Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-12-2023 , 16:47

3621

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Yeddinci onilliyin astanasında


Ömrümün altmışıncı ilində geriyə baxanda yaşıdlarımla bərabər mənin də həyatımın çox gərgin, bəzən də  təlatümlü  hadisələrlə müşaiyət olunduğunu görmək olar.

SSRİ kimi dünyanın ikinci nəhəng bir dövləti göz önümüzdə demək olar ki  parcalandı və dağıldı. Nəticədə, müstəqillik qazansaqda, ərazimizin iyirmi faizi mənfur ermənilər tərəfindən işğal olundu. Bu illər ərzində ən yaxın insanlarımızın köçkün həyatı göz önümdən getmir. Şəhidlik zirvəsinə ucalan doğmalarımızın xatirəsi isə  əbədi olaraq hər birimizin  yaddaşına hopub.

O gərgin illərdə kənddə müəllim işləyərkən, şaiyələrdən, dedi-qodulardan uzaq olmaq üçün hadisələri öz gözümlə görmək istəyindəydim. Topun, qradın atəşi altında dəfələrlə  Ağdama  gedər, artıq baş vermiş hadisələr barəsində müfəssəl məlumat əldə etməyə çalışardım.  O illərdə hər kəs kimi məndə çaşqın bir vəziyyətdə idim. Nə edəcəyimi, hansı addım atmalı olduğumu, açığı, düşünməyə belə vaxt olmurdu. Bir tərəfdən köçkün düşən doğmalarımızın dərdinə şərik olmaq, onları yerbəyer etmək,  digər tərəfdən maliyyə sıxıntısı, başqa bir tərəfdən manatımızın “diri-diri öldürülməsi”  hər kəsi sanki məngənəyə salmışdı.

Bu da bir faktdır ki, özümü dərk etdiyim illər ərzində həqiqətən saysız-hesabsız həm də faciələrlə üz-üzə qalan bır sıra tarixi hadisələr baş verib.

Ağdama düşmən tərəfindən ilk “Alazanın”  atılmasının, dəhşətli Xocalı faciəsinin, Ağdərənin ilk dəfə işğaldan azad edilməsinin, insanların yurd yerlərindən dəfələrə köç etməsini, ən nəhayət 44 günlük Vətən müharibəsindəki Zəfərimizin, ən sonda isə ərazi bütövlüyümüzün tam bərpa olunmasının şahidi olmaq elə bil alnımıza yazılıbmış. Bir məqama sevinirəm ki, uzun sürən gərgin proseslərin sonunun qürurverici  qələbə ilə başa çatması hər halda üzləşdiyim ağrı-acını bir xeyli azaltmış oldu.   

Mənim irəliyə doğru addım atmağımda, hətta üzləşdiyim çətin və gərgin anlarda vəziyyətdən çıxmağımda əzizlərimin və dostlarımın köməyini hiss etməyim isə min kilometrlərlə uzanan həyatımın ayrı bir səhifəsidir. Bütün hallarda ortalıqda olmağı sevməsəmdə, dönüb geriyə baxanda Vətənimə, dövlətimə sədaqətlə xidmət etdiyimi görürəm. Hər halda yaşadığım hər günə şükür etməklə bundan sonra da Vətənimə, dövlətimə və böyüməkdə olan nəvələrimə xidmətimi davam etdirmək niyyətindəyəm.

Beləliklə, 18 dekabr tarixində həyatımın altıncı onilliyi tamam olur. Ümid edirəm ki, hələ yeddinci, səkkizinci, hətta dirəniş göstərib doqquzuncu onilliyi də yaşaya bilərəm. Sözün qısası, nəsil-kökdə atamın uzunömürlük rekordunu yeniləmək niyyətindəyəm. Hər halda Allah bundan sonra nə qədər ömür verəcəksə sağlam verməsini arzulayıram.

Hələlik bu qədər...                                                                   

Sizin Vüqar Tofiqli

 

 

 

Rəylər

1 Rəy

Dəmirov Fərman

14-12-2023, 1 il əvvəl

Hörmətli Vüqar müəllim Sizi təbrik edirik. Sizə saqlam və uzun ömur arzulayırıq. İşlərinizdə uğurlar arzulayırıq.

Cavabla

Rəy yaz

Oxşar xəbərlər