Təmraz Tağıyev: “Şəhid və qazi ailələrinə maddi və mənəvi dəstəyin göstərilməsi Nərimanov bələdiyyəsinin hər bir üzvünün əsas vəzifəsidir”
“Nərimanov bələdiyyəsində rayon sakini olan bir qrup qazi və şahid ailəsinin üzvləriylə növbəti görüş keçirilib”- bu barədə Belediyye.infoya məlumatı adıçəkilən bələdiyyənin və Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Təmraz Tağıyev bildirib.
Təmraz Tağıyev şəhid və qazi ailələriylə görüşdə Vətən müharibəsi dövründə torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını bildirib.
Sədr bildirib ki, şəhid və qazi ailəsinin üzvləri hər zaman dövlətin və bələdiyyənin diqqətindədir. Şəhid və qazi ailələrinə maddi və mənəvi dəstəyin göstərilməsi bu gün hər bir bələdiyyə üzvünün və qulluqçunun əsas vəzifəsidir. Odur ki, hər bir bələdiyyə maliyyə imkanları daxilində sosial layihələrin keçirilməsini diqqətdə saxlamalı, bununla bağlı yerli büdcəni tərtib edərkən bu istiqamətdə maliyyə vəsaitinin ayrılmasını nəzərdə tutmalıdırlar.
Görüşdə şəhid və qazi ailələriylə bağlı bələdiyyənin həyata keçirdiyi layihələr barəsində fikir bildirilmiş və növbəti aylarda həyata keçiriləcək layihələr ətrafında fikir mübadiləsi aparılaraq bələdiyyə iclasında müzakirə edilməsi qərara alınmışdır.
Görüşdə iştirak edən şəhid, qazi və aztəminatlı ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə Pezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, bu günədək beş nəfər şəhid ailəsinin üzvü Nərimanov bələdiyyəsində daimi işlə təmin edilmiş, 31 nəfər şəhid və qazi ailəsinə aylıq olaraq maddi dəstək göstərilir. Bununla yanaşı yeddi nəfər şəhid ailəsinin övladına aylıq təqaüd verilir.
Belediyye.info
Rəylər
0 Rəy