Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin müraciətlərinə xüsusi diqqətlə yanaşılır
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq, Mingəçevir Bələdiyyəsi 2023-cü ilin I yarımiliyindəki fəaliyyəti barədə hesabatı ictimaiyyətə təqdim edir.
2023-cü ilin 6 ayı ərzində bələdiyyə 11 iclas keçirib. Daimi komissiyaların arayış və təklifləri ilə iclasların gündəliyinə 115 məsələ salınıb, məsələlərlə bağlı müvafiq qərarlar verilib. İclaslarda müzakirə olunmuş məsələlərdən 67-si icarəyə və mülkiyyətə torpaq sahələri ayrılması ilə, 5-i şəhərdə aparılan tikinti-abadlıq işlərinə, məhəllələrdə görülən işlərə və bir sıra başqa tədbirlərin keçirilməsinə maliyyə vəsaitinin ayrılması ilə, 7-si maddi yardımlarla, 36-sı təşkilati və digər məsələlərlə bağlı olub.
Hesabat dövründə bələdiyyəyə 305 ədəd ərizə və məktub daxil olub. Bunlardan 32-si maddi yardımla, 83-ü sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün və 51-i fərdi yaşayış evi tikintisi üçün torpaq sahələri ayrılması ilə, 3-ü tikinti və təmir işləri, 136-sı arayış və məlumatlar almaqla bağlı müraciətlər olub.
Maddi yardımla bağlı müraciət edənlərdən 10 nəfərə pul və material yardımları edilib, digərlərinə Qurban payı verilib. Sahibkarlıq fəaliyyəti ilə bağlı müraciət edənlərdən 34 nəfərinə mövsümi ictimai-iaşə, ticarət xidmətləri ilə məşğul olmaq üçün icazə verilib, icarə müddəti bitmiş 6 nəfərin icarəsinə, 2 nəfərin mülkiyyətinə torpaq sahələri ayrılıb. İcarəyə verilən torpaq sahələrindən biri şəhid ailəsiinə ayrılıb. Fərdi yaşayış evi tikintisi üçün zəbt edilmiş torpaq sahələrinin mülkiyyətə verilməsi barədə bələdiyyə 12 nəfər üçün qərar verib. Onlardan biri şəhid ailəsidir.
136 nəfər arayış və məlumatla bağlı müraciət edib və bu müraciətlər müsbət həll olunub. Digər müraciətlərə də “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, vaxtında baxılıb, vətəndaşlara əsaslandırılmış cavablar verilib.
Hesabat dövründə ağac kəsimi və budanması ilə bağlı 13 ərizə daxil olub. Müraciətlərin icrası ilə əlaqədar 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət edilib.
2023-cü ilin 6 ayı ərzində bələdiyyəyə rəsmi orqanlardan 364 ədəd sənəd və məktub daxil olub. Onlardan 89-u Mərkəzi İcra Hakimiyyətlərindən, 46-sı yerli İcra Hakimiyyətindən, 1-i Milli Məclisdən, 228-i müxtəlif idarə və təşkilatlardan göndərilib. Məktublara qanunvericiliyin tələb etdiyi müddətdə cavablar cerilib. Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə İdarəsindən, Bələdiyyələrlə İş Mərkəzindən göndərilmiş tövsiyə, təlimat, məlumat xarakterli sənədlər, qanun və qaydalardan çıxarışlar istifadə üçün komissiya və şöbələrə verilib.
2023-cü ilin 6 ayı ərzində bələdiyyənin gəlirləri 149.006,22 manat olub. 01.01.2023-cü ilə ötən ildən 87680,67 manat xərclənməmiş vəsait qalıb.
Gəlirlər aşağıdakı mənbələrdən formalaşıb:
- fiziki şəxslərdən torpaq vergisi 4783,26 manat;
- fiziki şəxslərdən əmlak vergisi 8909 manat;
- yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 9896,44 manat;
- bələdiyyə tərəfindən xüsusi ayrılmış torpaq sahələrində mövsümi ictimai-iaşə və digər xidmətlərə görə ödəniş 3542 manat;
- bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizim xidmətləri göstərən şəxslərdən alınan ödəniş 1333 manat;
- bələdiyyyə ərazisində müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqlardan ödəniş 2058 manat;
- bələdiyyə əmlakının satışından daxil olan gəlirlər 29140 manat ;
- icarəyə verilmiş torpaq sahələrindən alınan icarə haqqı 74784,52 manat;
- icarəyə verilmiş əmlakdan icarə haqqı 6000 manat;
- bələdiyyənin digər fəaliyyətindən (“Dəfn mərasimi” xidmətləri sahəsindən) gəlirlər 8560 manat olub.
Hesabat dövründə bələdiyyənin xərcləri 170586,69 manat olub. Xərclərin istiqamətləri aşağıdakı kimidir.
- əmək haqqı və onunla bağlı sair ödəmələrə 82482,17 manat;
- əmək haqqına üstəlik (DSMF, işsizlik sığortası, icbari sığortalar) 27389,55 manat;
- dəftərxana ləvazimatı, cari təsərrüfat məqsədləri üçün mal və materialların alınmasına 1461,10 manat;
- nəqliyyat xidmətləri haqqının ödənilməsinə 1022 manat;
- rabitə xidmətləri haqqının ödənilməsinə 773,81 manat;
- inventar və avadanlığın alınmasına 89 manat;
- ezamiyyə xərclərinə 294 manat;
- elektrik enerjisi haqqının ödənilməsinə 1170 manat;
- qaz sərfi haqqının ödənilməsinə 1024,25 manat;
- su və kanalizasiyadan istifadə haqqının ödənilməsinə 300 manat;
- abadlıq və tikinti işlərinə 39974,04 manat;
- əsas vəsaitlərin alınmasına 2210 manat;
- maddi yardımlara 3335,52 manat;
- bank xidmətlərinə 659,12 manat;
- mətbuata abunə xərclrinə 620 manat;
- sair xərclərə ( Bələdiyyələrin Milli Assosiasiyasına üzvlük haqqı, reyestr idarəsinə, arxiv idarəsinə, audit yoxlamasına, printer və kondisionerin təmirinə, mediasiya xidmətinə, ərazi tikinti-planlaşdırma mərkəzinə, maaş kartlarının alınmasına, aviabiletlərin alınmasına, vəkil xidmətinə, İcra-Probasiya İdarəsinə, dövlət rüsumu, torpaq sahəsinə baxışa, ekspert xərclərinə) 7778,13 manat vəsait xərclənib.
2023-cü ilin 6 ayı ərzində dövlət büdcəsindən ayrılmış dotasiya hesabına şəhərin müxtəlif ərazilərində “Abad məhəllə” layihələri icra olunub.
Şəhərin Sağ sahil hissəsindəki parka dörd dəst idman qurğusu (trenajorlar) və bir dəst dəmir çərçivəli, torlu, dirəkli hasar quraşdırılıb. Bu məqsədlə büdcədən 6062 manat vəsait ayrılıb.
Ş.İ.Xətai küçəsinin sakinləri bələdiyyəyə və şəhər İcra Hakimiyyətinə məhəllələrindəki boş və bərbad vəziyyətdə qalmış ərazinin abadlaşdirilması barədə müraciət etmişdilər. Bələdiyyə müraciəti nəzərə alaraq həmin ərazidə mini-park salınması haqqında qərar verərək işə başladı və qısa zamanda parkı sakinlərə təhvil verdi. 2200 m2 sahə qreyderlə hamarlandı, 620 m2 sahəyə tamet düzüldü, 520 m uzunluğunda bardyor qoyuldu, 8 ədəd işıq dirəyi, 9 ədəd oturacaq, 2 ədəd söhbətgah yerləşdirildi, 150 ədəd küknar ağacı, 8 ədəd dekorativ ağac və müxtəlif gül kolları əkildi.
N. Nərimanov prospektində iki xeyir-şər mağarında boyama işləri aparılıb, bir mağara dəmir şifer vurulub.
Novruz bayramı ərəfəsində S. Vurğun adına mədəniyyət və istirahət parkında cari təmir işləri aparılıb.
Şəhid bulağının ətrafına iki ədəd oturacaq, Heydər məscidinin həyətinə iki ədəd oturacaq, Qarabağ müharibəsi əlilinin məhəlləsinə bir ədəd oturacaq və N. Nərimanov prospekti, 34 saylı binanın qarşısına bir ədəd söhbətgah qoyulub.
Bütün bu abadlıq işlərinə bələdiyyə büdcəsindən 39838 manat vəsait xərclənib.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Bələdiyyə müxtəlif mövzularda yığıncaqlar və tədbirlər keçirib və tədbirlər ilin sonunadək davam edəcəkdir. Həmin tədbirlərdən biri “KÜR” Olimpiya Tədris Mərkəzində H. Əliyevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə yeniyetmələr arasında respublika turnirinin keçirilməsidir. Turnirdə 12 rayondan 160 idmançı iştirak etdi. Fərqlənən idmançılara bələdiyyə tərəfindən kubok, medal və hədiyyələr verildi. Bələdiyyə işçiləri Həmkarlar təşkilatı Respublika Komitəsi fəxri yerləri tutan üç komandanı pul mükafatı ilə təltif etdi.
Qurban bayramında bələdiyyə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və imkansız ailələrə, ümumilikdə 500 kq Qurban əti payladı. Bu məqsəd üçün bələdiyyə büdcəsindən 7000 manat vəasit ayrıldı.
Qum-çınqıl karxanalarının ötən illərdən qalmış mədən vergisi borcu əvəzinə sakinlərin müraciətlərini nəzərə alaraq, ara yollara və eyni zamanda şəhərdə abadlıq işləri gedən ərazilərə bələdiyyə tərəfindən 600 m3 çınqıl tökülüb:
Hesabat dövründə imkansız vətəndaşlara maddi yardımların verilməsi bələdiyyənin əsas fəaliyyət istiqamətlərindən biri olub. Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin müraciətlərinə xüsusi diqqətlə yanaşılıb. Yardımlar müxtəlif formada həyata keçirilib. Bələdiyyə yas və dəfn mərasimlərinə, qəbirüstü abidələrin düzəldilməsinə yardımçı olub. Şəhid İbrahimov Atiq Ariz oğlunun bulaq kompleksinin ətrafının abadlaşdırılması üçün şəhidin atası İbrahimov Ariz Zülqədər oğluna 400 manat, şəhid ailəsi Kərimova Gül Veyis qızına 100 manat, I qrup Qarabağ müharibəsi əlili Abdullayev Abdulla Süleyman oğluna 600 manat, Qarabağ müharibəsi veteranı Məmmədov Xəyal Vidadi oğluna 100 manat, imkansız ailələr Yarovenko Tatyana Andreyevnaya 50 manat, Bəşirova Göhər Bəşir qızına 100 manat, Səlimova Mərziyyə Cəfər qızına 100 manat, Nəsibova Tünzalə Fərhad qızına 200 manat, Hidayətova Esmira Əsabəli qızına 100 manat, bələdiyyə üzvü Əliyev Əli Səhrab oğluna cərrahi əməliyyat olunmasına və müalicəsinə kömək üçün 1000 manat pul yardımı edilib. Vətən müharibəsi əlili Muradov Orxan Fazil oğlunun ailəsinə ərzaq yardımı göndərilib.
Bütün yardımlara ümumilikdə bələdiyyə büdcəsindən 3335,52 manat vəsait ayrılıb.
2023-cü ilin 6 ayı ərzində bələdiyyə tərəfindən fərdi yaşayış evinin tikintisi üçün zəbt edilmiş ərazilərdən 12 nəfərin mülkiyyətinə 2963 kv.metr torpaq sahəsi verilib. O cümlədən, 1 nəfər şəhid ailəsinə 700 kv.metr ödənişsiz torpaq sahəsi ayrılıb.
Sahibkarlıq fəaliyyəti üçün 158 kv.metr torpaq sahələri mülkiyyətə verilib. İcarə müddəti bitmiş 309 kv.metr torpaq sahəsi hərraca çıxarılaraq yenidən icarəyə verilib, 2.03 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə hərracla icarəyə ayrılıb. Ümumilikdə sahibkarlıq fəaliyyəti üçün 8 nəfərə hərracla torpaq sahəsi verilib ki, onlardan 2 nəfəri şəhid ailəsidir.
Hesabat dövründə bələdiyyə tərəfindən müxtəlif tədbirlər həyata keçirilib. Məhəllə komitələrinin sədrləri ilə, KİV nümayəndələri ilə, QHT təmsilçiləri ilə bələdiyyədə görüşlər keçirilib. Dövlət və milli bayramlarda bələdiyyə üzv və qulluqçuları fəal iştirak ediblər.
Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinin əməkdaşları tərəfindən Mingəçevir Bələdiyyəsində seminar-müşavirələr keçirilib.
Ümummilli liderin 100 illiyi münasibəti ilə “Heydər Əliyev müasir Azərbaycanın banisidir” mövzusunda bələdiyyənin təşkilatçılığı ilə videokonfrans keçirilib.
Həmçinin “Heydər Əliyev ili”nə həsr olunmuş bələdiyyənin təşkilatçılığı və maliyyəsi ilə respublika miqyaslı Yunan-Roma güləşi üzrə turnir keçirilib. Turnirdə 12 rayondan 160 güləşçi 13 çəkidə güclərini sınayıblar və nəticədə qaliblər mükafatlandırılıblar.
Mingəçevir Bələdiyyəsi keçən ildən “İqtisadi inkişafı dəstəkləyən bələdiyyə sədrləri” layihəsinin üzvüdür. Layihə çərçivəsində elan olunmuş müsabiqədə bələdiyyəmiz də fəal iştirak edib və qaliblərdən biri olub. Layihənin işçi qrupu 6 ayda xarici ölkə nümayəndələrinin keçirdikləri təlimlərdə iştirak ediblər.
Mingəçevir bələdiyyəsinin təşkilatçılğı ilə “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda seminar keçirilib. Bələdiyyənin “Gender bərabərliyi” komissiyasının sədri Ailə, Qadin və Uşaq problemləri üzrə Komitənin və beynəlxalq təşkilatın genderlə bağlı təşkil etdikləri tədbirlərdə iştirak edib.
Bələdiyyənin “İdman və gənclərlə iş” komissiyasının təşəbbüsü ilə “Gələcəyimizi düşünək. Narkomahiyaya “yox” deyək” mövzusunda onlayn seminar keçirilib.
Ramiz Əliyev
Mingəçevir bələdiyyəsinin sədri
(Mingəçevir Bələdiyyəsinin 2023-cü ilin l yarımilliyi ərzindəki fəaliyyəti barədə HESABATI)
Rəylər
0 Rəy