Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-07-2023 , 19:10

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Elmi-Praktik Məsələlər
- +

Bələdiyyələrə xidmət mərkəzinin yaradılmasında məqsəd ölkəmizdə demokratiyanın inkişafına töhfə verməkdir

Bələdiyyələr 23 ildirki fəaliyyət göstərir. Bu illər ərzində yerli özünüidarəetmə orqanlarının  işini təşkil edən bələdiyyə üzvləri və işçilərinin fəaliyyəti cəmiyyətimiz tərəfindən qədərincə qəbul olunmur, bəyənilmir, habelə bələdiyyələrin vətəndaşlara yerli məsələlərin həlli ilə bağlı həyata keçirdikləri işlər kifayət qədər qiymətləndirilmir. Söz yox ki, az da olsa işini lazımı səviyyədə təşkil edən bələdiyyələr var. Amma bunlar azlıq təşkil edir.

Ölkəmizdə bələdiyyələrin yaradıcısı Ulu öndər Heydər Əliyev çıxışlarının birində qeyd edirdi ki, yerli özünüidarəetmə orqanlarının yaradılması “Azərbaycanda gedən demokratiya” prosesinin böyük bir hissəsi, böyük bir qoludur. Ulu öndər yerli özünüidarəetmənin yaradılmasını demokratik, hüquqi dövlət, dünyəvi dövlət qurmaq prosesinin bir hissəsi, bir sahəsi kimi hesab edirdi.  Tam müstəqil orqan olaraq demokratiyanın inkişafında əhəmiyyətli olaraq vətəndaşlara imkanların yaradılmasının göstəricisi kimi qeyd etmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyev qeyd edir ki, hər bir orqanın nümayəndələri, o cümlədən bələdiyyələrdə nəinki vətəndaşlara imkan yaradılmalı, onlar vətəndaşları xidmətləri, fəaliyyətləri ilə bağlı məmnun etməlidirlər.

Hesab edirəm ki, bələdiyyələrdə vətəndaş məmnunluğunun təmin edilməsi ölkəmizdə demokratiyanın inkişafına, dövlətimizin gücünün artmasına böyük təkandır.

Hər gün bələdiyyələrin fəaliyyətinin bu mənada artmasına vətəndaşlarla bələdiyyələr arasında münasibətlərin daima uyğun şəkildə qurularaq inkişaf etməsinə böyük ehtiyac vardır. Bələdiyyələr tərəfindən vətəndaşların məmnun qalması üçün bir çox obyektiv və subyektiv maneəçilik törədən səbəblər vardır.

Bizim təsis etdiyimiz xidmətin yaradılmasının səbəbi mövcud olan problemlərin aradan qaldırılmasının vacibliyi və bu istiqamətdə bələdiyyələrlə daim müvafiq köməkliyin göstərilməsindən ibarətdir.

Bələdiyyələr yaranandan sonra onlara maarifləndirmə, hüquqi yardım etmək, fəaliyyətlərinə inzibati nəzarət etmək üçün dövlətimiz tərəfindən müvafiq qurumlar yaradılmışdır. Bununla yanaşı hər ildə dövlət büdcəsindən onların büdcə imkanlarının artırılması, müəyyən daxili problemlərinin həlli üçün maliyyə yardımları edilir.

Aparılan müşahidələr, təhlil və statistik göstəricilər söyləməyə əsas verir ki, bu tədbirlər bələdiyyələrin işini tələb olunan, arzu olunan səviyyədə qurulmasına, vətəndaş məmnunluğunun təmin edilməsinə kifayət etmir. Səbəblər çoxdur. Sadalasam çox çəkər, amma onu demək kifayətdir ki, bu gün bələdiyyələrin maarifləndirilməsinə, onların düzgün qərarlar qəbul etmələrinə, qəbul olunan qərarların icrasına törədilən maneələrin aradan qaldırılmasına ciddi şəkildə ehtyac var. Əlavə edim ki, bələdiyyə qərarlarının müvafiq orqanlar tərəfindən icrası, bələdiyyələrə aid hüquq sənədlərin qısa müddətdə sadələşdirilməklə verilməsi çox vacib məsələdir. Hesab edirəm ki, aidiyyatı orqanların süründürməçiliyinə  son qoyulması bu qurumlarda yaranan narazılığı azaltmış olacaqdır.

Bu gün əlimizdə bələdiyyələrin qəbul etdikləri qərarların xeyli sayda ləğv olunması barədə statistik məlumatlar vardır. İldən ilə bu göstərici azalmaq bilmir. Bu nə deməkdir? Deməli bələdiyyələr hələ də qərar qəbul olunmasında problemlər yaşayırlar. Odur ki, onlara bu istiqamətdə metodiki tövsiyələr, metodoloji yardım və digər köməkliklər  etmək lazımdır.

Mən ümumən qısa şəkildə bəzi problemlərə toxundum, amma bilməliyik ki, həllini gözləyən  zəruri olan məsələlər vardır ki, biz onların həllində bələdiyyə qurumlarına kömək göstərmək niyyətindəyik. Bələdiyyələrin yerlərdə işləri yaxşı təşkil olunsa, onda dövlətin yerdə dayağı möhkəmlənmiş olar.

Mərkəzi hakimiyyətlə yerli özünüidarəetmənin qarşılıqlı fəaliyyəti, strukturların qarşılıqlı fəaliyyətinin nəzəri və siyasi hüquqi aspektlərini dövlət və cəmiyyət, hüquqi dövlət və vətəndaş cəmiyyəti baxımından elmi təhlili və öyrənilməsi bu gün xüsusi əhəmiyyət kəsb edir. Yerli özünüidarəetmə mexanizmlərinin öyrənilməsi yalnız elmi-praktiki deyil, həm də siyasi əhəmiyyətə malikdir. Bu baxımdan bələdiyyələrin fəaliyyətlərinin nəticələrinin nəzəri baxımdan nümunəvi həddə çatdırılması, problemlərin aşkara çıxarılaraq ətraflı təhlil edilməsi və aradan qaldırılması yollarının müəyyənləşdirilməsi ilə bağlı tədqiqatların aparılması əhəmiyyətli məsələdir. Bu mənada Bələdiyyələrə Xidmət Mərkəzinin yanında Elmi-məsləhət Şurası yaratmışıq. Bununla yanaşı şuraya bələdiyyə sahəsində elmi dərəcələri və bələdiyyəçilik təcrübəsi olan şəxsləri, ekspertləri və digər mütəxəssisləri dəvət etmişik.

Hesab edirəm ki, Şuraya onun fəaliyyəti zamanı digər ölkələrin də tanınmış mütəxəssislərini dəvət etməyimiz mərkəzin ümumi fəaliyyətinə təkan vermiş olacaqdır. Gələcəkdə həmçinin beynəlxalq əlaqələrin, xüsusən də Türk Dünyası Bələdiyyələr Birliyi və digər ölkələrin bu kimi qurumlarıyla, habelə bu sahədə çalışan tədqiqatçılarla  əlaqələr qurmaq niyyətimiz vardır.

Mehman Vəliyev

Bələdiyyələrə Xidmət Mərkəzinin direktoru

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

105 yaşlı Ədliyyə tarixi

Elmi-Praktik Məsələlər
20-11-2023

Yerli büdcənin tərtibi

Elmi-Praktik Məsələlər
10-10-2023

44 günlük zəfər tarixinin başlanğıcı 

Elmi-Praktik Məsələlər
26-09-2023