Tərəkəmə yurdu folklor turizmi məkanında beynəlxalq festival keçirilib
Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, "Miras" mədəni irsin
öyrənilməsinə kömək ictimai birliyinin təşkilatçılığı ilə "Tərəkəmə Çərşənbəsi
beşinci beynəlxalq folklor festivalının keçirilməsi" layihəsi çərçivəsində
01-02 iyun tarixlərində Ağsu rayonu Gəgəli kəndi Tərəkəmə yurdu folklor turizmi
məkanında beynəlxalq festival keçirilib.
Festivalı
“Miras” mədəni irsin öyrənilməsinə kömək ictimai birliyinin idarə heyətinin sədri,
tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli açıb. Festivala qatılan yerli və
xarici qonaqları, kənd sakinlərini və turistləri salamlayıb. Əvvəlcə şəhidlərin
əziz xatirəsi sükutla yad olunub, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
“Miras” mədəni irsin öyrənilməsinə kömək ictimai birliyinin idarə heyətinin
üzvü, tarix elmləri doktoru, professor Şikar Qasımov, Azərbaycan Respublikası
Dövlət Turizm Agentliyi İsmayıllı Regional Turizm İdarəsinin rəisi Elnur
Hüseynov, Ağsu rayon İcra hakimiyyətinin şöbə müdiri Kənan Tacızadə, Ağsu
rayonu Gəgəli bələdiyyəsinin sədri Ülvi İsmayılzadə, Türkiyə Cümhuriyyəti Qars
bölgəsi tərəkəmələri adından Çətin Adıgözəl, İtaliya Respublikasından professor
Luici Skrinzi, Gürcüstan Respublikası Borçalı tərəkəmələri adından professor
Vüqar Əliyev açılış nitqi ilə çıxış ediblər.
Festivalın
açılış bədii hissəsində tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli festival
haqqında geniş məlumat verib. Festivalın yaranma tarixindən və gələcək
planlardan danışıb. "Alaca" milli geyimlərin təbliği müəssisəsinin
qurucusu, tarix üzrə fəlsəfə doktoru, dosent Gülzadə Abdulova milli geyimlərimiz
haqqında məruzə edib. "Alaca" milli geyimlərini geyinmiş Ağdam rayonu
“Nənə qızlar” ansamblının kollektivi maraqlı proqramla çıxış ediblər. Ağsu
rayonunu təmsil edən Aşıq Amil Bicolunun "Çoban yaylağı" peşrovu ilə
başlanan çıxışı maraqla qarşılanıb. Sonra Bakı şəhəri İbrahim Əbilov adına Mədəniyyət
Mərkəzinin “Oğuzlar” xalq folklor ansamblı, Qəbələ rayonu "Gülüstan"
folklor kollektivi, Sumqayıt şəhər mədəniyyət mərkəzinin “Veteranlar” xalq xoru
zəngin proqramla çıxış ediblər. Qars bölgəsində Azərbaycan musiqilərinin mahir
ifaçısı Çətin Adıgözəlin mahnıları festivala ayrı rəngarənglik gətirib.
Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyi İncəsənət və qeyri maddi-mədəni irs şöbəsinin
Qeyri maddi-mədəni irs sektorunun müdiri Nuriyyə Məmmədova və Starteji inkişaf
və layihələrin idarəedilməsi şöbəsinin strateji inkişaf sektorunun baş məsləhətçisi
Şəfiqə Rəhimova sərgi-yarmarka ilə tanış olublar və festivalın bədii hissəsini
izləyiblər. Nuriyyə Məmmədova festivalla bağlı təəssürat və düşüncələrini təşkilatçılarla
bölüşüb.
Şamaxılı
xanəndə Ruslan Adıgözəlovun təqdimatı ilə bədii hissə davam edib. Əvvəlcə
H.Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin direktoru Sabit Abdullayev
çıxış edib və məktəbin şagirdləri folklorla bağlı yerli bayatıları səsləndiriblər.
Sonra Qusar Mədəniyyət Mərkəzinin “Mel” xalq folklor kollektivi, Aşıq Rza
Qobustanlı adına Mədəniyyət evinin “Aşıqlar” xalq ansamblı, Saatlı Mədəniyyət Mərkəzinin
"Adıgün" Axısqa türk xalq folklor kollektivi maraqlı proqramla çıxış
edib. Zorxana ustası Xəyyam Orucov milli oyunlarımızı, o cümlədən zorxananı
nümayiş etdirib. Ağdaşlı kəndirbaz Məhəmməd Paşayevin ailə kollektivi kəndirbazlıq
nümunələri göstəriblər. Tonqal ətrafında oturma və musiqili proqramla festival
davam edib.
Səhər
tezdən bir qrup iştirakçı Tərəkəmə marafonuna qatılıb və yerli sakinlərin binəsinə
qədər uzun yol qət ediblər. Tərəkəmə obasında səhər yeməyindən sonra qrup
yabanı qızılgüllərin yetişdiyi yamacları keçərək Tərəkəmə yurduna qayıdıblar.
Marafon iştirakçıları sertifikatla mükafatladırılıblar.
İkinci
gün Şamaxılı xanəndə Ruslan Adıgözəlovun təqdimatı ilə bədii hissə davam edib.
Lahıc folklor qrupu, Tovuz rayonu “Misri” Aşıq ansamblı, Masallı Mədəniyyət Mərəkəzinin
“Halay” xalq folklor kollektivi, Salyan Mədəniyyət Mərkəzinin"Cəngi"
milli nəfəsli xalq kollektivi, Gəncə şəhəri “Xəmsə” nağara ansamblı maraqlı
proqramla çıxış edib. Göygöl şəhərindən Əhəd İsmayılov kamança, Qobustan
rayonundan Baxış Bünyatovun balaban ifası maraqla qarşılanıb. Şamaxılı Aşıq Rza
aşıq havalarını səsləndirib.
Festival
boyunca paralel fəaliyyətlər davam edib. "Çardaq" art platforması
üzvləri festivalda əsərlərini nümayiş etdirməklə yanaşı, kənd sakinləri və
qonaqlar üçün ustad dərsləri də keçiriblər. Sərgi-yarmarkaya Bakı, Gəncə, Qəbələ,
Ağdam, Bərdə, Füzuli, Ağdaş, Lahıc, Basqal, Gəgəli, Bico və digər yerlərdən gələn
sənətkarlar qoşulublar. Tərəkəmə alaçığında milli geyimlər nümayiş olunub.
Alpaqut Federasiyasının oxatma ustaları oxatma məşqləri keçiriblər. Qonaqlar kənd
evlərində yerləşib, yerli sakinlərlə ünsiyyət bağları qurublar. Festivalı
Türkiyə, İtaliya, Gürcüstan, Estoniya, İsrail, Əlcəzair və digər ölkələrdən
nümayəndələr izləyiblər.
Festivalın
yekun hissəsində “Miras” mədəni irsin öyrənilməsinə kömək ictimai birliyinin
idarə heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli festivala Bakı
şəhərindən, Qazax-Tovuz, Lənkəran-Astara, Şirvan-Salyan, Gəncə-Daşkəsən, Dağlıq
Şirvan, Quba-Xaçmaz, Mil-Muğan, Qarabağ, Mərkəzi Aran, Abşeron-Xızı bölgələrindən
folklor kollektivlərinə, yerli və xarici qonaqlara minnətdarlıq edib.
İştirakçılara ifaçı, təşkilatçı və iştirakçı sertifikatları verilib.
Festival
iştirakçıları festivalın sonunda Orta əsr Ağsu şəhəri Dövlət Tarix Mədəniyyət
Qoruğunu və rayonun digər tarixi abidələrini ziyarət ediblər.
Rəylər
0 Rəy