Lider xanımlar sırasında beş bələdiyyə sədrinin də adı var
BMT-nin İnkişaf Proqramının (BMTİP) maliyyə dəstəyi ilə
“Smart Qadınlar Smart İcmalar Yaradır” təşəbbüsü çərçivəsində Bakıda “Rəqəmsal
İqtisadiyyatda Qadın İştirakı” mövzusunda biznes forum keçirilib. Azərbaycan Kənd
Qadınları Assosiasiyası (AKQA) tərəfindən təşkil olunan forum Kənd Təsərrüfatı
Nazirliyinin təşkilati dəstəyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi,
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə baş tutub. Forumun
məqsədi sürətlə rəqəmsallaşan kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən
qadınların rəqəmsal bacarıqlarının artırılması, fermer qadınların elektron
ticarətə çıxışını sürətləndirmək üçün yeni imkanları müzakirə etməkdir.
Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı nazirinin
müavini İlhamə Qədimova bildirib ki, ölkəmizdə qadınların ən böyük məşğulluq
sahələrindən biri aqrar sektordur. Aqrar sahə bölgələrdə məşğulluğun təmin
olunmasında, o cümlədən qadınların gəlirlərinin formalaşmasında mühüm rol
oynayır. Son illərdə kənd təsərrüfatında rəqəmsallaşmanın səviyyəsinin
artdığını deyən İlhamə Qədimova rəqəmsal texnologiyalardan istifadənin bu
sektorda çalışan qadınların məşğulluq səviyyəsinə və gəlirlərinin
formalaşmasına əhəmiyyətli təsir göstərdiyini vurğulayıb. Azərbaycan hökuməti rəqəmsal
savadlılığın təşviqi, rəqəmsal alətlərə çıxışın təmin edilməsi və qadınların rəhbərlik
etdiyi kənd təsərrüfatı müəssisələrinin dəstəklənməsinə yönəlmiş bir sıra təşəbbüslərə
start verib. İlhamə Qədimova tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, rəqəmsal
alətlər və platformalar aqrar sahədə məhsuldarlığı artırmağa, təchizat zəncirinin
səmərəliliyini yaxşılaşdırmağa və fermerlərimizin yeni bazarlara çıxışına imkan
verir. Nazir müavini qadınları rəqəmsal iqtisadiyyatda fəal iştiraka və rəqəmsal
resursların yaratdığı çoxsaylı üstünlüklərdən faydalanmağa çağırıb.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri
Hicran Hüseynova, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva
ölkəmizdə qadınların sahibkarlıq fəaliyyətində iştirakının təmin edilməsi və
bacarıqlarının artırılması məqsədilə həyata keçirilən silsilə tədbirlərə
toxunublar. Qeyd olunub ki, qadınların rəhbərlik etdiyi müəssisə və təşkilatların
inkişaf etdirilməsi, qadınların iqtisadi həyatda iştirakının təmin edilməsi, kənd
yerlərində aqrar iqtisadi fəaliyyətlərin dəstəklənməsi mühüm əhəmiyyət kəsb
edir. Tədbirdə çıxış edən natiqlər ölkədə qadın sahibkarların fəaliyyəti, bu
istiqamətdə dəstək tədbirləri, əlverişli biznes mühiti və qadınların aqrar sahənin
inkişafına verdikləri töhfə barədə danışıblar.
Forumda regionlarda yaşayan, Azərbaycan Kənd Qadınları
Assosiasiyası tərəfindən 2022-ci ildən başlanan “Kənd Qadınlarının Rəqəmsal
Gücləndirilməsi” kampaniyasından faydalanan fermer və sahibkar qadınlar da
iştirak edib.
Tədbirdə kənd qadınlarının rəqəmsal bacarıqlarının
artırılmasına xidmət edən “Smart Qadınlar Smart İcmalar Yaradır” təşəbbüsü,
“Technest” Təqaüd Proqramında iştirak zamanı əldə olunan nəticələr təhlil
edilib, forum çərçivəsində təşkil olunan "Kənd Qadınlarının Rəqəmsal Gücləndirilməsi:
Çətinliklər, İmkanlar" panelində “Yonca” və “TapAgro” rəqəmsal aqrar
platformaları barədə iştirakçılara ətraflı məlumat verilib.
Forumda Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri
Gülbəniz Qənbərova tərəfindən qadın fermer və sahibkarların uğur hekayələri əsasında
hazırlanmış “Azərbaycanın Regionlarından 100 Qadın Lideri” kitabının təqdimatı
da keçirilib.
Qeyd
edək ki, lider qadınlar sırasında beş bələdiyyənin xanım sədrləri də var . Bu
sırada Goranboy rayonu Borsunlu bələdiyyəsi
sədri Manya Allahverdiyeva, Zaqatala rayonu
Kəpənəkçi bələdiyyəsinin sədri Xuraman Şabanova, İsmayıllı rayonu Kürdmaşı bələdiyyəsinin
sədri Tünzalə İsmayılova, Neftçala rayonu
Yuxarı Qaramanlı bələdiyyəsinin sədri Xanım Kərimova və Goranboy rayonu Faxralı bələdiyyəsinin
sədri Sevda Vəliyevanın adları var.
Tədbirin sonunda xanım iştirakçılara “Fəxri Fərman” və qiymətli hədiyyələr təqdim edilib.
Rəylər
1 Rəy
Tunzalə
16-07-2024, 5 ay əvvəl
Həqiqətən möhtəşəm bir konfrans idi.Qadinlarimiza göstərilən diqqət və qadınların gördükləri böyük işlər təqdirəlayiqdir.Basda Gülbəniz xanim olmaqla hər kəsə təşəkkür edirəm
Cavabla