur, insanlarla münasibətləri çox zəifdir".

Deputat qeyd edib ki, işini yaxşı quran, müəyyən nəticələr qazanan bələdiyyələrimiz az deyil: "Ancaq bələdiyyələrin sayının çox olması bu gün onların birləşməsini zərurətə çevirir. Bu da qanunauyğun haldır. Çünki yeni dövr yeni tələblər qarşıya qoyur. Daha bacarıqlı, daha qabiliyyətli insanların bələdiyyələrdə təmsil olunmasını, bələdiyyələrin fəaliyyətinin genişləndirilməsini tələb edir. Ona görə də kiçik bələdiyyələr mütləq birləşməlidirlər. Bələdiyyələr insanlarla daim təmasda olmalı, gördükləri işlər barədə vaxtaşırı öz seçicilərinə hesabat verməlidirlər".

"Bələdiyyələr vətəndaşlarla münasibətləri yaxşılaşdırmalıdır"

"Bələdiyyələr vətəndaşlarla münasibətləri yaxşılaşdırmalı, öz maliyyə bazalarını möhkəmləndirməli və belə bir vəziyyətdə qarşıdakı seçkilərə getməlidirlər. Bələdiyyə seçkilərində də əhali öz təşəbbüskarlığını göstərməli, etibar etdikləri şəxsləri bələdiyyələrə seçməlidirlər", - millət vəkili deyib.

"Bələdiyyələrin büdcələri əsasən yerli vergilərlə formalaşır"

Milli Məclisin deputatı Azər Badamov da Sputnik Azərbaycan-a deyib ki, bələdiyyələr yerli özünüidarəetmə orqanlarıdır: "Bu baxımdan bələdiyyələrin fəaliyyəti və yerlərdə sakinlərə xidmət göstərmələri üçün büdcələri formalaşmalıdır. Bələdiyyələrin büdcələri əsasən yerli vergilərlə formalaşır. Əhalinin sayı az olan kiçik bələdiyyələrin büdcələrinin formalaşdırılması və hər hansı bir lahiyələrin icrasında iştirak etməsi çətin olur. Ona görə də kiçik bələdiyyələr birləşməli və daha çox insanları özündə cəmləşdirməklə böyük bələdiyyələr yaranmalıdır. Ölkəmizin əhalisinin sayına baxanda 1606 bələdiyyənin mövcudluğu ölkəmiz üçün çoxdur".

"Bələdiyyələrin sayı azalsa, onların büdcə vəsaitinə qənaət olunar"

"Əgər bələdiyyələrin sayı azalarsa, bələdiyyə büdcəsi vəsaitlərinə qənaət olunar və hər bir bələdiyyənin büdcəsinə yığılacaq vəsaitlərin həcmi də artmış olar. Bələdiyyələr də vəsaitləri cəmləşdirməklə yerli əhəmiyyətli məsələlərin mərhələli şəkildə həlli prosesində iştirak edə bilərlər. Bu baxımdan kiçik bələdiyyələrin birləşdirilməsini vacib hesab edirəm", - deputat əlavə edib.

"Bu gün bələdiyyələrin maliyyə imkanları məhduddur"

Milli Məclisin deputatı Vüqar Bayramov isə Sputnik Azərbaycan-a bildirib ki, bələdiyyə institutunun gücləndirilməsi ilə bağlı siyasət davam etdirilir:

"Bələdiyyələrin sayının optimallaşdırılması da onların səlahiyyətlərinin genişləndirilməsi və onların maliyyə dayanıqlığının möhkəmləndirilməsi məqsədi daşıyır. Büdcədən ayrılan təxminən 12 milyon manat vəsaitin 1606 bələdiyyəyə ayrılması və orta hesabla bələdiyyəyə düşən vəsaitin azlığı ondan xəbər verir ki, bu gün bələdiyyələrin maliyyə imkanları məhduddur. Bir tərəfdən bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsinə ehtiyac var. Digər tərəfdən onların potensialının gücləndirilməsi ilə bağlı tədbirlərin genişləndirilməsi çox önəmlidir. Ona görə sayın optimallaşdırılması həm də onların səlahiyyətlərinin genişləndirilməsi və maliyyə imkanlarının artırılması baxımından çox vacibdir".

"Bələdiyyələrin illik gəliri təxminən 45 milyon manata yaxındır"

"Bu gün bələdiyyələrin illik gəliri təxminən 45 milyon manata yaxındır. Bu, 1606 bələdiyyə üçün böyük rəqəm deyil. Ona görə sayın optimallaşdırılması həm də onların maliyyə dayanıqlığının gücləndirilməsinə imkan verəcək. Bu istiqamətdə islahatlar növbəti dövrdə də davam etdiriləcək. Ümumiyyətlə, yerli idarəetmə sistemində islahatlar həm də daha güclü bələdiyyələrin yaradılmasına xidmət edəcək" - deputat diqqətə çatdırıb.

"Bələdiyyələr 2 dəfəyədək azaldılacaq"

Bələdiyyə sahəsi üzrə ekspert Vüqar Tofiqli Sputnik Azərbaycan-a deyib ki, 25 il ərzində Azərbaycan bələdiyyəsi müəyyən inkişaf yolu keçib: "1999-cü il dekabrın 12-də keçirilən ilk bələdiyyə seçkilərindən sonrakı müddətdə Azərbaycan bələdiyyəsi öz fəaliyyəti ilə cəmiyyətdə nüfuz qazanmağa çalışır. Ancaq bu istiqamətdə bələdiyyələrin bir sıra problemləri var. Bu problemlərin aradan qaldırılması üçün qanunvericiliyə təklif edilən bu dəyişikliyin mühüm əhəmiyyəti ola bilər. Dəyişikliklər qəbul edilərsə, hazırda mövcud olan 1606 bələdiyyə 2 dəfəyədək azaldılacaq. Nəticədə bu dəyişiklik mövcud problemlərin həllinə kömək edəcək".

"Kifayət qədər bələdiyyənin bank hesabları borca görə bağlıdır"

O bildirib ki, mövcud bələdiyyələrin 250-yə yaxını ancaq dövlət tərəfindən ayrılan dotasiya hesabına fəaliyyət göstərir: "Bununla yanaşı, mövcud bələdiyyələrin kifayət qədər böyük hissəsinin bank hesabları məcburi dövlət sosial sığorta haqqı üzrə borca görə bağlıdır. Nəticədə həmin bələdiyyələr öz seçicilərinin problemlərinin həllində çətinlik çəkirlər. İndi bələdiyyələr birləşdirilsə, mövcud problemlərin aradan qaldırılmasına müəyyən qədər təkan verə bilər. Ona görə də bu məsələlər kompleks şəkildə həll edilməlidir".

Ekspert diqqətə çatdırıb ki, bu gün hər bir bələdiyyə öz ərazisində layihələr həyata keçirir, lakin bələdiyyələrin fəaliyyətinin təbliği zəifdir. Bu istiqamətdə sosial medianın imkanlarından yararlanmaq lazımdır: "Bələdiyyələrin birləşdirilməsi ilə yanaşı, əmlak vergi üzrə əmsallar, avtodayanacaqlar ilə bağlı rüsumlar artırılmalı və digər bu kimi kompleks tədbirlər həyata keçirilməlidir".

"Nəticədə bu qanunlara dəyişiklik vətəndaşların xeyrinədir. Bələdiyyələrin gəlirləri artsa, vətəndaşların məmnunluğu təmin edilmiş olacaq", - o əlavə edib.

Xatırladaq ki, parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Milli Məclisin plenar iclasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatı ilə Milli Məclisə bələdiyyələrlə bağlı iki qanun layihəsi daxil olub: "Bunlar "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" qanuna və "Bələdiyyələrin statusu haqqında" qanuna dəyişikliklərdir. Layihələrdə bələdiyyələrin sayının azaldılması, birləşməsi ilə bağlı məsələ yer alıb. Belə ki, əhali sayı 3000-dən az olan kəndlərin bələdiyyəsi birləşdiriləcək və böyük bələdiyyələr yaradılacaq. Bu da bələdiyyələrin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaq".

Əlavə edək ki, qanunvericiliyə əsasən, bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyətlə əlaqədar, tarixi və digər yerli xüsusiyyətləri, müvafiq yerli əhalinin rəyini nəzərə almaqla birləşərək, yaxud ayrılaraq yeni bələdiyyə təşkil edə bilərlər.

https://sputnik.az/20240228/belediyyelerin-sayi-keskin-azaldilir---bezileri-hec-2-3-neferin-maasini-vere-bilmir-462905236.html

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyələr qrant ala biləcək

Gündəlik Xəbərlər
05-10-2024
703

Fərid Əhmədova 2 yeni müavin təyin edildi

Gündəlik Xəbərlər
09-09-2024
675

Əmlak vergisini ödəməylənlərə dəbbə pulu gələcək

Gündəlik Xəbərlər
29-08-2024
1336