Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-05-2026 , 17:27

230

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Hansı səbəbdən ölkə bələdiyyələrinin 57 faizinin büdcə gəlirində azalmalar olub?


Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə üzrə 34 rayonda formalaşan 390 bələdiyyənin büdcə gəlirində mülkiyyətin özgəninkiləşdirilməsindən daxil olan vəsaitin həcmi kifayət qədər azalıb.  Bu isə o deməkdir ki, azalma ümumi bələdiyyələrin 57 faizinə təsir edib. Nəzərə alsaq ki, kənd rayonlarında formalaşan bələdiyyələrin inzibati ərazilərində olan əmlakın demək olar ki, 90 faizinin sənədi yoxdur, deməli kənd bələdiyyələrinin ümidi yalnız  bələdiyyə mülkiyyətinin özgəninkiləşdrilməsinə, icarə və istifadəsindən əldə ediləcək vəsaitə qalır.

Göründüyü kimi, bütünlükdə bu sahədən bələdiyyəyə normal maliyyənin daxil olması Əmlak Məsələləri Dövlət Xidmətinin bələdiyyələrə göstərdiyi “diqqətdən” asılı olur. Əgər 57 faiz bələdiyyənin büdcə gəlirlərində azalma varsa, artıq bu diqqətin hansı səviyyədə olması göz önündədir.

Bu gün Adminstrasiyanın müvafiq sektorunun təşkilatçılığı, Ədliyyə Nazirliyinin müvafiq qurumlarının ciddi səyi, o cümlədən ABMA və Bələdiyyələrin Rəqəmsallaşma və İnnovasiya Mərkəzinin iştirakı ilə son bir neçə ildə bələdiyyələrin maliyyə gəlirlərinin artması üçün ciddi layihələr icra etməsi bələdiyyələrdə yerli vergilərin yığım səviyyəsində kifayət qədər artım müşahidə olunmaqdadır. Maraqlıdır, bəs onda niyə bu qədər əziyyətin və zəhmətin qarşılığında ölkə bələdiyyələrin ümumi büdcə gəlirlərində ciddi artım müşahidə olunmur?

Xatırladım ki, 2025-ci ildə ölkə bələdiyyələrinin ümumi büdcə gəlirləri 2024- cü illə müqayisədə cəmi 5.2 faiz artıb. 

Bəs bu prosesdə əsas günüh sahibi kimdir? Müşahidələr göstərir ki, Əmlak Məsələləri Dövlət Xidməti bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi ilə bağlı  tutduğu mövqe heç bir məntiqə sığmır. Ölkədə formalaşdırılan 685 bələdiyyənin 57 faizi ƏMDX ilə yaratdığı problemlə üz-üzə qalıb. Reallıqda isə paytaxtda formalaşan 45 bələdiyyəni çıxsaq, yerdə qalan 640 bələdiyyənin hər biri bu və digər halda ƏMDX yaratdığı problemlərlə üz-üzə qalmaqdadır.

Bir tərəfdən dürüstləşdirmə, digər tərəfdən qiymətləndirmənin "əndrabadi" şəkildə tələb kimi qoyulması, başqa bir tərəfdən ƏMDX-nin regional qurumları arasında əlaqənləndirmənin olmaması, qısası onlara hər hansı bir səlahiyyətin belə verilməməsi, üstəlik bunlara rəğmən bələdiyyələrə göstərilən xidmət tariflərinin son illərdə dəfələrlə artırılması tək bələdiyyələri deyil, həm də  vətəndaşları narahat etməkdədir.

Vətəndaş  “on sotluq “topaq sahəsini əldə edincə 18 dəfə bələdiyyəyə gəlirsə, 28 dəfə ƏMDX-nin qaynar xəttinə zəng edirsə, budurmu xidmətin vətəndaş məmnunluğunun təmin etməsi. ƏMDX rəsmiləri göstərdikləri xidmət səviyyəsinə kənardan baxıb öz fəaliyyətlərinə, maraqlıdır, necə qiymət verir.

Bu arada qeyd edim ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovla  şəxsən tanışlığım olmasa  da, bütün hallarda vergi sistemində və hazırda çalışdığı nazirlikdə dövlətinə sədaqətlə xidmət etməsi, hər zaman yeniliyə can atması ilə diqqətimi çəkib. Etiraf edim ki, cənab nazir adının oliqarx nazirlər sırasında olmaması ilə, hər hansı obyektin onun adına yazılmaması ilə, cəmiyyətdə fəaliyyəti ilə hər zaman özünə rəğbət qazanması ilə seçilib.

Ancaq təəsüf hissi ilə qeyd etməliyəm ki, cənab nazirin vergi xidmətində yaratdığı sistemi və şəffaflığı Əmlak Məsələləri Dövlət xidmətində hələ də yaratmaması və yaxud yarada bilməməsi təəssuf hissi doğurur.

Nəzərə alaq ki, bu gün bir milyona yaxın əmlak sahibi sənədsiz əmlakın amnistiyasını səbrsizliklə gözləməkdədir.  Və bu əmlakların 80 faizədək hissəsinin sənədləşdirilməsi mümkündür.  Təsəvvür edin ki, həmin sənədsiz əmlakın sənədləşdirilməsi həm dövlət büdcəsinə, həm də bələdiyyə büdcəsinə kifayət qədər vəsaitin daxil olmasına səbəb ola bilər. Yaxşı, biz bu vəsaitin daxil olmasına niyə şərait yaratmırıq?  Əksinə həm vətəndaşa, həm də bələdiyyəyə problem yaradırıq. Budurmu cənab Prezidentin  məmurlardan tələb etdiyi vətəndaş məmnunluğunun təmin edilməsi?

Nə isə... Düşünməyə dəyər…

Vüqar Tofiqli

 

Rəylər

0 Rəy


Rəy yaz