Rüşvətalmada ittiham olunan icra hakimiyyətinin vəzifəli şəxsi hakim qarşısına çıxarılır
Abşeron Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Mirqasım Mirişlinin külli miqdarda rüşvət alması faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq istintaq aparılıb.
Bu barədə Baş Prokurorluq Mətbuat Xidməti məlumat yayıb.
İbtidai istintaqla Mirqasım Mirişlinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işlərinin aparılması və icra hakimiyyəti orqanı tərəfindən tikintinin davam etdirilməsinə şərait yaradılması müqabilində ona müraciət etmiş vətəndaşdan külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış mötəbər sübutlar əsasında Mirqasım Mirişliyə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.3-cü (külli miqdarda rüşvətalma) maddələri ilə yekun ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, sözügedən qanun pozuntuları ilə bağlı M.Mirişlinin ötən ilin noyabr ayından Abşeron Rayon İcra Hakimiyyətindəki səlahiyyətləri dondurulub, istintaqın yekun nəticəsindən asılı olaraq onun barəsində tutduğu vəzifədən azad olunma və ya digər tədbirlər görüləcəkdir.
Könül Cəfərli
https://oxu.az/criminal/847858
Rəylər
0 Rəy