Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-04-2023 , 23:55

4677

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

"Köçkün" qızılgülün sevinci...

44 günlük şanlı savaşımızdan nə qədər danışsaq, yazsaq da nə sözümüz tükənən deyil, nə xatirələrimiz, nə bu sevinci bizə yaşadanlara minnətdarlıq duyğularımız. Nə xoş bu millətə və məmləkətə ki, artıq torpaqlarımızın işğalının növbəti ildönümlərini qeyd etmək əzabından qurtulmuşuq. Amma törədilən soyqırımları unutmaq olmaz və Azərbaycan adlı məmləkət var olduqca millətimizə qarşı törədilən bu misilsiz erməni vəhşiliyini xatırlamalı, günahkarıları lənətləməliyik.

Sabah Başlıbel soyqırımın 30-ci ildönümü münasibətilə Gəncə şəhərində anım mərasiminə dəvətliyəm və fürsətdən istifadə edərək bazar günü olduğundan Bərdəyə gəlmişdim. Öyrəndim ki, əziz dostum, bütün ruhu ilə 28 il Qarabağsızlıq dərdini bizlərlə bərabər yaşamış Ağdam rayonun sabiq icra başçısı Nizami Sadıqov Ağdamda, Quzanlıdakı evindədir. Çay içmək və bir az həmsöhbət olub dərdləşmək təklifini qəbul edərək evinə getdim. Həyətə daxil olanda qeyri-adi qızılgül qoxusu məni valeh etdiyindən güllərə yaxınlaşıb doyunca bir neçə dəfə sinəmə çəkdim sözlə ifadə edilməyəcək bənzərsiz qızılgül rayihəsini...

Sən demə, o qızılgülün maraqlı tarixçəsi varmış. Belə ki, 93-cü ilin iyulunda Ağdamın işğalı günü bir ağdamlı qardaşımız "Qrad" atəşi altında ailəsini götürüb evdən qaçmaq zorunda qalanda maşından düşüb həyətdə bel axtarır. Həyat yoldaşı onun üstünə qışqırır ki, ay kişi, bu boyda evi qoyub həyətdə bel axtarmaq vaxtıdırmı, bu dəqiqə qəlpələr səni parça-parça edəcək. Kişi qayıdır ki, evimi erməniyə versəm də bu qızılgülü onlara saxlamaq ölməkdən betərdir, evsiz yaşayaram, bu qızılgüllərsiz əsla...

Quzanlıya pənah gətirən həmin ailə qızılgülə ikinci həyat verirlər, özləri kimi qaçqınlıq həyatı. Nizami Sadıqov rayona icra başçısı təyin olunandan sonra günlərin bir günü o məsələni eşidir və ağdamlı qardaşdan həmin qızılgüldən ona bir neçə calaq verməsini xahiş edir. Mən bu gün həyətdə salamladığım da həmin güllər imiş...

Dəyərli oxucu, mən dünyanın az qala yarısını gəzmişəm və min cür qızılgül növü görmüşəm, qoxulamışam. Səmimiyyətimə inanın ki, bu qoxuya planetin heç bir yerində rast gəlməmişəm. Mənə elə gəlirdi ki, qızılgül də artıq Ağdamın işğaldan azad olunduğuna bizim qədər sevinir, onun sevincini mən sanki duyur, hiss edirdim, Hava hədsiz tutqun və yağmurlu olsa da az qala həyəti öz məstedici qoxusu ilə doldurmaqla mənə "gözün aydın, Başlıbelin də azad olunub" demək istəyirdi sanki. Doyunca oxşadım onun çiçəklərini, yarpaqlarını, tikanlarını...

Sevinən təkcə insanlar deyilmiş ki. Təbiət də öz doğma sakinlərinin, ağaclarının, kollarının, güllərinin sevincinə şərikmiş...

Zülfüqar Hüseynzadə


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər