Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqının Şəki rayon komitəsinin hesabat-seçki konfransı keçirilib
Aprelin 19-da Şəki bələdiyyəsinin iclas zalında Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqının Şəki rayon komitəsinin hesabat-seçki konfransı keçirildi. Konfransın işində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilat işləri və məlumat şöbəsinin mütəxəssisi Elxan Şahverdiyev və Respublika Komitəsinin hüquq müfəttişi Məhəmməd Kərimov, Şəki şəhər bələdiyyəsinin sədri Mayis Allahverdiyev, ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri və fəalları iştirak etdilər.
Konfrans öz işini torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğurunda canlarından keçmiş vətən övladlarının əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başladı.
Konfransın gündəliyi və iş qaydası təsdiq edildikdən sonra Şəki rayon komitəsinin sədri Səyyarə Əliyeva 2017-ci ildən 2024-cü ilədək olan dövr üçün həmkarlar ittifaqı komitəsinin fəaliyyəti ilə bağlı hesabat məruzəsi ilə çıxış etdi. Təftiş komissiyasının sədri Şahid Tağıyev hesabat dövrü ilə bağlı ətraflı çıxış etdikdən sonra rayon komitəsinin fəaliyyəti və gördüyü işlərlə bağlı konfrans iştirakçıları müzakirələrdə iştirak etdilər. Zəngin təcrübəyə malik yaşlı həmkarlar ittifaqı üzvləri İslam Bəkirov, Kamil Məmmədov, Oktyabr Rəşidov gənc həmkarlar ittifaqı üzvlər Əliheydər Abdullayev və Səyyarə Musayeva çıxış etdilər.
Konfransda çıxış edən Respublika komitəsinin nümayəndəsi M. Kərimov Respublika Komitəsində görülən işlərdən danışdı. Sonra Azərbaycan Həmkarlar İttifaqıları Konfederasiyasının (AHİK) məsul işçisi Elxan Şahverdiyev çıxış edərək AHİK-in sədri, Millət vəkili Səttar Möhbalıyevin salamlarını tədbir iştirakçılarına çatdıraraq, görülən işlər, həyata keçiriləcək tədbirlər barəsində konfrans iştirakçılara geniş məlumat verərək yeni seçiləcək rayon komitəsinin sədrinə və həmkarlar ittifaqı üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzuladı. Tədbirdə çıxış edənlər komitənin hesabat dövrü ərzindəki fəaliyyətinin qənaətbəxş olduğunu vurğuladılar.
Konfransda Əliyeva Səyyarə Vəli qızı Şəki rayon Komitəsinin sədri və Musayeva Səyyarə Akif qızı ABİHİ-nin V Qurultayına nümayəndə seçildilər.