Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-05-2023 , 07:03

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Elmi-Praktik Məsələlər
- +

Əmlak məsələləri Dövlət Xidmətinə: “Heydər Əliyev ilində” bələdiyyələrin üzləşdikləri  problemləri  həll etməyə borclusunuz

Cari ilin ilk beş ayı ərzində Əmlak məsələləri Dövlət Xidməti dörd regionda müşavirə keçirib. Fevral ayının 28-də Şirvan şəhərində, 15 mart tarixində Ucar şəhərində, 18 aprel tarixində Mingəçevir şəhərində, ən nəhayət 17 may tarixində Ağdamın Quzanlı qəsəbəsində keçirilən görüşlərin ikisi barədə subyektiv münasibətimi bildirmişəm. Bu müşavirələrin hər biri eyni ssenari üzrə keçirilsə də, əsas diqqətiçəkən fərq Şirvan şəhərindəki müşavirədə altı rayon icra hakimiyyəti başçısının, Ucar şəhərindəki görüşdə isə qonaqların say çoxluğunun olması ilə seçilib.  Bu müşavirələrlə bağlı qeydə aldığım yazıların hər biriylə tanış olmaları üçün dövlət xidmətinin rəhbər vəzifəli şəxslərinin votsap nömrələrinə də göndərmişəm.

Beləliklə, dörd zona müşavirəsində 22 rayonun bələdiyyə təmsilçiləri iştirak ediblər.  Şirvan, Saatlı, Sabirabad, Neftçala, Salyan və Hacıqabul, Ucar, Göyçay, Zərdab, Kürdəmir, Mingəçevir, Yevlax və Ağdaş,  Ağdam, Bərdə, Tərtər, Goranboy, Beyləqan, Ağcabədi, Füzuli, İmişli və Naftalan rayonlarının digər qurum təmsilçiləri də müşavirələrdə iştirak ediblər.

Dörd müşavirənin yalnız ikisində bələdiyyə sədrlərinə çıxış verilib,  Ucar  və Ağdam rayonlarında  keçirilən görüşlərdə bəzi bələdiyyə sədrləri sonda söz alaraq öz fikirlərini, əsasən də qarşılaşdıqları problemləri xidmət rəsmilərinə çatdıra biliblər. Üç müşavirəni xidmət sədrinin müavini Elçin Yusubovun, sonuncu isə xidmətin digər sədr müavini Rüstəm Şahbazovun moderatorluğu ilə keçib.  

İndisə mətləbə keçim.     

***

Bu gün vətəndaşların, xüsusəndə bələdiyyələrin qarşılaşdığı problemlərin böyük əksəriyyəti məhz adıçəkilən  xidmətin yarıtmaz  fəaliyyətiylə bağlıdır, desəm yəqin ki, bu yazını oxuyan hər kəs mənimlə  razılaşacaq. Əmlakın sənədləşdirilməsində hər addımda problem yaratmağa çalışan, bütün addımlarını da konkret olaraq hansısa normativ-hüquqi sənədlərə istinad etməkdən çəkinməyən xidmət əməkdaşları iştirak etdikləri  müşavirələrdə ötəri də olsa səsləndirilən problemlərin həllini necə görür, çox maraqlıdır. Bu müşavirələrdə səslənən fikir və mülahizələri xidmət əməkdaşları demək olar ki tez-tez eşitdikləri halda niyə nəticə çıxarmaq istərmirlər. Nəyi və kimi gözləyirlər?

Sual olunur, hər bir dörd müşavirə ilə bağlı yaydıqları məlumatları xidmət rəsmilərinin özləri oxuyublarmı?  Təxminən eyni məzmunlu məlumatın dörd dəfə paylaşılmasını necə başa düşək? Bu addımla xidmət nə demək istəyir? Bəlkə bir az düşünək, cənablar. Belə olmaz.

Bu şəkildə, bu forma və məzmunda  müşavirələrin keçirilməsi nə vətəndaşa, nə də bələdiyyələrə lazımdır. Özləri üçündə bu cür müşavirənin təşkili əslində vaxt itkisindən başqa bir şey deyil.

Sual olunur, dörd müşavirədə iştirakçılara hansı yenilik təqdim edildi. Vətəndaşın sənədsiz mənzilinə, habelə həyətyanı torpaq sahəsi üçün bir həftəyə çıxarışın verilməsi nə vaxt  təmin ediləcəkdir. Bu zaman kəsiyində çıxarışın verilməsi təmin edilə bilərmi? Nə zaman əmlakın sənədləşdirmə prosesi bir pəncərə sistemiylə və sürətli şəkildə öz həllini tapacaqdır?

Ümumiyyətlə, müşavirələrdə bu sahədə mövcud durumun asanlaşdırılmasıyla bağlı hansısa yenilikdən niyə danışılmadı? İllik hesabat xarakterli çıxışlar əslində nə vətəndaşa, nədə ki bələdiyyələrə lazım deyildi. İş o yerə çatıb ki, icra başçıları da problemi dilə gətiriblər. Hətta Ağdam RİH başçısının birinci müavini Allahverən Əliyev çıxışında  konkret problemə və onu  həlli yollarına toxunub.  Fəaliyyətindən narazı qaldığım Ağdam RİH başçısı Vaqif Həsənov daha irəli gedərək xidmət əməkdaşlarının diqqətini problemin həllinə səsləyib. Əlavə edim ki, siyasi rəhbər Qaradağ və Xəzər rayonlarında icra-bələdiyyə münasibətlərini tənzimləyən əsas aparıcı qüvvə olduğundan prosesi dərinliklərinədək bilməsinə heç bir şübhəm yoxdu. Hər iki şəxsə müşavirədə söylədikləri obeyktiv fikirlərə görə təşəkkür edirəm.

Təəcüblüdür ki, iyirmi il ərzində bələdiyyələrə mülkiyyətə nə torpaq, nə əmlak təqdim edilib. İllər boyu min bir bəhanə ilə bu proses uzadılıb. Dövlət əmlakının bələdiyyələrə verilməsiylə bağlı Prezident Fərmanı olsa da icrası alayarımçıq aparılıb. Bütovlükdə verilməli olan binanın iki və ya üç otağı bələdiyyələrə verilib. Və yaxud bələdiyyə öz vəsaitiylə özü üçün inzibati bina inşa edib, onu sənədləşdirə bilmir. Çünki xidmət saysız-hesabsız şərtlər qoyur və sənədlər tələb edir. Və yaxud torpaq satışıyla bağlı qoyulan tələbə bir fikir verin. Bələdiyyə torpağı bazar qiymətinə satışa çıxarılmalıdır. Olsun. Bazar qiymətinə satışa çıxarılarkən bələdiyyə büdcəsinə də kifayət qədər vəsaitin daxil olma ehtimalı var. Razıyam. Amma sual edirəm  ucqar kənddə satışa çıxarılan torpaqla rayon mərkəzindəki torpağın qiyməti niyə eyni götürülür? Xidmətin müvafiq qurumu orta bazar qiymətini necə və hansı şərtlərlə müəyyən edib, bilən varmı? Və yaxud niyə bələdiyyəyə torpaq satışında daxil olan vəsaiti bu və ya digər yollarla  bələdiyyədən “dolayısıyla” əlindən alırıq? Vacib məsələlərdən bir də hərrac komissiyasıyla bağlıdır. Hansı səbəbə görə, rayonda formalaşan bələdiyyələri hərrac komissiyasında yalnız bir nəfər təmsil etməlidir. Və yaxud bu günədək elan edilmiş olsa da, əslində elektron xəritələrin bələdiyyələrə təqdim edilməsi də çoxsaylı suallar yaratmaqdadır. Tələm-tələsik hazırlanaraq  bələdiyyə sədrlərinin surətli şəkildə imzalamaları üçün  “müəyyən dairələrin dərindən-qabıqdan” çıxması hansı məqsəd daşıyır, bilən varmı. Bəlkə bu məsələlərə bir aydınlıq gətirilsin.  Bir çox məqamların icrasını normativ-hüquqi sənədlərin üstünə  atan  xidmət rəsmiləri tariflərin bir neçə dəfə artırılmasından xəbərsiz kimi davranmaları təəccüb və təəssüf doğurur. Maraqlı məqam bir də ondandır ki,  adıçəkilən hüquqi  sənədlərdəki dəyişikliyi və tariflərin artırılmasıyla bağlı təklifləri nə vətəndaş, nə də bələdiyyələr irəli sürüb. Əgər dəyişikliklərlə bağlı dövlət xidməti təklif veribsə, demək yaranan problemləri aradan qaldırılmasıyla bağlı təklifləri də məhz xidmət verməlidir. Belə olan halda nəyi gözləyirik.     

Və yaxud necə ola bilər ki, örüş torpağı birdən-birə kənd təsərrüfat təyinatlı torpağa çevrilir. Rayon mərkəzlərində  örüş torpağı necə ola bilər, maraqlıdır.  Qobustan rayonunun mərkəzindəki  10 sotluq əraziyə guya örüş sahəsi olduğundan sənədləşdirilməsinə imtina verilib.

Müşahidələrdən belə qənaətə gələ bilərik ki, xidmət ümumiyyətlə vətəndaşın və bələdiyyələrin rahatlığı naminə deyil, əksinə onlara problem yaşatmağa daha çox maraqlıdır. Ən dəhşətlisi bir də odur ki, Bakı şəhərinin mərkəzində olan Təbriz küçəsi 10 ünvanında söküntüsü həyata keçirilmiş binaya dövlət xidməti, üstündən altı ay keçəndən sonra, binanı özəlləşdirməyə çıxararaq sənədləşdirib və cəmi 21 gün ərzində  əslində olmayan binaya çıxarış təqdim edib. Təssəvvür edin ki, 21 günə. Bu fakt əslində “Ginnesin rekordlar” kitabına düşəsi rəqəmdir.

Bununla yanaşı hazırda gündəmi zəbt etmiş qəbirstanlıqlar neçə ildir bələdiyyələrin mülkiyyətinə təqdim edilmir. Sual olunur NİYƏ?

Narahatlıq yaradan məqam birdə odur ki, qurumda ölkə torpaqları haqqında müffəssəl məlumat bazası yoxdur. Varsa da ortalığa çıxarılmır. Xidmətin bir qurumunun verdiyi cavabla, digər qurumunun cavabı üst-üstə düşmür. Sual edirəm, nə vaxt Əmlak məsələləri  Dövlət Xidməti cənab Prezidentin tələb etdiyi vətəndaş məmnunluğunu  təmin edəcək?  


***

Beləliklə, suallar çox, cavabları isə yox. Əmlak məsələləri Dövlət Xidmətində çalışanlar nəhayət bilməlidirlər  problem var, özü də çox ciddi və bu problem kökündən öz həllni tapmalıdır. Konkret. Bu qurumların problemlərinin həllinə qeyri-ciddi yanaşması nəticə etibaryilə narazılığı artırır.  Bu narazılıq isə daha çox  ölkəmizdə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bələdiyyələrdə artmaqdadır.  Hər birimiz, xüsusəndə Əmlak məsələləri Dövlət Xidmətində çalışanlar “Heydər Əliyev ilində” onun yaratdığı qurumların üzləşdikləri  problemləri  həll etməyə, sadəcə, borcludurlar.

Əmlak məsələləri Dövlət Xidməti tərəfindən keçirilən müşavirələrə gəlincə isə, deməliyəm ki, nə qədər gec deyil  onun formatı, habelə forma və məzmununun dəyişməyin vaxtı çatıb.

Hər halda düşünməyə dəyər.

Vüqar Tofiqli

Belediyye.info

 P.S. ADIÇƏKİLƏN QURUMUN YAZIDA QALDIRILAN MƏSƏLƏLƏRLƏ BAĞLI FİKİR VƏ MÜLAHİZƏLƏRİNİ SAYTDA YERLƏŞDİRMƏYƏ HAZIRIQ.

Rəylər

1 Rəy

Həmid Həmidov

23-05-2023, 1 il əvvəl

Qaldırılmış problemlər əslində həllini gözləyən problemlərin bir qismidir. Alqı-satqı zamanı notariuslar tərəfindən vətəndaşın əmlak,torpaq vergi borcu barədə ən azı maarifləndirilməməsi, bir çox hallarda hakimlər tərəfindən bələdiyyə qərarları ilə bağlı qərəzli qərarların çıxarılması, DƏDRX-nə mülkiyyətlər barədə sorğulara səthi araşdırma cavablarının verilməsi və s, və s.

Cavabla

Rəy yaz

Oxşar xəbərlər