Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-11-2023 , 17:36

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Elmi-Praktik Məsələlər
- +

2023-cü il- Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin yaranmasının 105-ci ildönümü  və tarixi hadisələrin baş verdiyi il kimi

1918-ci ilin may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycanda dövlətçiliyin demokratik əsaslarla formalaşması prosesi başlanmışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şərqdə ilk dövlətçilik ənənələrinin təməli qoyulmuş, yeni hüquq sistemi formalaşmış və qanunvericilik aktları qəbul olunmuşdur.

Demokratik Cümhuriyyətdə hökumətin və parlamentin gördüyü işlər müstəqil dövlətin möhkəmləndirilməsinə xidmət etmişdir. Azərbaycan Ordusunun yaranması, iqtisadiyyatın gücləndirilməsi və mədəniyyətimizin inkişafı yolunda böyük işlər görülmüş və bir sıra hüquqi aktlar qəbul olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bir gündə Ədliyyə Nazirliyi də təsis edilmiş, 1918-ci ilin noyabr ayının 22-də Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq olunmuşdur. Müstəqil Azərbaycan Cümhuriyyəti Ədliyyə Nazirliyi dövlətçiliyin inkişafında mühüm rol oynamışdır. Ədliyyə Nazirliyi ölkənin hüquq sahəsində qanunçuluğu təmin etmək məqsədilə qısa müddət ərzində məhkəmə sistemində mühüm işlər görə bilmişdir. Azərbaycan Xalq Cümhuriyyətində prokurorluq orqanları müstəqil olaraq fəaliyyət göstərmiş və Azərbaycan məhkəmə sisteminin nizamnaməsi qəbul olunmuşdur. 

Azərbaycan Xalq Cümhuriyyəti Sovetlər imperiyası tərəfindən süquta uğradıldıqdan sonra 13 may 1920-ci ildə Ədliyyə Nazirliyi ləğv edilmiş və əvəzində Xalq Ədliyyə Komissarlığı qurulmuşdur. 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyinin yenidən qurulması Azərbaycan Ədliyyəsinin tarixində mühüm rol oynamışdır.

Azərbaycan Ədliyyəsinin bu mərhələdə inkişaf tarixi Ümummilli Lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi bir dövrə təsadüf edirdi. SSR-nin süqutundan sonra Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Müstəqillik illərinin ilk vaxtlarında Azərbaycanda yaranan xaos və hərc-mərcliyin qarşısının alınması məqsədilə xalqın təkidi ilə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdı. Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə sabitliyin, hüquqi-demokratik dövlətin yaranmasının qarantı oldu. Ümummilli Lider ölkə vətəndaşlarının hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil məhkəmə sistemi yaradılması prinsiplərinə əsaslanan ədliyyə orqanlarının yenidən təkmilləşdirilməsini təmin etdi. 11 noyabr 2000-ci il tarixli Sərəncamla, 22 noyabr Ədliyyə Nazirliyinin ilk Əsasnaməsi təsdiqləndiyi gün Respublikamızda ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunmağa başladı. 

Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Ədliyyəsi bu gün Prezident Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli vəzifəsini uğurla davam etdirir.

Cənab İlham Əliyevin Prezidentliyi dövründə ədliyyə qurumlarının məsuliyyəti daha da artmış, bu quruma qayğı və diqqət yüksəlmiş, Azərbaycan ədliyyəsi yeni-yeni nailiyyətlər qazanmış, rolu və nüfuzu artmış və mövqeyi möhkəmlənmişdir.

Müstəqillik dövründə ilk dəfə olaraq – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 18 aprel tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilərək ona hüquq-mühafizə orqanı statusu verilmişdir. Habelə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 2006-cı il 26 may tarixli Qanunu qəbul olunmuş və Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli Fərman imzalanmışdır.

Həmçinin cənab Prezident İlham Əliyevin 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” təsdiq edilərək həyata keçirilmişdir. Bu proqram ölkəmizdə ədliyyə sisteminin daha da təkmilləşməsində, işin müasir tələblərə uyğun qurulmasında, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edən orqanların fəaliyyətindəki səmərəliliyin artırılmasında önəmli rol oynamışdır.

Eyni zamanda Dövlət başçısının 2018-ci il 18 dekabr tarixli Sərəncamı ilə ədliyyə sahəsində islahatların davamlılığının təmin olunması məqsədilə “Azərbaycan Ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi ədliyyə və məhkəmə sahəsində islahatların gələcək inkişaf perspektivlərini müəyyən etmişdir. Həmçinin cənab Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı  ədliyyə və məhkəmə sistemi üçün mühüm “yol xəritəsi” olmaqla bu sahədə islahatların yeni mərhələdə davamına rəvac vermişdir.

Bununla yanaşı son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ədliyyə orqanlarının və məhkəmələrin inkişafının təmin edilməsi, innovativ texnologiyaların tətbiqi, normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılması, bu sahədə infrastrukturun müasirləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür.

Ədliyyə işçiləri bu bayramı bizə bəxş etmiş Ulu Öndərimizə dərin minnətdarlıq hissi ilə hər il qeyd edirlər. Bu ilki bayram isə xüsusilə əlamətdar olmaqla böyük fəxarətlə keçirilir. Məlum olduğu kimi 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olmuşdur. Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə dövlət başçısı İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir. Dövlət başçısı tərəfindən 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması Heydər Əliyev dühasını, xalqımız və dövlətimiz qarşısındakı xidmətlərini bir daha dərindən təhlil etməyə, dövlətçilik amallarını, yüksək ideyalarını yeni nəsillərə aşılamağa imkan yaratmış, Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar ədliyyə orqanlarında yubiley tədbirlərinin yüksək səviyyədə təşkili məqsədilə ədliyyə nazirinin sədrliyi ilə Təşkilat Komitəsi yaradılmışdır.

 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin Kollegiyasının müvafiq Qərarı ilə yubileyin ədliyyə orqanlarında qeyd edilməsinə dair təsdiq edilmiş əhatəli Tədbirlər Planına uyğun olaraq nazirlik və onun qurumları tərəfindən davamlı olaraq tədbirlər həyata keçirilməkdədir.

Belə ki, yubiley çərçivəsində ədliyyə işçiləri Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət etmiş, onun əziz xatirəsinə əbədi ehtiramlarını bildirmiş, gənc əməkdaşlar nazirlikdə Heydər Əliyev muzeyi ilə tanış olmuş, ədliyyə orqanlarında yığıncaqlar, dəyirmi masalar keçirilmiş, ixtisasartırma kurslarında xüsusi mövzular tədris edilmişdir. Eyni zamanda Nazirlik tərəfindən müxtəlif kütləvi idman yarışları, xeyriyyə tədbirləri, o cümlədən qanvermə aksiyası təşkil olunmuş, ədliyyə işçiləri tərəfindən mətbuatda çıxışlar edilmişdir. Həmçinin, Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində nazirliyin kinozalında Ulu Öndərin zəngin həyatından və titanik fəaliyyətindən bəhs edən filmlər nümayiş etdirilmişdir.

Nazirliyin qurumları tərəfindən Sərancamın icrası məqsədilə bir çox tədbirlər həyata keçirilmiş, həmçinin bələdiyyələrin də bu sahədə fəallığının təmin olunması üçün zəruri tədbirlər görülmüşdür.  Belə ki, silsilə tədbirlərin davamı olaraq ölkəmizdə ilk dəfə olaraq yerli özünüidarəetmə sisteminin məhz Heydər Əliyevin rəhbərliyi ilə formalaşdırıldığı nəzərə alınaraq aprelin 12-də nazirliyin və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının təşkilatçılığı ilə “Heydər Əliyev Azərbaycanda yerli özünüidarəetmənin banisidir” mövzusunda konfrans keçirilmişdir. Tədbirdə Ədliyyə Nazirliyinin rəhbərliyi, Milli Məclisin komitə sədrləri və üzvləri, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları, bələdiyyə təmsilçiləri, ali təhsil müəssisələrinin professor-müəllim və tələbə heyəti, Mediasiya Şurasının, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər vətəndaş cəmiyyəti institutları, media nümayəndələri iştirak etmişdir. Konfransda maraqlı məruzələr dinlənilmiş, həmçinin Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yoluna həsr olunan film nümayiş etdirilmiş və Ədliyyə Nazirliyi tərəfindən müasir tələblərə uyğun hazırlanmış və səmərəli yerli özünüidarəetmə fəaliyyətinə töhfə olan “Bələdiyyələrlə iş portalı”nın təqdimatı keçirilmişdir.

Bildirilir ki, bu il Ədliyyə Nazirliyinin yaranmasının 105-ci ildönümü həm də cənab Prezident Ali Baş Komandan  İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümünün  tamam olması ilə əlamətdardır. 2003-2023-cü illər ölkəmizin tarixinə yüksəliş dövrü kimi daxil olub. 2003-2023-cü illər Azərbaycan dövlətinin inkişafa başlayıb, zəfərlə bitən ən şərəfli dövrüdür.

Cənab İlham Əliyev 2003-cü ilin 15 oktyabr tarixində xalqın səsinin mütləq əksəriyyətini qazanaraq keçirilmiş seçkilərdə yüksək səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Həmin tarixdən etibarən, Azərbaycan xalqı öz səsini Ümummilli Lider Heydər Əliyev siyasətinin davam etdirilməsinə, ölkədə sülhün və sabitliyin qorunmasına vermişdir. Dövlət başçısı ölkəmizin beynəlxalq əlaqələrini genişləndirməklə, beynəlxalq arenadakı nüfuzunu artırmaqla onu həm də regionda və dünyada müstəqil xarici siyasət yürüdən ölkə, etibarlı tərəfdaş kimi tanıtmışdır. Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətinin məqsədi müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Bu istiqamətdə atılan hər bir addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Şübhəsiz ki, bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi - işğal altında olan torpaqlarımız düşməndən azad edilsin və Azərbaycanın bütün sərhədləri boyunca üçrəngli bayrağımız dalğalansın! 27 sentyabr 2020-ci il tarixdə başlanan 44 günlük Vətən müharibəsi dövründə, eləcə də, 19-20 sentyabr 2023 - cü il tarixdə başlanan lokal antiterror əməliyyatı  bir daha sübut etdi ki,  Azərbaycanın bütün siyasi təzyiq və təhdidlərə sinə gəlməsi  dövlət başçısının beynəlxaq arenada qətiyyətli siyasət yürütməsinin nəticəsidir. Qazanılan Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə, dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Beləliklə, dövlət başçısı tərəfindən yürüdülən praqmatik siyasət, rəşadətli Azərbaycan ordusunun gücü və xalqın dəstəyi vəhdət təşkil edərək tarixi ədaləti bərpa etdi.

Antiterror əməliyyatından qısa müddət sonra - məhz Azərbaycan Respublikası Prezidenti seçilməsinin 20 ilinin tamam olduğu gün, oktyabrın 15-də ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli dövlət bayrağımızın ucaldılması ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi olmaqla yüksək qürur və iftixar hissləri ilə qeyd edildi. Bu müqəddəs missiyanın Ümummilli Liderin 100 illiyini qeyd etdiyimiz “Heydər Əliyev İli”ndə, Ulu Öndərin siyasi varisi cənab İlham Əliyevin prezident seçilməsinin iyirminci ildönümündə həyata keçirilməsi xüsusilə əlamətdardır.

Ötən 20 ilə nəzər salsaq, görərik ki, bu illər ərzində elə bir sahə olmamışdır ki, cənab Prezidentin rəhbərliyi ilə orada islahatlar aparılmasın və inkişafa nail olunmasın.  Dövlət başçısının ilk gündən qəbul etdiyi uzunmüddətli strategiyaların, dövlət proqramlarının və milli fəaliyyət planlarının uğurlu icrası respublikamızın davamlı sosial-iqtisadi tərəqqisinə, əhalinin rifahına xidmət etmişdir. Bütün sahələrdə, aparılan uğurlu addımlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın da Prezidentimizin ən yaxın silahdaşı kimi böyük səylər göstərdiyini qeyd etməmək mümkün deyildir. Dövlətimiz tərəfindən həyata keçirilən bu tədbirlərə əlavə olaraq bələdiyyələrin də qeyd olunan məsələləri diqqətdə saxlamaları məqsədilə Ədliyyə Nazirliyi tərəfindən onlarla davamlı iş aparılmışdır.

Qeyd etməliyəm ki, bələdiyyələrimiz tərəfindən Vətən müharibəsi və ondan sonrakı dövrdə Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğı göstərilməsi, onların problemlərinin həlli istiqamətində fəal şəkildə məqsədyönlü işlər görülmüşdür. 

Bələdiyyələr tərəfindən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yüzlərlə xatirə guşələri yaradılmış, “şəhid bulaqları” istifadəyə verilmiş, onların anım mərasimlərinin təşkilində fəal iştirak edilmişdir. Eyni zamanda şəhid ailələrinin və müharibə iştirakçılarının maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə müxtəlif yardımlar edilmiş, onların yaşadıqları məhəllələr, küçələr abadlaşdırılmış, evləri təmir olunmuşdur. Qeyd olunan tədbirlərə bələdiyyə büdcəsindən 3 milyon manatdan çox vəsait ayrılmışdır. 

Bununla yanaşı Ədliyyə Nazirliyi tərəfindən ərazi bütövlüyümüz uğrunda döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə fərdi yaşayış evinin tikintisi üçün torpaqayırma sənədlərinin hazırlanması zamanı zəruri xərclərin yerli büdcələrin imkanları daxilində bələdiyyələr tərəfindən qarşılanması tövsiyə edilmişdir. Bu günə kimi 600-dən çox şəhid ailəsi və müharibə iştirakçılarının mülkiyyətinə və icarələrinə ümumilikdə 400 ha yaxın torpaq sahəsi  verilmişdir. 

Bu günlərdə 105 yaşını qeyd edən Azərbaycan ədliyyəsinin qarşısına qoyulan vəzifələrin daha səmərəli və operativ yerinə yetirilməsi üçün bütün imkanlardan istifadə olunur. Peşə bayramını Qələbə sevinci ilə qeyd edən və bu  günləri bizlərə yaşatdığına görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıq hissi keçirən ədliyyə işçiləri Vətənimizin çiçəklənməsi və hərtərəfli tərəqqisi naminə demokratik hüquqi dövlət quruculuğu, azad olmuş torpaqlarımızın bərpası ilə bağlı üzərlərinə düşən vəzifələri şərəflə yerinə yetirmək əzmindədirlər.

Tarixi qələbəmiz, həm də peşə bayramımız münasibətilə bütün ədliyyə işçilərini təbrik edir, onlara qanunun aliliyinin və insan hüquqlarının təmin olunması kimi şərəfli fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıram.

Laləzar Əlizadə 

Bələdiyyələrlə iş mərkəzinin məsləhətçisi,

II dərəcəli ədliyyə qulluqçusu


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Ümummilli Lider


Elmi-Praktik Məsələlər
26-06-2023

28 May günü Azərbaycan xalqı üçün əziz gündür

Elmi-Praktik Məsələlər
26-05-2023

TƏSADÜFÜN YARATDIĞI REALLIQLAR

Elmi-Praktik Məsələlər
12-05-2023

Müdrik seçim 

Elmi-Praktik Məsələlər
11-04-2023